Weather Data Source: havadurumuuzun.com

TƏRLAN XANIM MUSAYEVAYA DOĞUM GÜNÜ TƏBRİKİ

TƏRLAN XANIM MUSAYEVAYA DOĞUM GÜNÜ TƏBRİKİ

Şöhrətin cəlbedici şirinliyinə uymayıb, maddiyyat onunçün önəmli olmayıb, heç vaxt varlı olmaq barədə düşünməyib, çalışıb, çarpışıb, maddi sıxıntılar onu sındıra bilməyib, əksinə, polad kimi bərkidib, möhkəmləndirib. Gənc yaşlarından şöhrətin zirvəsinə qalxsa da, tamahın cilovunu əlində möhkəm saxlayıb, lazımi anda özünə “dayan, dur!” əmri verməyi bacarıb. Belə insanların süfrəsindəki bir loxmanın bərəkətini və ləzzətini tamahına qalib gələ bilməyənlər çətin anlayar. Tərlan xanımın evi həmişə qonaq-qaralı olub, Azərbaycanın ən məşhur adamları onun halal süfrəsinin təamlarından dadıb.
Keçmişi ilə qürur duyub. Çətinliklər, maddi sıxıntılar onu bərkidib. Nənəsinin, anasının zəhmətini heç vaxt unutmur, unutmayacaq da. Çünki unutqan deyil, qədirbiləndi. Çətinliklər görə-görə gələn, onu ləyaqətli böyüdənlərin dərdlərini uğurları ilə unutdurub, onlara yaşamaq gücü verib.
Uğuru, qələbəni vicdanla çalışmaqda, ləyaqətlə yaşamaqda görüb. Geoloq-şair Oqtay Rzanın bu misraları onun həyat devizidir desək, yanılmarıq:

Həyat təzad meydanıdır –
Dolayları çətin, asan…
Qüdrətinlə zirvəyə qalx!
Zəhmətinlə uğur qazan

O, Tərlan Musayevadır. XX yüzilliyin 70-80-ci illərinin gerçək əfsanəvi əmək qəhrəmanı, Azərbaycan ədəbiyyatının, jurnalistikasının ədəbi qəhrəmanı.

Ailə Tərlan xanım üçün ən müqəddəs ocaqdır. Atasız qalıb nənəsinin nəfəsi və himayəsi ilə böyüyən Tərlan xanımın ailəyə belə yüksək önəm verməsi təsadüfi deyil. Tək, qardaş-bacısız böyüyən insanlar isti münasibətlərə, nəvazişə həsrət qalırlar. Düzdür, nənəsinin nəvazişi, sığalı, mərhəməti həmişə onunla olub, o isti münasibətlərlə böyüyüb, ancaq bacı-qardaş sevgisi görməyib. Ona görə də böyük ailə arzusu ilə yaşayıb və bu da ona qismət olub:
“Mənim uşaqlıqda bütöv və böyük bir ailəm olmayıb. Böyük ailələrə həmişə qibtə etmişəm. 1984-cü ildə Fəxrəddin bəylə ailə həyatı qurdum. Düz 40 ildir ki, həyat yolunda birgə addimlayırıq. Bu yolları addimlamaq bizim üçün heç də asan olmayıb. Sevincli günlərlə bərabər, çətinliyimiz də çox olub. Yıxılmışıq, durmuşuq. Amma bir-birimizin əllərini boşdamamışıq. Birlikdə gülüb, birlikdə kədərlənmişik. Bir-birimizə arxa-dayaq olmuşuq. Bir çox ailələr kimi biz valideyn, qohum-əqrəba köməyi, arxası görməmişik. Çətin vaxtlarda çıxış yolunu özümüz axtarıb tapmışıq. Əksər ailələrdəki söz-söhbətlər bizim ailədə də olub. Ailədaxili söhbətləri biz başqalarına bildirməmişik. Özümüz bir-birimizdən küsüb, barışmışıq. Bu illər ərzində bəzən bəzi fikirlərimiz üst-üstə düşməyib, hər ailədə fikir ayrılıqları olur. Amma yekunda eyni qərar qəbul etmişik. Ailəmizin bütövlüyü naminə bir-birimizə güzəştə getmişik. Üç övladımızın gələcək xoşbəxt həyatları naminə ailəmizi qorumuşuq. Bu gün həyatımızdan çox razıyam. Püxtələşmiş, ahıllaşmış bu dovrümüzdə fikirləşirəm ki, nə yaxşı bir-birimizə rast gəlmişik. Allahımdan çox razı bir insan kimi sevinirəm ki, mənim belə ailəm var. Bir-birimizi başa düşürük. Övladlarımız bizə hörmət, qayğı göstərirlər, qarşılıqlı anlaşma əslində ailənin hüzurudur. Ailəm mənim üçün hər şeydi. Mən ailəmi qoruyub saxlamaq üçün çox şeyə güzəşt etmişəm. Gənc ailələrə də məsləhətim budur ki, birinçi növbədə ailədə bir-birilərinə güzəşt etsinlər, bir-birini sevsinlər, bir-birini aldatmasınlar, bir-birinə sədaqətli olsunlar. Onda ailə dağılmaz, sarsılmaz qalaya bənzər. Belə ailələrdə xoşbəxtlik hakim olar.
Bir həyat yoldaşı, ana, nənə, dünyanın gərdişindən narahat Azərbaycan xanımı kimi arzum bütün ailələrin xoşbəxt olmasıdır”.
Fəxrəddin müəllimlə ilk tanışlığımda onun alicənablığını, qayğıkeşliyini, təvəzökarlığını, həmsöhbətinə diqqətini görəndə mənə elə gəldi ki, neçə-neçə illərin dostuyuq. Doqquz il Bərdə kimi nəhəng kənd təsərüfatı rayonunun icra başçısının müavini işləyən insanın sadəliyi əksər nəinki böyük, hətta kiçik vəzifə sahiblərinə nümunə olarsa, əbəttə, Vətənimiz daha qüdrətli olar, insanları da firavan. Sadəlik insanın mənəvi gözəlliyidi.
Sosial şəbəkələrin birində Tərlan xanımın Fəxrəddin müəllimi və həm də özünü təbrikinə rast gəldim. Duyğuluydu. İnandım ki, Tərlan xanım əmək fəaliyyətinin hansı sahəsini seçsəydi – həkim, müəllim, elm adamı, musiqiçi, rəssam olsaydı, yenə də uğur, şöhrət qazanardı – lap, şair, yazıçı olsaydı belə. Mən də Tərlan xanımın təbrikinə qoşuldum:
“7 noyabr, 1984-cü il. 40 il. Bu günü səninlə bir yola cıxdıq. Bu yol bu müddətdə bizim üçün heç də asan olmayıb. Enişli, yoxuşlu, hamar, daşlı-kəsəkli bu yolu birgə addımladıq. Asan getdiyimiz yolun çətin yerində bir-birimizin əlindən tutduq, bir-birimizə dayaq olduq. Usanmadıq, yorulmadıq. Sən mənə həmişə arxa oldun, sipər oldun. Bu 40 ili bir yerdəyiksə, həyatımdan narazı deyiləm. Ömrümün sonuna qədər səninlə addımlamaq mənə qürur verir, güc verir. Sən mənim üç qiz övladımın atasısan, nəvələrimizin babasısan. Evimin bir kişisi kimi baş tacımsan. Allahımdan bir arzum var ki, həyatımız bir ömür boyu birlikdə olsun”.
Qədirbilənliyin, ali dəyərin, sədaqətin, ömürdaşlığın zirvəsidir bu təbrik.
Tərlan xanım qədirbilən insandı. Nənəsi ilə bərabər ömür-gün yoldaşına da minnətdarlığını tez-tez dilə gətirir. Ailənin təməli qarşılığlı sevgi, hörmət, anlaşma üzərində bərqərar olduğunu vurğulayır. Onu gənclik illərindən respublikamızda demək olar ki, uşaqdan böyüyə qədər hamı tanıyırdı. Həyat yoldaşı da onu tanıyıb ailə həyatı qurub. Üç övlad, nəvələr bu gün ona Tanrının verdiyi ən qiymətli, şirin bəxşişdir:

22 yanvar Tərlan xanımın dünyaya gəldiyi gündür. Ömrünün müdriklik çağını yaşayan Tərlan xanıma sağlam, uzun, sevincli günlər arzulayıram.

Hörmətlə:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

TƏRLAN MUSAYEVA HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Top