RƏNGLƏRİN SEHRİNDƏN YARANAN DƏRS

RƏNGLƏRİN SEHRİNDƏN YARANAN DƏRS
Zəng vurulur… Şagirdlər bir-bir, iki-iki sinfə daxil olurlar və müəllimin gəlişini gözləyirlər. Gündəlikdəki cədvələ görə növbəti dərsimiz təsviri incəsənətdir. Budur, fənn müəllimi Baba Seyidzadə sinfə daxil olur.
Müəllim mövzunu elan edir: “Misir piramidaları”. O, təsvir yaratmaq üçün əvvəlcə Misir haqqında ətraflı məlumat verir. O qədər maraqlı izah edir ki bütün sinif yoldaşlarımla birlikdə diqqətlə müəllimi dinləyir, bu vaxt xəyala dalırıq, sanki Misirdəyik, piramidalara tamaşa edirik…
O, Misir, piramidalar haqqında elə bir hekayə danışır ki, xəyalımızda sinif otağının divarları yox olur, əvəzinə sanki sinfə səhranın qızmar istisi dolur, piramidalar ucalır, Nilin sərin küləyi üzümüzə dəyir, sanki tarixin içində gəzirik. Biz xəyala dalmış şagird yox, minilliklərin içindən keçən bir səyyah oluruq.
Qəflətən düşüncələrimizdən ayrılıb yenidən müəllimi dinləməyə davam edirik.
Müəllim maraqla izah edir: Bəlkə indi lövhədə ehramların sirlərini açacaq? Sanki müəllimin əlinə keçən hər karandas tarixlə rəngin əl-ələ verdiyi bir möcüzəyə çevrilir.
Səbirsizlənirik ki, müəllimimiz Misir piramidalarının şəklini lövhədə çəksin, bizə də şəklin çəkilmə ardıcıllığını izah etsin ki biz şagirdlər onun tarix deyil, təsviri incəsənət müəllimi olduğunu dəqiqləşdirək.
Və beləcə zaman keçdikcə bütün sinif Baba müəllimin dərs metoduna alışdıq. Başa düşdük ki, o təsvir olunan şəklin izahı zamanı maraq yaratmaq üçün digər fənlərə inteqrasiya edəcək və bununla da mövzu daha maraqlı və yaddaqalan olacaq.
Budur, müəllim şəklin çəkilmə ardıcıllığını izah edib bitirdikdən sonra şagirdlər lövhədə görünən rəsmi çəkməyə başlayırlar.
Masamızın üstündə düzülmüş rəsm ləvazimatları elə bil nağıl qəhrəmanları kimi sıraya düzülüblər — yağlı boyaların sakit parıltısı, rəngli karandaşların zərif cizgiləri, albomun bəyaz səhifələri, xətkeşin iti dəqiqliyi – hər şey yaratmaq üçündür. Hər şey bizim içimizdəki balaca rəssamı oyatmaq üçündür.
Təsviri incəsənət dərsimizdə sinifdə qəribə bir səssizlik olur, bu sükutda yaradıcılığın səsi gizlənib. Hər kəs rənglədiyi rəsmə öz balaca dünyasını çəkir. Və albom kağızlarında möcüzə baş verir: kiçik əllərdən böyük sənət doğulur. Rəsmlərimiz sanki Misir günəşində yanıb bişmiş daş kimi parıldayır.
Dərsin ortasında bir aforizm yadıma düşür: “Pis fənn yoxdur, fənni sevdirən müəllim var”. Bu cümləni xatırlayıb başa düşürəm ki, Baba müəllimin tədris etdiyi bu fənnin sehrindən pay alan sinif yoldaşlarım arasında gələcəyin rəssamları, müəllimləri, dizaynerləri yetişəcək. Ümumiyyətlə, mən təhsil aldığım 207 nömrəli məktəbdə bizə dərs deyən bütün müəllimlər — başda sinif rəhbərimiz Məhluqə Əmənova olmaqla tədris etdikləri fənləri bizə sevdirirlər. Baba müəllim də həmin müəllimlərdəndir. Onun dərsində albomun bəyaz səhifələri yeni nağıllar gözləyən uşaqların rəngli dünyasına boyanır. Hər dərs bir sərgi, hər rəsmdə bir hekayə yaranır: Xədicə Xanlarzadə, Humay Şıxməmmədli, Hümeyra Ağayeva, Nicat Seyidəliyev, Yəhya Əmirxanlı, Adilə Məlikova, Ayan Məmmədova, Banu Əliyeva, Rəsul Zeynallı, Kənan Quluzadə, Ləman Nuriyeva, Sevda Zərbiyeva, Leyla Fərzəliyeva, Hüsniyyə Nəsirli, Sara Mustafazadə və s. sinif şagirdlərinin hamısı fırçalarını sanki sehrli çubuq kimi işlədərək möcüzələr yaradır.
Və mən düşünürəm:
Əgər bir müəllim rəngləri bu qədər danışdıra bilirsə, demək ki, incəsənət heç vaxt susmayacaq!
207 nömrəli məktəbin şagirdi


