“Qızıl payız” və Rafiq Yusifoğlu

YETMİŞ ÜÇÜNCÜ YAZI
“Qızıl payız” və Rafiq Yusifoğlu
Salam olsun, çox dəyərli oxucum! 25 noyabr 2025-ci il – təqvimdə bu günü özüm üçün “qızıl payız” günü kimi qeyd etmək istəyirəm. Köməyimə filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlunun şeirləri gəlir (oxuyun >>> Meşə ilə üz-üzəyəm və Payız) Bu mövzuda düşüncələrimi sizinlə bölüşürəm.
Azərbaycan poeziyasında təbiət mövzuları özünəməxsus, xüsusi bir yer tutur. Poeziyamızın zəngin palitrasında payız ən çox müraciət edilən fəsillərdən biridir. Lakin hər bir şair payıza öz eşqi, öz nəfəsi, öz iç dünyasının yükü, daxili aləminin zənginliyilə baxır. Professor, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun payız lirikasında isə bu fəslin təkcə rəngləri deyil, həm də fəlsəfəsi, insan taleyi ilə bağlı dərin assosiasiyaları önə çıxır.
Onun yaradıcılığında payız sadəcə “sarı yarpaq”, “kövrək külək” deyil — həyatın özüdür, taleyin ələyindən keçən ömrün anlarıdır, insanı öz iç dünyası ilə üz-üzə qoyan böyük bir sükut və səssiz ağrıdır. Bu baxımdan Rafiq Yusifoğlu payızı qızıl rənglərin zənginliyi ilə deyil, təsəvvür və duyğuların qızıl ağırlığı ilə təqdim edir.
“Meşə ilə üz-üzəyəm” (oxu >>> Meşə ilə üz-üzəyəm) şeirində şair payız mənzərəsini xarici müşahidə kimi yox, daxili mənzərə kimi təqdim edir. Meşə onun üçün bir meditasiya məkanı, insanın öz vicdanı ilə üz-üzə qaldığı bir aynadır.
“Ağac yanır diri-diri,
Göz yaşları sarı, iri…”
Bu misralar payızın vizual təsvirindən çox, ovqatın parçasıdır. Yarpaqların saralması şair üçün ağacın çəkdiyi ağrı kimidir — hər ayrılığın, hər dəyişimin bir iç yanğısı var. Zamanın “dəlik xəlbiri” isə həm payızı, həm də insan həyatını ələyir, seçir, saflaşdırır.
Burada payız həm yol göstəricidir, həm də keçid nöqtəsi:
“Üzü qışa gedən yolum
Payızın içindən keçir…”
Sanki insanın taleyi də belədir: hər ömür öz qışına — təcrübəyə, müdrikliyə, sükuta gedir və bu yol heç vaxt yazdan birbaşa keçmir. Mütləq bir payız yaşanmalıdır.
“Payız” (oxu >>> Payız ) şeiri isə Rafiq Yusifoğlunun təbiətə olan poetik baxışının daha geniş, daha panoramik tablosunu verir:
“Meşələr bir nəhəng aynaya dönər,
Özündə əks edər payızı, yazı.”
Təbiət aynadır — insan da özünü orada görür. Payız isə bu aynanın üzərinə bir az kədər, bir az müdriklik, bir az da keçicilik çəkir. Şairin “yarpaq əlləri” ifadəsi payıza insan toxunuşu gətirir:
“Yarpaq əllərini çiynimə qoyub,
Elə bil sinəmə yeriyir payız.”
Yarpaq sanki şairin çiyninə əl qoyur, payız onu özününküləşdirir. Təbiətin şair övladı ana təbiətlə bir bütün halına gəlir. Bütövləşir. Payız insan ömrünün bir mərhələsinə, insan isə təbiətin bir parçasına çevrilir. Şairin obrazlı şəkildə təqdim etdiyi bu proses təbii olduğu qədər də ibrətamizdir.
Bu, həm təsəlli, həm də xəbərdarlıqdır: hər dəyişimin nəfəsi soyuq olsa da, insanı yenidən düşünməyə vadar edir.
Payız onun şeirində həm də səxavət fəsli kimi görünür:
“Acgöz dələlərin yuxularına
Gecələr sübhəcən qoz-fındıq yağar.”
Şair meşəni bol nemətli, səxavətli təsvir edir. Təbiət bol bar verərkən başını aşağı salır, nemətlərini sağa-sola səxavətlə paylayarkən isə susur… Bu, Rafiq Yusifoğlunun payız lirikasını digər təbiət şairlərindən fərqləndirən mühüm cəhətdir. O, payızın bolluğunu da, kasadlığını (qıtlığını) da təntənəsiz, hay-küysüz, olduğu kimi göstərir.
Həm birinci, həm də ikinci şeirdə payız insan varlığının rəmzidir. Bu fəsildə həyatın sirləri bir qədər daha aydın görünür. Yarpaqlar necə solursa, insan da zamanın ələyindən keçib saralır, lakin bütün bu dəyişikliklərin arxasında dərin bir hikmət dayanır.
“Kim nə əkib, onu biçir…” — şair payızı taleyin güzgüsü kimi görür. Bu, həm Allahın ədalətinə inamdır, həm də həyat təcrübəsinin yekunudur.
Payızın meşəyə düşən səsi isə həm musiqidir, həm də sükut:
“Tazanə küləklər budaq simlərə
Toxunar, kövrəlib oxuyar meşə…”
Bu misralarda təbiətin öz orkestri var. Meşə sanki tar kimi çalınır, küləyin nəfəsi isə musiqinin gizli notudur. Beləliklə, payız təbiəti susdurmur, əksinə, onu başqa bir ahəngdə danışdırır.
Rafiq Yusifoğlu yaradıcılığında payız — qocalmanın, tənəzzülün deyil, müdrikləşmənin, dərinləşmənin fəslidir. Onun şeirlərində payız həm iç dünyaya işıq salır, həm də ağlın, vicdanın yolunu işıqlandırır.
Şair payızın qızılı rənglərinə qızıldan qiymətli məna çalarları yükləməyi bacarır. Bu məna yükü isə onun poeziyasını oxucu üçün həm doğma, həm də düşündürücü edir. Şair sənətkarlığı, poeziyanın gücü, sözün qüdrəti məhz belə məqamlarda ortaya çıxır. Rafiq Yusifoğlunun “qızıl payızı” həm ruhun sakitliyidir, həm də həyatın necə gözəl, eyni zamanda necə keçici və necə dəyərli olduğunu xatırladan poetik bir nəfəsdir (mücərrəd reallıqdır). Bir sözlə ibrətamizdir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Rafiq Yusifoğlu yaradıcılığında bütün mövzulara yanaşma özünəməxsusluğu ilə seçilir. Ustada can sağlığı və uzun ömür arzulayıram! Hələlik, dəyərli oxucular.
Müəllif: ZAUR USTAC


