MİLLİ DİRÇƏLİŞ GÜNÜ — XALQIMIZIN AZADLIQ İRADƏSİNİN ZƏFƏR BAYRAMI

MİLLİ DİRÇƏLİŞ GÜNÜ — XALQIMIZIN AZADLIQ İRADƏSİNİN ZƏFƏR BAYRAMI
17 noyabr — Azərbaycan xalqının milli özünüdərk, azadlıq və suverenlik uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün sadəcə bir tarix deyil, xalqımızın yenidən dirçəlişinin, ruhunun oyanışının, milli kimliyinin bərpasının müqəddəs günüdür.
1988-ci ilin 17 noyabrı Bakının Azadlıq meydanında toplaşan yüz minlərlə insanın səsi ilə tarixə yazıldı. Bu, uzun illər boyu susdurulmuş bir xalqın öz iradəsini dünyaya bəyan etdiyi gün idi. İnsanlarımız “Azadlıq!”, “Vətən!”, “İstiqlal!” deyə ucalan səsinin qarşısında heç bir güc dayana bilmədi. Azərbaycan xalqı bu gün bir daha sübut etdi ki, millət olaraq nəinki taleyinə boyun əymir, hətta öz taleyinin memarı olmaq gücünə sahibdir.
Milli Dirçəliş Günü — Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun ilk böyük addımıdır. Əsrlərdir davam edən mübarizənin, işğal və təzyiqlərə baxmayaraq sarsılmayan milli ruhumuzun yenidən alovlandığı gündür. Bu günün yaratdığı milli həmrəylik 1991-ci ilin Şanlı Müstəqillik Gününə gedən yolu işıqlandırdı, xalqımızın birlik və iradəsinin gücünü bir daha göstərdi.
Bu tarixi oyanış bizə öyrətdi ki:
Xalq bir olduqda qarşısında heç bir güc dayana bilməz;
Milli kimlik, dil, bayraq və torpaq uğrunda mübarizə müqəddəs borcdur;
Azadlıq bir millətin ən böyük varlığıdır.
Bu gün biz o qəhrəman izdihamı, meydanda soyuğa baxmayaraq saatlarla dayanan yüz minlərin sarsılmaz iradəsini ehtiramla yad edirik. Onların qaldırdığı bayraq bu gün müstəqil Azərbaycanın üzərində şərəflə dalğalanır.
Bu gün həm də bir millət olaraq keçmişimizə borcumuzu, gələcəyimizə isə məsuliyyətimizi xatırladır. Müstəqilliyimizi qorumaq, inkişaf etdirmək və onu əbədi etmək hər birimizin müqəddəs vəzifəsidir.
Allah bu müqəddəs yolda canından keçən bütün vətəndaşlarımıza rəhmət eləsin, Vətən üçün çarpışan hər kəsə minnətdarlığımız əbədi olsun.
Milli Dirçəliş Günümüz mübarək olsun!
Yaşasın azad, suveren, güclü Azərbaycan!
İmza:Pərvanə Salmanqızı.


