Weather Data Source: havadurumuuzun.com

MİN SÖZ DEYƏN BİR AN

MİN SÖZ DEYƏN BİR AN

(esse)

Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:

Biri gələcəkdir, o biri keçmiş,
İndiki zamanda qoşa, mehriban.
Gələnə gedənin sözü çox qısa:
Yükün çox ağırdır, yaşa mehriban!

Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:

Dədə Qorqud deyir: – dinlə Qazan xan,
O qədər olacaq oyun pozan xan,
Ağılına gələni şeir yazan xan,
Hamısın yola ver, yaşa mehriban!

Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:

Bizik söz mülkünün sədri-əzəmi,
Çox olub bu mülkün xəstə, cüzəmi,
Heç zaman söyləmə: – qalıb bizəmi?!
Hamısın yola ver, yaşa mehriban!

Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:

Ustac şəklə baxır, şəkildə yoxdur,
Oxumaqda acdır, yazmaqda toxdur,
Dədənin sözündə həqiqət çoxdur:
“Hamısın yola ver, yaşa mehriban!

Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!

07.01.2015 – 5:10. Bakı. 

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top