Weather Data Source: havadurumuuzun.com

RƏFAİL TAĞIZADƏNİN POETİK PAYIZI

RƏFAİL TAĞIZADƏNİN POETİK PAYIZI

Sözlə zamanın nəbzini tutub “həqiqətlə gözəlliyi birləşdirməyi bacaran”lar (Feytvanger) gördüyü, duyduğu bütün varlığı ürəkləri fəth edən sözə çevirə bilirlər. İnsanlıq yaranandan söz, sözlərin artdıqca poeziya yaranıb. Söz sənətinin toxunmadığı mövzu yoxdur. Sözün sehri, böyüklüyü, qüdrəti addımbaşı rast gəldiyimiz, adilik kimi baxıb keçdiyimiz mənzərələrə, olaylara, rənglərə özünəməxsus çalar qatıb onu təravətləndirməkdir.
Ana təbiətin dörd ovqatını – bənzərsiz fəsillərini təsvir edən yer kürəsinin əhalisindən qat-qat çox ədəbi əsərlər yazılıb. Eləcə də dörd fəslin ən “müdrik”i payız şairlərin sözüylə daha çox urvatlanıb. Tarixin daş yaddaşında qalanlar əsl söz inciləri kimi bəşər övladı ilə bərabər yaşayır və yaşayacaq.
Qazi şair Rəfail Tağızadənin payızı da qeyri-adi, özünəməxsus və möhtəşəmdir. Hər bir qələm adamının təsvir etdiyi payız onun özünə bənzəyir. Rəfail müəllimin poetik payızı da özü kimi müdrikdir, humanistdir, nisgillidir, kövrəkdir, bütövdür.
Rəfail Tağızadənin payızı təbiət qanunlarına bir yenilik, bir saflıq, bir “əxlaq” gətirir. Sevdalı“baxışlara dözməyən ağac yarpağını gecə soyunur”, həyətdə gizlənpaç oynayan xəzəllər həyətlərə, evlərə girir. Şairin payızında təbiətin soyuqluğundan əsər-əlamət yoxdur, mübhəm, ilıq xatirələr gecələri qoynuna alıb üşüməyə qoymur, “qol-boyun xatirələr gecə sevdasından doymur”. Oxucu da bu mükəmməlliyin qoynunda isti yuva, təsəlli tapır, dərin düşüncələrin dizinə başını qoyub uyuyur:

Alıb yuxuları, alıb əlimdən
gecə düşünməyi öyrədir mənə.
Payız sevgisiylə, müdrikliyiylə,
bütövlük, bir tamlıq gətirir yenə.

Şair “ağacların kefsizliyini, həyatın soyumasını” duyur, onları sözlə ovundurur, poeziyaya çevirir. Onun qəlbindəki mərhəmət yarpağa, ağaca, torpağa, daşa, gülə, çiçəyə həyat verir, yarpağın, soyunmuş ağacın kədərini doğmalaşdırır, ağacı inandırır ki, yenidən yaşıl donunu geyinəcək. “Sevəcəm, sevəcəm, sevəcəm” inamı və inadıyla bir gözəlin könlünü alır:

Əlimmi titrəyib ələ dəyəndə,
yoxsa aramızdan küləkmi keçib?
Payız yarpağımı düşüb araya?
Baxışmı unudub teli daraya?
Görən bu gözələ nə olub belə?

Sevginin saflığına, şəffaflığına, incəliyinə heyran qalırsan. Bir payız yarpağı da küsdürə bilir duyğulu gözəli.
Gözəlin könlünü ilahi pıçıltının nəvazişiylə ələ almağın şirinliyi nəinki gözəlin, onun sevgisinə həsədlə baxanların ürəyinə yağ kimi yayılır. Şair buludla bərabər kövrəlir, yenidən onu “qanadına alan buludun bəyaz qoynunda doğulur”. Həqiqətən əsl poeziya məlhəmdi, həyatverici, şəfalı nəfəsdi, göylərin ərmağanı hissləri təlatümə gətirən bir damladır:

Sığal çəkir üzümə,
məni təklikdə qoymur.
Yağış da bir sevgidi –
öpüşdən adam doymur.
* * *
Yenə dartaraq qaşını,
əyib buludlu başını,
tökür gözünün yaşını,
bu gecə yaman ağlayır.
Bu gecə məni ağlayır…

Rəfail Tağızadənin “payız sevdası” da barlı-bərəkətlidir – payız kimi. Onun “yumşaq payız”ındakı “bahar havası” ürəkləri sevgiylə siləbəsilə doldurur:

Ümidlə yollara dikilən baxış,
oyadır qəlblərdə payız sevdası.

Payız şairin ən səmimi, ən tələbkar, eşqi bütöv həyatın fəlsəfəsini öyrədən müəllimidir:

Ömrün arzuları bahar kimidi,
rəngbərəng çalarlar gətirir üzə.
Dəli könlümüzü oxşayan payız,
təzədən sevməyi öyrədir bizə.

“Cızılan, pozulan köhnə val kimi, özündən narazı küskün lal kimi torpağın üstündə oynayan yarpağın” könlünü almaq, onu sığallayıb bizə həyat verdiyi üçün təşəkkür etmək ürəyinizdən keçibmi? Rəfail müəllim o payız xəzanının ümidsiz yarpağını ümid işığına bələyir, sözlə öpür. Şair ona “altdan yuxarı baxan yarpağı” görəndə onu əzizləyib həmsöhbət, həmdərd, həmdəm olur, deyə bilmədiklərindən “boğazı quruyur, ayağı tutulur”, səssiz-səmirsiz yarpağın “payız sevdalı” baxışlarını “dinləyir”, bir yarpaq ömrünün son anlarını özününküləşdirir:

Sözlər qırıq-qırıq, səs qırıq-qırıq,
birdən bir ufultu gəlir dərindən.
Ürəyin qırılan şah damarıtək,
yarpağın onurğa sütunu sınır.
…Sonda ayaq altda ovuldu getdi.
Bu da bir ömürdü, sovuldu, getdi.

Bir bitkin, təbiətin özü kimi möhtəşəm etüdün məna yükünə fikir verin:

Solğun yarpağında kölgələr çılpaq,
ağaclar lüt qalıb, yerdədi yarpaq.
…Meyvəli ağacı süfrə kimidi,
meşəsi bir gözəl lövhə kimidi.
…Yığıb qucağına xəzan payını,
bayırda səs salan yağış hayını.
Gəldi ömrümüzə, gəldi bu payız.

İnsan yetkinləşdikcə həyata, təbiətə baxışı da dəyişir. Payız təbiətin müdrik çağıdır. Rəfail müəllim də ömrünün barlı-bəhərli, müdrik çağını yaşayır. İndi onun payız mələyi ilə diləkləşən vaxtıdır. “Payızımıza bahar havası qatan payız mələyi”nin yollarındadı gözümüz:

Bir vaxtlar baharı sevərdim.
İndi ömrün payızın sevdim,
öz qəmiylə, barıyla,
həzin duyğularıyla…
Ömrün payız bəzəyi,
mənim xəzan küləyim,
bir bax, mənim ömrümə
gəldi payız mələyim.
Yoxdu daha diləyim.

“Payızın dodaqaltı zümzümə edən, çevirib üzünü, çevirib göyə, ağacın torpaqdan küsən vaxtı”nda bir neçə payız tablolarına “baxdım”, nəsə deməyə söz tapmadım, ilahi sözdən yaranmış mənzərə qarşısında susdum, dəyərləndirməyi gözümün öhdəsinə buraxdım. Gözlər heç vaxt yanılmır.
Payızın bakirəliyinin mükəmməl təsviri:

Soyunub əynini təzə gəlintək,
töküb paltarını ayaqlarına
gecə yağışında yuyunub, təmiz,
əlində xınası qurumamış qız…
Mən səni sevirəm, sevirəm, payız.
* * *
Ağacın yaylığı ayaqlar altda,
yeriyə bilmirəm çığırtısından.
Çılpaq ağacların əlləri göydə,
yarpağın son dua pıçıltısından.

Bir “payız havası”nın kimisə sormağa gələn xatirələri, sükutlu yükü, məchul xəyalları” al-əlvan rənglərin vəhdətindən etüdlər yaradır, bu payız ovqatı “nərmənazik bayatıdı bir az”:

Qara buludların göz yaşlarında
çətrini itirmiş ağac yuyunur.
Payızı sevməyən süpürgəçi qadın,
bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları.
Sən nələr gözləyirsən
bu payız havasından?
Hardasa külək əsir?
Yağış gəlir gözündən…

Kəndlərimizdə, obalarımızda tənha qalan, təkcə qurd-quşdan yox, zamanın gərdişindən çürüyüb “ovxam-ovxam olmuş taxta qapılarını ağacdələnlər döyən” (Məmməd İsmayıl) evlərin durumunu Rəfail Tağızadə kimi torpaq nisgillilər daha dəqiq anlayar. “Uçuq evdə payız” şeirini kövrəlmədən oxumaq mümkün deyil. “Küləyin xəyallarla savaşdığı,
yarpaqların payız ovqatıyla danışdığı, başının üstündə sərgərdan qara buludların dolaşdığı, narahat gümanların, nakam umudların qaçıb gizləndiyi” o uçuq evdə həsrətdən, kövrək xatirələrdən başqa nə qalıb ki?! Xəyalıma Qarabağdakı xain düşmənin xaraba qoyub qaçdığı, daşı-divarını uçurtduğu evlər canlandı. Rəfail müəllimgilin kəndindəki, həyətindəki qızılgüllər açıbmı görəsən? Barbar erməni cəlladları yəqin ki, qisasını həyətdəki doqquz qoz ağacından alıblar. Biz o yerlərin həsrətinə 27-30 il dözdük. Necə dözdük, niyə dözdük? Çətin və cavabsız sualdı. O torpaqların qarşısında diz çöküb günahlarımızı etiraf edəcəyik. Amma bu günahımız bağışlanacaqmı? Ağsaqqallarımız, ağbirçəklərimiz yurd, torpaq nisgiliylə dünyasını dəyişdi. Yurdsuzluğun ağır havası, vaqon evlərin, qumlu düzənliklərin tozu, qaynar yayı qənim kəsildi onların ömrünə. Rəfail müəllim də o uçuq evlərin daşını, torpağını öpəcək günləri gözləyir:

Alovu alınmış, kösövü sönmüş,
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.

O uçuq evlərin yerində imarətlər tikəcəyik, Rəfail müəllim, qızıllgüllər daha şövqlə açacaq, ”yalançı sərhədlər” yox oldu, tərk edilmiş kəndlərdə həyatın axarı daha gur olacaq, Qarabağa yağan yağış o ellərə abi-həyat gətirəcək. Qazi qardaşlarımızın, balalarımızın toyunun səsindən Cıdır düzündə atlar kişnəyəcək, qartallar qıy vuracaq. Qarabağ arzularımıza yenidən ana olacaq…
A.Kamyuya görə, əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan. “Zamanın sözünü yazmaq”, həqiqətlərin gözünün içinə dik baxmaq vicdanlı və cəsarətli söz adamlarına Tanrının göndərdiyi ali missiyadır. Bu bəşəri imtahandan üzüağ çıxanlar həmişə başıuca gəzəcəklər – ömrün və təbiətin bütün fəsillərində…

Müəllif:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Top