Weather Data Source: havadurumuuzun.com

Professor Cahangir Məmmədlinin doğum günüdür

Varlığı ilə elinə və elminə bağlı ömür

Görkəmli alim Qulu Xəlilov yazırdı ki, “Adam var, gözlərini açandan varlığına Vətənə, xalqa xidmət kimi müqəddəs bir hiss hopur. Bu hiss getdikcə alova çevrilir”. Alimin söylədiyi fikirlər bütöv bir taleyə, daha dəqiq həyat fəlsəfəsinə bağlıdır. Düşünürəm ki, bu hiss nə təsadüfün nəticəsi deyil, nə də sonradan qazanılan bir keyfiyyətdir. Burada genetik faktorların, nəsildən-nəslə ötürülən mənəvi irsin rolu danılmazdır. Yəni, insanın varlığı əvvəldən Vətənə, xalqa xidmət ideyası ilə yoğrulur. Qulu Xəlilovun qeyd etdiyi kimi, bu hiss zamanla daha aydın forma alaraq sönməz bir məşələ bənzəyir. İnsanın daxilində alışan alov yalnız onun öz yolunu işıqlandırmır, həm də ətrafa nur saçır. Məhz belə insanların sayəsində cəmiyyət yaşayır, milli və mənəvi dəyərlər qorunur.

Müasir və müstəqil Azərbaycanın jurnalistika elmində, ana dilimizin inkişafında, azərbaycançılıq düşüncəsinin formalaşmasında, ictimai elmlərin tərəqqisində çəkisi və nüfuzu olan professor Cahangir Məmmədli məhz bu mənəvi missiyanı ömrünün mənasına çevirmiş ziyalılardandır. O, bütün şüurlu və mənalı ömrünü Bakı Dövlət Universiteti ilə bağlamış, dəyərləri qorumağı şəxsi mövqedən çox, mənəvi borc kimi qəbul etmişdir. Akademik Vasim Məmmədəliyevin təbirincə desək, “Cahangir Məmmədli hər şeydən əvvəl bir universitet müəllimidir. O, adi müəllimlərdən deyil”. Vasim Məmmədəliyevin də qeyd etdiyi kimi, “çünki Cahangir müəllim təmizliyə, universitet ruhuna, dövlətçilik prinsiplərinə sədaqətlidir”. Bəlkə də çox az insan tapılar ki, bütün həyatını bir xətt üzrə — elmə, pedaqoji fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsinə həsr etsin. Şübhəsiz, yuxarıda da qeyd etdiyimiz kimi, bu yol təsadüfən seçilmir. Müəllimimizin həyat yolunun başlanğıc çağlarında — məktəbli və tələbəlik illərində belə eyni düşüncə xətti, eyni dəyərlər sistemi ilə hərəkət etməsi bunun bariz sübutudur. Əlbəttə, sistem qarşılıqlı şəkildə işləyirdi: insan dəyərlərə sədaqətli qalır, sistem də öz növbəsində insanı qoruyurdu. Bu vəhdət professor Cahangir Məmmədlinin təbiəti ilə tam həmahəng idi. Sakit, iddiasız, özünü önə çıxarmaqdansa bir addım kənarda dayanmağı üstün tutan bütöv bir xarakter… Elə buna görə də o, səs-küydən uzaq, ağırtaxtalı şəxsiyyət kimi tanınır.

Bu mənəvi bütövlükdə torpaq amili də xüsusi yer tutur. Böyük ədibimiz Mirzə Cəlil doğulduğu torpağı “Müqəddəs Vətənim” adlandırması kimi, Ustad müəllimimiz də Novruzlunu özünün “Mikro Vətəni” sayaraq həmişə qürurla dilə gətirir. Çünki torpaq insana yalnız fiziki məkan deyil, mənəvi dayaqdır. İnsanın kökü torpaq olduğu kimi, torpağın da kökü insandır. Kök təkcə keçmişlə bağ da deyil, həm də gələcəkdir, sabahdır. Bu gün azadlığına qovuşan torpaqlarımız üzərində açılan sabahlar da məhz bu kök üzərində boy atır. Kökü olan insan ən sərt küləklər qarşısında belə sınmır, ayaqda qalmağı bacarır. Bu bağlılıq Vətən sevgisi ilə yanaşı, Vətən qarşısında məsuliyyət və and deməkdir. Bu mənəvi xətt həm də Ağdamı quran, yaradan ziyalı nəslindən, Ustad müəllimimizin özünə müəllim bildiyi Zeynal Məmmədli ocağından qaynaqlanır. Yaddaşla vicdanın kəsişdiyi, böyük söz və fikir adamlarının cəm olduğu, sadəlik və səmimiyyətin hökm sürdüyü bu ocaqda müəllim adı ən ali məqamda pərvəriş tapıb.

Amerikalı yazıçı Çarlz Bukovski deyirdi ki, “Sadəlik dərin bir həqiqətdir.” Doğrudan da sadəlik yalnız zahiri davranış deyil, daxili bütövlüyün ifadəsidir. Çəmənzəminlinin sevgini insan təbiətinin son təzahürü adlandırdığı kimi, həqiqəti dilə gətirmək, halalzadəlik də sadəliyin ən ali formasıdır. Görkəmli pedaqoq Ə.Dəmirçizadənin hər zaman fəxrlə “Professor Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Abdulla Şaiqin tələbəsi olmuşam” deməsi bu mənəvi sadəliyin parlaq nümunəsidir. Professor Cahangir Məmmədlinin qəlbində və dilində də öz müəllimləri — Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundov və digərləri hər zaman dərin ehtiramla yad edilir. Onların ruhu müqəddəs bir miras kimi yaşadılır. Bu mənəvi zənginlik Ustad müəllimimizin tələbələrinin də qəlbində kök salır, onların dünyagörüşünə, düşüncə tərzinə və davranışına müsbət təsir göstərir. Beləcə müəllimə hörmət, elmə sədaqət, insani dəyərlərə bağlılıq bu yolun əsas mənəvi mayasına çevrilir.

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top