Şəhla Rəvan tanınmışların təqdimatında

Şəhla Rəvan tanınmışların təqdimatında
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:
“Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri arasında “Şəhla Rəvan” təxəllüsü və imzası ilə tanınan Şəhla xanım Mürsəlovanın özünəxas yeri və çoxsaylı imtiyazları vardır.
Şəxsən mənim Şəhla xanımla uzaq qohumluq münasibətim olsa da onu olduğu kimi tanıyıb kəşf etməyim əslində ötən ilin (2024) son aylarına təsadüf edir. Belə ki, 2015-ci ildən təsis etdiyim və baş redaktoru olduğum “Həməşəra” Mətbu Orqanının rəsmi Facebook səhifəsində müxtəlif mövzularla bağlı hazırlayıb paylaşdığım statusları ötən ilin son aylarından etibarən diqqətlə izləyən və bir-birindən gözəl və səmimi şərhlər yazan “Şəhla Rəvan” adlı bir xanım istifadəçi diqqətimi cəlb etdi.
Ətraflı tanışlıq və məlumat əldə etmək hədəfi ilə onun şəxsi profilinə daxil olduqda, Göytəpə şəhərindəki orta məktəblərdən birinin direktoru, eyni halda vətəni və dövlətinə sadiq olan ziyalı və kübar bir xanım olduğunu, bununla yanaşı həm də gözəl şeirlərin müəllifi olduğunu təsbit etdim. Beləliklə də ilk öncə Şəhla xanımın bir vətənpərvər və dövlətçi, ziyalı və görkəmli pedaqoq, ardınca isə bacarıqlı bir şair olduğuna vaqif oldum. Daha sonra araşdırma əsnasında onun vətən uğrunda canını qurban vermiş iki əzizimiz: Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəloov və Mirəjdər Mürsəlovun doğmaca bibisi olduğunu da öyrəndim. Sonrakı fürsətlərdə isə Şəhla Rəvanın sözün həqiqi mənasında bir bacarıqlı və peşəkar ədəbi təhlilçi və tənqidçi olduğunu da kəşf etdim.
Onun şəxsi keyfiyyətlərinə gəlincə isə bununla bağlı ayrıca kitab və məqalələrlə çıxış etmək olar. Həqiqətən də onun həyatda nə qədər kübar, yüksək mədəniyyət və intellekt sahibi, həmçinin, mehr-məhəbbət ocağı olmasının bir başqa tərifi, bir ayrı özəlliyi vardır.
Şəhla Rəvanın imtiyazları…
Ümumi baxımdan bu günədək Şəhla xanımın aşağıda sadalayacağım imtiyazları və xüsusiyyətlərini təsbit etmişəm:
- Şəhla Rəvan yarım əsrdən (50 ildən) çox bir müddət ərzində ədəbiyyat, xüsusilə də şeir və poeziya sahəsində olaraq müxtəlif vəznlər və formalarda, fərqli janrlarda bir-birindən gözəl şeirlər yazır.
Onun qələmə aldığı şeirlər bir-birindən gözəl, mənalı, təravətli və təsirlidir. Şeirləri həm də daşıdığı ədəbi təxəllüsü kimi öz insani hislərini qoruyub saxlamış dinləyicinin qəlbi və ruhuna rəvan olub yol tapır. Bunun əsas səbəbi onun yalnız poeziya sahəsində malik olduğu ustalıqdan deyil, bununla yanaşı həm də qəlbinin ülvi hissləri və ruhunun dərinlikləri ilə şeir yazmasından ibarətdir. Bir sözlə, Şəhla Rəvan poeziyası şairin malik olduğu səfa-səmimiyyəti, ülvi hisləri və yüksək insani dəyərlər və keyfiyyətləri tərənnüm edir. - Şəhla Rəvan təkcə şair deyil, bununla yanaşı həm də peşəkar ədəbi təhlilçi və tənqidçidir. İndiyədək istər Azərbaycan ədəbiyyatının klassikləri, istərsə də müasir şairlərin şeirlərinə yazdığı geniş və mükəmməl ədəbi təhlillər onun həqiqətən də peşəkar bir ədəbi təhlilçi və tənqidçi olduğunu sübut edir.
- Şəhla Rəvan uzun müddət jurnalistika sahəsində çalışmış və bu sahədə söz və təcrübə sahibi olan məsuliyyətli bir xanımdır.
- Şəhla Rəvan dil və ədəbiyyat sahəsində iki ali təhsil almış ali savadlı bir pedaqoq, təcrübəli bir müəllimdir.
- Şəhla Rəvan bu günədək elm və təhsil sahəsində 40 ildən çox əməyə malik olan dəyərli bir pedaqoqdur. Hal-hazırda da Cəlilabad rayon Şəhid Vasif Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbinin direktoru, eyni halda müəllimidir.
- Şəhla Rəvan Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun və eləcə də Qarabağ müharibəsində canınını qurban vermiş şəhid Mirəjdər Mürsəlovun doğmaca bibisidir.
- Şəhla Rəvan Cəlilabad rayonunun yüksək mədəniyyət və intellekt, aydın zəka səviyyəsinə malik olan görkəmli, eyni halda elit-ziyalı xanımlarından biridir.
- Şəhla Rəvan Cəlilabad rayonunun ictimai-siyasi həyatında nüfuz və imza sahibi olan bir xanımdır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ən qabaqcıl ziyalı-xanım üzvlərindən biri, eyni halda Ərazi partiya təşkilatının sədridir.
- Şəhla Rəvan sözün həqiqi mənasında çoxşaxəli və bacarıqlı bir xanımdır. Onun, yuxarıda qeyd edilənlərdən başqa, həm də idman, incəsənət, musiqi, rəssamlıq və s. sahələrdə xüsusi bacarığı var. O, həm də bacarıqlı bir piano ifaçısıdır.
- Şəhla Rəvan bütün bunlardan əlavə, həm də həyatda vətən və dövlət üçün sadiq vətəndaş, övladları üçün gözəl və fədakar ana, əziz nəvələri üçün dəyərli nənə, məktəbdəki şagirdləri üçün mənəvi və qayğıkeş ana, iş yoldaşları, həmçinin, sərəncamında olan müəllim heyəti üçün ləyaqətli müdir, dostları üçün isə gözəl dost və etibarlı rəfiqədir.
Cəlilabad ədəbi mühitinin bütün dəyərli xanım nümayəndələrinə sayğılarımı bildirərək, yuxarıda sadalananları nəzərə alıb, Şəhla xanımı ədəbi mühitimizin kraliçası adlandırmışam. Bu, mənim subyektiv baxışım olsa da onun arxasında sadaladığım əsaslar dayanır.
Şəxsən mən bu subyektiv baxışımda yanılmadığıma əminəm. Çünki Cəlilabad ədəbi mühitində onun malik olduğu bütün özəlliklər və imtiyazları eyni halda təkrarlaya biləcək ikinci bir xanım yazar-şair mövcud deyil.
Əslində Şəhla xanım bütün bu imtiyazları və dəyərlərinə görə cəmiyyətdə xüsusi hörmət sahibidir. Ona göstərilən sayğı və sevgilərin əsas səbəbi də budur. Elm, təhsil və xüsusilə də ədəbiyyat sahəsində səmərəli fəaliyyəti və xidmətlərinə görə təkcə 2025-ci ildə “Həməşəra” Mətbu Orqanı tərəfindən təsis olunmuş “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları ilə təltif edilmişdir.
İndiyədək ədəbiyyat sahəsində qələmə aldığı bir-birindən dəyərli olan 5 əsərinin (şeir və ədəbi təhlillərə aid olan kitablarının) nəşrini mənə həvalə etməsi sözün əsil mənasında mənə böyük bir jest və fəxarətdir. Onun mənim qabil görmədiyim və həvəskarcasına qələmə aldığım şeirlərimdən bir neçəsi üçün təqdim etdiyi ədəbi təhlillərdən ibarət “Düşüncə dəryası” adlı kitabı və həmin kitabın ön sözündə haqqımda yazdığı təqdimat isə ömrümün sonunadək Şəhla xanım Rəvan kimi görkəmli bir şair, ədəbi təhlilçi və tənqidçidən aldığım ən böyük və fəxarətli bir hədiyyədir.
Sonda doğma elimizin belə bir dəyərli xanım-xatını, elit-ziyalısı, pedaqoqu və filoloqu, ədəbi təhlilçisi və tənqidçisi, həmçinin şairi olan Şəhla xanım Rəvana uzun, sağlam və mənalı-məsud ömür, yeni və davamlı yaradıcılıq uğurları arzulayıram!
26.11.2025
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist


