Weather Data Source: havadurumuuzun.com

Unudulmaz Dadaş kişi

Unudulmaz Dadaş kişi

Artıq 40 günə yaxındır ki, daha bir el ağsaqqalı aramızdan gedib. Sanki dünyamızın bir tərəfi boş qalıb. Çünki o, el-oba arasında, qonum-qonşu yanında yeri görünənlərdən idi. Söhbət Yardımlı rayonunun Alçabulaq kəndindən olan Dadaş Musa oğlu Mənsimovdan gedir.2025-ci il dekabrin 10-da, uzun sürən xəstəlikdən sonra haqqa qovuşub.
Onunla ilk dəfə 2001-ci il noyabr ayının 14-də Sumqayıtda görüşmüşəm. Mənim bacım qızı Könüllə onun bacısı oğlu Aftilin toyunda. Ucaboylu, səliqə-sahmanlı biri idi. Mikrofonu götürüb ağsaqqal kimi çıxış edərək bəy-gəlinə müdrikanə xeyir-dua verməsindən necə bir ağırtaxta kişi olduğunu görüb duymuşam. Sonrakı yaxınlıqlar zənnimdə zərrəcə yanılmadığımı göstərib.
…Adının mənası: “Dadaş” sözü böyük qardaş”, “mərd”, “cəsur”, “igid” mənalarını verir. Dürüstlük, sözə bağlılıq, qorxmazlıq və yardımsevərlik kimi xüsusiyyətləri ifadə edən bu xitab kişi adı olaraq xüsusi isim səviyyəsinə qalxıb. Elə uzun illər Yardımlıda hərbi komissarın müavini, Sumqayıtda yataqxanalar birliyinin rəisi olmuş rəhmətlik atası Musa kişi ona bu adı qoyanda həmin məziyyətlərin sahibi olmasını arzu edib. Beləliklə, 1940-cı ildə doğulan, 2025-ci ildə 85 yaşında dünyasını dəyişən Dadaş kişi adının önəmini azaltmayıb, əksinə artıra bilib.
…Soyadının mənası: “Mənsim”in sırf ayrıca anlamı olmasa da, məsum, yəni günahsız, təmiz, heç bir qəbahəti olmayan mənasını verən sözün dəyişmiş ifadəsində kimlik bildirir. Dadaş kişi öz adına olduğu kimi, soyadına da uyğun həyat mövqeyi ilə tanınıb. Zahirən də məsum çöhrəli idi.
Ümumtəhsil məktəbini doğma Alçabulaq kəndində bitirən Dadaş Mənsimov əvvəlcə texnikumda mühasiblik peşəsinə yiyələnib. Bir müddət Sumqayıtda çalışdıqdan, ovaxtkı Xalq təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib diplom aldıqdan sonra Yardımlıya qayıdıb. Kolxoz və sovxozlarda baş mühasiblik edib, rayon partiya komitəsi (indiki icra hakimiyyəti) hüquq şöbəsinin müdiri, sovxoz direktoru, şərab zavodunun, aqrar-sənaye birliyinin baş direktoru olub. Sonuncu iş yeri – ƏƏSMN-nin rayon Məşğulluq İdarəsinin direktorluğundan təqaüdə çıxıb. Təltifləri, mükafatları da çox olub.
…Xarakterinin mayası.Əsas odur ki, harada və hansı vəzifədə çalışmağından asılı olmayaraq, Dadaş Mənsimov etimadı doğruldub, hörmət-izzət qazanıb. Elə vəfatı barədə xəbəri eşidənlərin təsirlənməsindən də göründü ki, Dadaş kişi elin kisəsindən gedənlərdəndir.
XVII əsr ispan mütəfəkkiri Baltasar Qrasia “Kamillil elmi” adlı məşhur fəlsəfi traktatında yazırdı: “Cahilin bədbəxtliyi ondadır ki, o, həyat amalını, məşğuliyyətini, doğma diyarda, dostlar arasında yerini seçməkdə səhv edir”. Bu baxımdan Dadaş kişi kamillik göstərib və Yardımlıda, el-oba arasında çalışmağı üstün tutub. Bəsirətli, həssas, lütfkar, xoş məramlı şəxsiyyət kimi ürəklərdə taxt-tac qura bilib.
Dadaş kişi ziyalılar ailəsinin başçısıdır. Böyük oğlu Qurban Mənsimov Yardımlıda Sırıq inzibati ərazi dairəsi üzrə icra nümayəndəsidir. Şahin Mənsimov Sumqayıtın tanınmış stomatoloqlarındandır. Uzun müddət Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində baş həkim olub. İndi də sevimli peşəsində çalışır.
Bacısı Qönçə xanımın Yardımlıda dəfn mərasimindən Sumqayıta qayıdandan sonra ona başsağlığı verməyə gedən qohum-əqrabaya dediyinə görə, yas məclisinə rayon rəhbərliyi, geniş ictimaiyyət nümayəndələri, eşidən-bilən hər kəs gəlmişdi. Şahingil onu haqq dünyasına layiq olduğu səviyyədə, necə deyərlər, böyük urvatla uğurlayıblar…
…Sonluq əvəzi.Onun xətir-hörməti Yardımlıdan üzübelə – Masallı, Cəlilabad, Salyan, Bakı, Sumqayıt coğrafiyasını əhatə edirdi. Masallıdan olan qələmdaşlarımdan gətirdiyim aşağıdakı sitatlar, məncə, yerinə düşər:
Tələbə yoldaşım, yazıçı-publisist Nurəddin Ədiloğlu yazır ki, gedənin arxasında yarımçıq qalan sözlər, yazılmamış sətirlər, deyilməmiş xatirələr qalır. Elə insanlar var ki, cismani olaraq bu dünyadan köçsələr də, yoxluqları ilə daha çox görünürlər. Onlar yaşadıqları ömrün mənası, əməllərinin izi, dost yaddaşında qoyduqları səs-küy qədər ölümsüz olurlar.Dadaş kişi də elələrindəndir.
Digər qələm dostum Nurməmməd Ağa isə yazır:
Varlığın yaşayır yoxluğunda da,
Səni həsrət ilə anır dostların.
Ölüm haqq olsa da… Gerçək olsa da,
Sənin ölümünə yanır dostların.
Mənsə Dadaş kişinin itkisinin yaratdığı ağrının, xatirələrin və sükutun içindən süzülüb gələn bu ehtiram yazısını 40 mərasimi ərəfəsində onun ruhuna ərməğan edirəm. Hədislərdə vəfat edən üçün 40 mərasimi keçirilməsinin vacibliyi qeyd olunur. Əsas məram dünyadan köçən əzizimizi anmaqdır. İnsanların oraya gəlməsi doğmasını itirən şəxsin kədərini paylaşmaqdır. Çünki sevinci paylaşan zaman çoxalır, qəmə isə şərik olanda azalır.
Allah Dadaş kişinin o dünyasını versin…
Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top