Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb

Rəsulluların tarixindən
Tanınmış şair, tədqiqatçı, araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. Məşhur Rəsullular nəslinin tarixindən bəhs edən kitabın ərsəyə gəlməsi prosesi barədə Araz Yaquboğlu belə deyir:
“Uzun illərdi üzərində işlədiyim, tədqiqatlar apararaq Rəsulluların tarixindən, dünənindən, bugünündən bəhs edən “Soyumuz, kökümüz, özümüz” adlı irihəcimli ensiklopedik bir kitabım “Elm və təhsil” nəşriyyatında çap olundu.
Kitabda nəslimizin tarixi qəhrəmanları olan Məşədi Qasım və onun əmisi Hacı Balının hələ 1919-cu ildə Azərbaycan hökumətinin baş naziri adına vurduqları teleqramlar, xahişnamələr, ərizələr öz əksini tapmışdır. Bu tarixi sənədlər hətta 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin müxtəlif nömrələrində də çap olunmuşdur.
Tarixin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsinə nəslimizdən 15 nəfər səfərbər edilmişdir. Onlardan 6-sı müharibə zamanı həlak olmuş, 9-u isə veteran kimi doğulduqları vətənə qayıtmışlar. Sonrakı illərdə cəlb edildiyimiz Birinci və İkinci Qarabağ müharibəsində də Rəsullunun gəncləri silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizə apardılar. Ümumilikdə 28 nəfər Qarabağ müharibəsinə getmiş onlardan 5-i şəhid olmuşdur. Nəslimizin ilk şəhidi Abbas Qasımov, kəndimizin ilk şəhidi isə Yasif Kərimov olmuşdur. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə də bizim Rəsullular nəslindəndir.
Rəsullular nəsli dəfələrlə doğulduqları kənddən deportasiya olunmuşdur. 1919-cu ildə 10 ailədən ibarət 47 nəfər, 1953-cü ildə 18 ailədən ibarət 88 nəfər, 1988-ci ildə isə 5 ailədən ibarət 32 nəfər deportasiya edilmişdir.
Bütün bu sadaladıqlarım kitabda çox geniş şəkildə öz əksini tapmışdır.
Kitabda ümumilikdə 200-ə qədər şəxs haqqında bioqrafik məlumat verilmiş, 250-dən çox fotoşəkil çap edilmişdir. O cümlədən bu şəxslərdən 1-i general, 9-u rəhbər işçi, 3-ü alim, 21-i müəllim, 8-i din xadimi, 2-si Qəhrəman ana, 7-si uzunömürlü, 43-ü müharibə iştirakçısı, 13-ü şair və 100-ə qədəri isə digər peşə sahibləridir.
408 səhifəlik kitabın əsas özəyini nəsil şəcərəsi təşkil edir. 75 səhifədən ibarət olan şəcərə təxminən 1838-ci ildən günümüzə qədər olan tarixi əhatə edir. İnanıram ki, bu istiqamətdə olan araşdırmalarımı davam etdirərək bu tarixdən öncəyə aid olan sənədləri də əldə edə biləcəm.”
“Yazarlar” olaraq, Araz Yaquboğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


