Weather Data Source: havadurumuuzun.com

Mən 70 yaşındayam…

Özümə – 70 yaşımın astanasında

Bu gün payızın sərin nəfəsi üzümə toxunarkən anlayıram ki, mən artıq 70 yaşın zirvəsindəyəm. Elə bil həyatımın bütün rəngləri – sevincim, kədərim, ümidim, qırılmış kövrək arzularım, yenidən dirilən gücüm – hamısı bir araya toplanıb, bu böyük rəqəmin içində mənə baxır.

Mən payız günündə dünyaya gəlmişəm. Bəlkə də ona görədir ki, ruhum da payız kimi dərin, sakit, amma içində fırtınalar gizlədən bir aləmdir. Yarpaqlar necə bir gün solub tökülür, sonra yenidən yaşarırsa, mən də həyat boyu neçə dəfə sınmış, amma yenidən toparlanmışam. Hər qaranlıq gecədən sonra özümə bir işıq tapmışam – bəzən çox zəif, bəzən ümid kimi titrəyən, amma yenə də işıq…

Ağrılı-acılı günlərim az olmayıb. Bəzən elə anlar yaşadım ki, sanki dünya məndən üz döndərdi. Hər kəsin həyatına toxunacaq bir kədər olur – mənim də özümlə daşıdığım yaralarım var. Amma bütün o izlər, bütün o dərdlər məni əymədi. Əksinə, daha səbirli, daha güclü, daha çox anlayan bir insana çevirdilər. Hər dəfə içimdəki qadın ayağa qalxdı və “mən buradayam, davam edirəm” dedi.

70 yaş… Bu yalnız rəqəm deyil. Bu – mənim dözümümün sübutudur. Bu – mənim sevincimin, göz yaşımın, sevgi dolu xatirələrimin, qırılıb-yenidən qurduğum arzularımın xəritəsidir. Bu – həm yaşadığım, həm də yaşatmağı bacardığım bir ömrün möhürüdür.

Bu gün özümü təbrik edirəm. Bəli, illərlə özümü tənqid etdiyim, bəzən sevmədiyim, bəzən anlamadığım, bəzən isə gücünə heyran olduğum özümü…

Təbrik edirəm, çünki bu ağır yolları təkbaşına keçdim.
Təbrik edirəm, çünki qəlbim sınsa da, sevə bildim.
Təbrik edirəm, çünki susduğum anlarda belə içimdə bir fəryadla yaşamağa davam etdim.
Təbrik edirəm, çünki məğlub olmadım.

Bu gün özümə bir arzu tuturam: Qalan həyatım daha sakit olsun. Qoy həyatımın payızında yağışlar daha yüngül yağsın, küləklər daha isti essin. Qoy qəlbimin yorğunluğu azalsın, xatirələrim məni incitməkdən çox isitsin. Və qoy mən bundan sonra ancaq sağlam ömür yaşayım…

Özümü təbrik edirəm – hər yarama görə, hər gücümdən ötəri, hər yaşadığım günə görə.

Mən 70 yaşındayam…
Və bütün çətinliklərə baxmayaraq, hələ də varam, hələ də buradayam, hələ də yaşayıram.

24.11.2025 Bakı

Mənbə və müəllif: Şəmsiyyə Kərimova

Şəmsiyyə Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Top