Səlim mənim qaqamdır

Səlim mənim qaqamdır
“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…
Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…
Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…
…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…
Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..
Hörmətlə, Elman Eldaroğlu


