Weather Data Source: havadurumuuzun.com

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.

24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi.
Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü.
Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi.
Onun ardınca silsilə çıxışlar oldu.
AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar.
Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi.
Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top