Tanınmış bəstəkar Vəfa Bağırzadə ilə müsahibə

Respublikainfo.com xəbər verir ki, Referans Medianın “Musiqi saatı” rubrikasının növbəti qonağı bəstəkar, pianoçu, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublika Beynəlxalq müsabiqə və “Gənclər Mükafatı” laureatı Vəfa Bağırzadədir.
– Xoş gördük Vəfa xanım! Əvvəlcə istərdim ki, oxucularımıza, özünüz haqqında qısa da olsa məlumat verəsiniz! Vəfa Bağırzadə kimdir?
Mən 29 oktyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşam. Musiqi təhsilimə erkən yaşlarımdan, Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbində Və Xan Şuşinski adına Ağdam Muğam Musiqi məktəbində başlamışam. Peşəkar təhsilimi 2007–2011-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsində aldıqdan sonra, Azərbaycan Milli Konservatoriyasında Bəstəkarlıq ixtisası üzrə (2012–2019, bakalavr və magistr) ixtisaslaşmışam. Bu illərdə bəstəkar, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun və bəstəkar-pianoçu Pikə Axundovanın sinfində dərs almışam ki, bu da yaradıcılıq yolumun formalaşmasında əsas rol oynayıb. Karyeram ərzində müəllim kimi də fəaliyyət göstərmişəm; 2018–2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında çalışmışam. Eyni zamanda, 2024–2025-ci illərdə Üzeyir Hacıbəylinin Ev-Muzeyində şöbə müdiri vəzifəsini icra etmişəm. 2022-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm.

– Ümumiyyətlə sizin musiqiyə, xüsusilə də fortepianoya olan sevginiz nə zamandan yaranıb?
Musiqiyə olan sevgim çox erkən yaşlardan yaranıb. Valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə evdə daima Betoven, Şopen, Motsart kimi dahi bəstəkarların əsərləri səslənirdi. Bu mədəni mühit mənim musiqiyə marağımın yaranmasında və sənət yolumu seçməyimdə həlledici rol oynadı. Əvvəlcə yalnız səslərin harmoniyasından zövq alırdım, lakin sonralar musiqinin ruh oxşayan emosional dərinliyi məni özünə valeh etdi, həyatımın ayrılmaz hissəsinə çevrildi. Fortepiano mənim üçün sadəcə bir musiqi aləti deyil, həm də duyğularımı ifadə etməyin, iç dünyamı musiqi vasitəsilə çatdırmağın ən yaxın yoludur. Bu sevgi məni təbii olaraq zamanla bəstəkarlığa yönəltdi, fortepianoda hiss etdiyim hər ritm və melodiyalar məni öz əsərlərimi yaratmağa, musiqi vasitəsilə duyğularımı ifadə etməyə sövq etdi.
– Sizin üçün musiqi nə deməkdir? Həyatınızı musiqisiz təsəvvür edirsinizmi?
Musiqi mənim üçün zaman və məkan sərhədlərini aşan, insanın daxili aləmini və hisslərini ifadə edən bir dildir. O, yalnız eşitdiyimiz səs deyil, eyni zamanda düşüncələrimizi və emosiyalarımızı formalaşdıran bir vasitədir.. Musiqisiz həyatı təsəvvür etmək mənim üçün qeyri-mümkündür. Çünki o, həyatın özüdür, düşüncələrimin və hisslərimin təzahürüdür. Musiqi yoxdursa, zaman dayanır, duyğular susur, dünya öz harmoniyasını itirir. Ona görə də musiqi mənim həyatımın təməl daşıdır, onsuz yaşamaq, nəfəs almaq qədər çətin olardı.

– Vəfa Bağırzadənin sevdiyi bəstəkar və əsərlərini daha çox dinlədiyi bəstəkarlar kimlərdir? Daha çox hansı musiqi janrını sevirsiniz?
Mən çox vaxt klassik musiqi dinləyirəm. Bach, Çaykovski, Raxmaninov, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Elza İbrahimovanın əsərlərini xüsusilə sevirəm. Sevdiyim janr isə əsasən klassik musiqidir, amma caz, rok və estrada musiqisinə də marağım var.
– Bu gün təəssüflər olsun ki, cəmiyyətin əksər hissəsi keyfiyyətli musiqilər əvəzinə adətən bayağı musiqilər dinləyir. Sizə görə bunun başlıca səbəbi nədir?
Məncə, bu problemin bir neçə əsas səbəbi var və bunlar bir-biri ilə sıx şəkildə bağlıdır. İlk növbədə, insanların musiqi zövqünün formalaşmasında maarifləndirmə kifayət qədər güclü deyil. Musiqi mədəniyyəti uşaqlıqdan formalaşır, lakin bu gün təəssüf ki, həm ailədə, həm də təhsil mühitində keyfiyyətli musiqiyə maraq oyadan imkanlar əvvəlki kimi güclü deyil. İnsan nə ilə böyüyürsə, zövqü də onun üzərində qurulur. Digər mühüm səbəb isə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin təsiridir. Sosial platformalarda daha çox gündəmdə qalmaq, trend olmaq üçün sadə, tez yadda qalan və ritmik musiqilər çoxlu dinləyici toplayır. Keyfiyyətli musiqi isə adətən dərinlik, intellekt, diqqət və musiqi savadı tələb etdiyi üçün geniş kütlə tərəfindən çətin qavranılır. Bayağı musiqi isə həm daha çox təbliğ olunur, həm də sürətlə yayılır, çünki istənilən məzmunsuz kontent kimi, istehlakı asandır. Üçüncü səbəb insanların gündəlik həyat tempidir. Bugünkü sürətli ritm içində insanlar çox vaxt düşünmək, analiz etmək, musiqini hiss etmək kimi proseslərdən uzaqlaşırlar. Bu da onların daha çox “fon musiqisi” kimi qəbul edilə bilən, sadə və emosional dərinliyi olmayan mahnılara yönəlməsinə səbəb olur. Bundan əlavə, kommersiya maraqları da böyük rol oynayır. Bayağı musiqi həm ucuz başa gəlir, həm də geniş auditoriyaya sürətlə satılır. Prodüserlər və musiqi bazarı isə təəssüf ki, keyfiyyət yox, gəlir yönümlü çalışdığı üçün bu tip mahnılar çoxaldıqca çoxalır. Nəticədə həm təbliğatın gücü, həm musiqi tərbiyəsinin zəifliyi, həm də insanların gündəlik həyat ritmi cəm şəkildə keyfiyyətli musiqinin arxa plana keçməsinə gətirib çıxarır. Bu isə cəmiyyətdə musiqi zövqünün tədricən sadələşməsinə və səviyyənin aşağı düşməsinə səbəb olur.

– Professional musiqi adamı olaraq ümumən insanlara və xüsusilə də gələcəkdə musiqi ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var ?
Gənclərə tövsiyəm budur: musiqi ilə məşğul olmaq istəyirsinizsə, daima araşdırın, fərqli musiqi janrlarını dinləyin və bədii ədəbiyyat oxuyun. Bu, həm zövqünüzü, həm də yaradıcılıq qabiliyyətinizi zənginləşdirəcək. Musiqiyə sadiq olun və sevgi ilə yanaşın . Musiqi yalnız texniki bacarıq deyil, eyni zamanda hiss və ruh tələb edən bir sənətdir. Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir.
Söhbətləşdi: Bünyamin Bünyadzadə
İlkin mənbə: “Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir” –


