Vaqif Osmanlı – İSTEDADLA ZƏHMƏTİN BƏHRƏSİ

İSTEDADLA ZƏHMƏTİN BƏHRƏSİ
(“Gecikmiş ismarış” kitabına ön söz)
Yaradıcılıq mənəvi laboratoriyadır. Yaradanın möcüzəsi sayılan şüurlu insanın beyninin bəşəriyyətə gərəkli fikir, fantaziya, düşüncələri ilə təxəyyülün, istedadın və ilham “bulağı”nın büllur suyunun vəhdətindən – “reaksiya”sından doğulan ilahi duyğular bu zəngin mənəvi laboratoriyanın insanlıqla bərabər yaşayacaq tükənməz “məhsul”larıdır.
Poetik dünyasına bələd olduğum şair (söz adamının kişisi, qadını olmur), yazıçı Adilə Aslanovanın “laboratoriya”sında dünyaya gələn mənəvi övladları sırasında hekayələrin, esselərin də olduğunu biləndən sonra onun lirik dünyasının bütövlüyünü “kəşf” etdim.
Söz adamının fikir dünyasını püxtələşdirən, cilalayan istedad və zəhmətdir. Bunlara anamız təbiət də öz nəvazişli əli ilə sığalını çəkəndə daha mükəmməl nümunələr yaranır. Məhz təbiət də sevimli övladı Adilə xanımdan istər maddi, istərsə də mənəvi heç bir gözəlliyi əsirgəməyib. Qədim-qayım, şərəfli tarixin, ecazkar təbiətin və zəngin mənəviyyarlı insanların birgə yaşayıb-yaratdığı, gözəlliklərlə süslənmiş Zaqatala torpağının qoynunda doğulan Adilə Aslanovanın ədəbi dünyasına səyahət edənlər mənim subyektiv fikrimlə razılaşarlar. O, həm də mənəvi dünyası ilə insanlara örnəkdir.
Bir az xaoslu, boz-bulanıq – əksəriyyətin yazar olmaq üçün əldən getdiyi, isedadlıların abır-həya edib arxaya çəkildiyi çağdaş ədəbi mühitdə şeirləri, poemaları, hekayələri, esseləri ilə özünəməxsus yaradıcılıq yolu olan, yeni sözü, düşüncəsi, müşahidə qabiliyyəti, həm də mənəvi xüsusiyyətlərinə görə geniş oxucu auditoriyası qazanan Adilə xanım uğurlu sozə tamarzıların görüşünə bu dəfə hekayələri və esseləri ilə gəlib.
Onunla vaxtaşırı görüşməyə, sosial şəbəkələrdə ədəbi söhbətlər etməyə, qısa zaman kəsiyində hal-əhval tutmağa macal tapandan sonra hər dəfə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun bir deyimini xatırlayıram: “İnsan olmaq üçün ən çətin şey hər gün insan olmaqdır”. Adilə xanım belə – həmişə arayıb-axtarmalı insanlardandır.
O, məhsuldar qələm sahiblərindəndir. Üç övlad böyüdüb boya-başa çatdıran, cəmiyyət, xalqımız üçün gərəkli insan yetişdirən, həm də pedaqoq kimi gələcəyimizin minlərlə qurucularını tərbiyə edən, özünin Vətən sevgisini onlara sevə-sevə aşılayan Adilə xanımın istirahət yeri yazı masasıdır. Onu da deyim ki, məhsuldarlıq onun əsərlərinin məna yükünü heç vaxt azaltmır.
Adilə xanımın mənsub olduğu “Gözəloğlular” nəsil ağacının – şəcərəsinin qoruyucu mələyi “mama” haqqındakı kövrək və həzin duyğulara bələnmiş sənədli hekayəsində gerçək qəhrəman el ağbirçəyi, mərhəmət və xeyirxahlıq mücəssəməsi, Zaqatalanın Lahıc kəndində açılan mədrəsənin ilk qız məzunu, dünyagörüşü, biliyi ilə örnək olan “mama” – Ayşaxatın Orucova ehtiramla xatırlanır.
Adilə xanım azadlıq, müstəqillik, Vətənin bütövlüyi, hünər aşiqidir. Bütöv Türk-Turan dünyasının şanlı və şərəfli qəhrəmanlıq tarixi, milli mənəvi dəyərlər onun yaradıcılığının ana xəttidir. Birinci və İkinci Vətən Müharibəsində igidlərimizin Vətən sevgisi, özündənrazı super güc dövlətlərin həsəd apardığı, dünya hərb tarixinə, dərsliklərinə düşən döyüş taktikası, əzmi, rəşadəti, cəsarəti haqqında çox əsərlər oxumuşuq. Ancaq “Bilinməyən “MƏN” sənədli hekayəsində və “Altıncı şəhid” hekayəsində cərəyan edən hadisələrə müəllifin baxış prizması, hekayənin təhkiyəsi, kövrək ürəyin çırpıntıları, şəhidlərə ana, bacı, Azərbaycan xanımı yanğısı düşündürücüdür, səmimidir, yaddaqalandır.
Zaqatalanın qoca Qafqazın cənub ətəklərinə sığınan Lahıc kəndində doğulan gündən İsmayıl Səmədova “Dədə” kimi şərəfli titulu verən bir çox qohum-əqrəbası yanılmamışdı. Ancaq İsmayıla bütün Azərbaycan xalqının zirvə kimi baxacaqlarını, onunla qürur duyacaqlarını bəlkə də gözləmirdilər. Bəli, lazım gələn anda Vətən oğullarının qeyrət damarındakı qan coşur, nəslin, el-obanın, xalqın üzünü ağ, başını uca edir. Yazıçının təbiriylə desək, “İsmayıl dünyaya qəhrəman olmaq üçün gəlmişdi”. O, bir müqəddəs yola çıxmışdı: Heydər Əliyev adına Hərbi Məktəb, Xüsusi Təyinatlı Hərbi Qüvvələrin kursu, Dağçılıq kursu, “Kəşfiyyatçı aviasiya tuşlayıcısı” ixtisasına yiyələnmə, “Dəmir adam” yarışması, kapitan rütbəsi, Aprel döyüşləri, cəbhədə döyüş dostlarının “Leopard”, mənfur düşmənlərin “Məğlubedilməz canavar” ləqəbləri, Hadrutda son döyüş, “Böyük Vətən Müharibəsi Qəhrəmanı” kimi şərəfli ad, bir çox medallar bu yolun ayrı-ayrı mərhələləriydi.
Bu gün qəhrəman İsmayılın evində onun iki yadigarı böyüyür – Nurgül və Mehdi. Bəli, Mehdi Hüseynzadəyə kumiri kimi ehtiram göstərən İsmayıl oğluna Mehdi adı qoymuşdu. İndi Vətənin qəhrəman oğullarının evində gələcəyin Mehdisi – Mixaylosu böyüyürsə, düşmən bu xalqın qarşısında həmişə diz çökəcək.
İsmayıl Səmədov həm də Adilə xanımın “Otuzuncu vərəq” poemasının qəhrəmanıdır – ömür kitabının 30-cu vərəqində Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda edən İsmayıl.
“Altıncı şəhid” hekayəsində müəllif yaxın 30-35 illik tariximizlə çağdaş dönəmin vəhdətini böyük ustalıqla fikir süzgəcindən keçirib. 1992-1993-cü illərdə quduz tamahın quluna çevrilib düşmənin dəyirmanına su tökən yerli qüvvələrin Qarabağ və onun ətrafındakı kənd və şəhərlərdə yaşayan əhalinin yurd-yuvasından didərgin salınmasında canfəşanlıq etməsi, kəndlərimizin boşaldılması, didərgin insanların keçirdiyi hisslər ürək ağrısı ilə təsvir olunub. Hekayənin qəhrəmanı altıncı şəhid uşaqlıqdan maddi sıxıntıya görə bir çox istək və arzularına həsrət qalıb. Xalid Hüseyninin “Çərpələnguçuran” romanındakı bir cümlə çoxdan yaddaşıma həkk olunub: “Əfqanıstanda uşaqlar var, uşaqlıq yoxdu”. Kəndlərinə gələn köçkün ailənin uşağının velosipedini götürüb gedən, heç olmasa bir neçə saat velosiped sürməyin ləzzətini yaşamaq istəyən gənc Fazilin hərəkətini heç kim qınamır. Yazıçının mərhəmətli təxəyyülü və kövrək təhkiyəsi hətta balaca Fazilə haqq qazandırır. Adilə xanım uşaq kişiliyini, qürurunu oxuculara elə çatdırır ki, elə uşaqların böyüyəndə düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcəyinə şübhə yeri qalmır. Belə millətin nümayəndəsi olduğumuza görə fəxr edirik:
“Ertəsi gün Fərman dayı bizə gəldi. Kişi xəcalətdən pörtmüşdü. Başını bulaya-bulaya atamdan üzr istədi. Sonra da:
– Velosiped bizdədir, axşam Fazil özü gətirəcək, – dedi. – Gündüz gətirsə kimsə görər, utanar deyə, uşaq dedi ki, axşam aparacam. Udquna-udquna əlavə elədi, – kasıbçılığın üzü qara olsun, bala, tay-tuşları sürür deyə o da istəyir…
Atam Fərman dayıya:
– Bax, Fərman, qoy o velosiped olsun Fazilin. Mən qardaşıma deyərəm, gələndə birini bizim uşağa alıb gətirər. Bax, de ki, gətirməsin ha…
Fərman dayı razılaşmadı.
Axşam Fazil sakitcə onu gətirib həyətə qoyub, utandığından gözə görünməyib getmişdi”.
“İnad” hekayəsindəki cəfakeş, övlad yolunda canını fəda etməyə hazır olan Zəminə ana Azərbaycan analarının nümunəvi obrazıdır. Milli ruhumuzun önəmli cəhətləri – böyüyün sözündən çıxmamaq, bacı-qardaş sevgisi ilə ailə quranda ata-ana xeyir-duasını nəzərə almamaq kimi xüsusiyyətlər çox incəliklə birləşdirilmiş hekayə bu günkü gəncliyə öyüd-nəsihət, ibrətdir.
Ailə toxunulmaz, fətholunmaz qaladır, deyiblər. “Gecikmiş ismarış” hekayəsinin valideyn sevgisinə həsrət gənc qəhrəmanı Billurun taleyi və onun hərəkəti əslində yazıçının da, Billurun da bəşər insanının laqeydliyinə üsyanıdır. Valideynlərin məsuliyyətsizliyi, müqəddəs vəzifə borcunu eyş-işrətə qurban verməsi təkcə Billurun deyil, insanlığın faciəsidir. Müdriklərimizin sonrakı peşmançılıq fayda verməz deyimini niyə unuduruq? Unutqanlıq faciələrə doğru qanlı-qadalı yoldur, itkidir, göz yaşıdır, azadlığa həbsxana barmaqlıqları arasından baxıb köks ötürməkdir.
“Çəlikli qız” hekayəsi məni təkcə duyğulandırmadı, həm də düşündürdü. Nə düşündüm, niyə düşündüm? Bir azdan deyəcəm. Saf və səmimi sevgi hisslərini yetərincə dəyərləndirməyən, avtomobil qəzasına məruz qalmış, sağlamlığını itirmiş çəlikli qızı – sevgilisi Əsməri gendən görəndə ondan uzaqlaşan Ərşadın sevgi hekayəsi gənclərə həyat dərsi olsaydı, indiki ailə münasibətlərinə bu qədər sağalmaz çatlar düşməzdi. Dərindən düşünməyimin səbəbi nəydi? Ərşadın yerində olsaydım görəsən nə edərdim? Mən də qaçıb canımı çəlikli sevgilimdən qurtarardımmı? Yaxud… Çətin sualdır, elə deyilmi? Ancaq Birinci Vətən Müharibəsində iki gözünü itirib dünya işığından əbədi məhrum olan, qayıdanda nişanlısına onu unutmağı, daha üz-üzə gəlməməyi təkid edən, xoşbəxt olmağı arzulayan hörmət etdiyim insana sevgilisinin sadiqliyi və onların daha mükəmməl məhəbbəti, ailə ocağında üç oğul böyütməsi insana böyük və ali mətləbləri anladır. Yəni, “eşq özünü fəda etməkdir” (İbn Ərəbi).
Qarşısına çıxan maneələri dəf edib qarşılıqlı sevgisinə qovuşmaq üçün özündə cəsarət tapmayan aşiqə – “Son görüş” hekayəsinin lirik qəhrəmanına təəssüf və özünü bağışlamamaq qalır:
“Həmin vaxtdan keçən yeddi il ərzində, Habil hər Novruzda onların qəbri üstə gəlir, məzarları üstə nərgiz gülləri düzür, qayıdıb birbaşa Moskvaya uçurdu. Artıq alimlik dərəcəsi almış, qızı Sevda orda yaşayan azərbaycanlı ilə ailə həyatı qurmuşdu. Bir oğlan nəvəsi vardı, adını da Fərhad qoymuşdu. Özü isə həyat yoldaşından çoxdan ayrılmış, tənha yaşayırdı.
İndi onun itirdiyi xoşbəxtliyinin günahkarını axtarmaq üçün kifayət qədər vaxtı vardı…”
Adilə xanımın başqa hekayələrinin və esselərinin məndə yaratdığı ovqat haqqında təəssüratlarımı bölüşmək fikrindən uzağam. Sözsevərlərə də düşünmək, ibrət götürmək, nəticə çıxarmaq, fikirlərini bölüşmək imkanı yaratmaq həmişə yazılarımın məqsədi olub. Başqa oxucuların, onun yaradıcılığını izləyənlərin də fikri Adilə xanım üçün də önəmlidir.
Adilə xanım anadır, nənədir, dövlətçiliyə sadiq xanımdır, həm də insan psixologiyasının dərin qatlarına varmağı bacaran təcrübəli pedaqoqdur. Mənə elə gəlir ki, onun ədəbi uğurlarında bunların böyük rolu var.
Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var


