Weather Data Source: havadurumuuzun.com

Zəfərin işığında yetişən gənclik — UNEC-də möhtəşəm anım tədbiri

Zəfərin işığında yetişən gənclik — UNEC-də möhtəşəm anım tədbiri

 

Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 8 Noyabr — Zəfər Günü münasibətilə UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin və İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının, eləcə də “Zəfər Yolu” İctimai Birliyi və “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin dəstəyi ilə bədii tədbir keçirilib.

Tədbir Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramla başlayıb. Dövlətimizin qürur simvolu olan üçrəngli bayraq səhnəyə gətirilərkən zalda duyulan coşğunu sözlə ifadə etmək çətindir. Bu an hər kəsin qəlbində bir daha o möhtəşəm Zəfər gününün sevinci, Vətən müharibəsinin hər anı canlandı.

Tədbirdə Vətən müharibəsində qazanılan tarixi uğurumuzun siyasi, hərbi və mənəvi əhəmiyyəti vurğulanıb. Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti və xalqımızın birliyi sayəsində 30 ildən artıq həsrətində olduğumuz torpaqların azadlığa qovuşmasının dünyaya örnək bir mübarizə olduğu qeyd olunub.

Səhnədə tələbələrin və
Azad Rəqs Ansamblı, Azərbaycan Dövlət Televiziyasının solistləri Nurlan Namazov və Nəsrin Nur xanımın
ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər və mahnılar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Xüsusən, Qarabağda yenidən dirçəlişin, quruculuğun və həyatın qayıdışının təsvir olunduğu çıxışlar tamaşaçıların alqışları ilə qarşılanıb.

Tədbirdə həmçinin, müharibə veteranlarına və şəhid ailələrinə göstərilən ehtiram, onların həyat hekayələrindən parçalar Vətən sevgisinin ən uca dəyər olduğunu bir daha nümayiş etdirib.

Bu gün xalq olaraq Zəfərimizin 5-ci ildönümünü qeyd ediriksə, bu şanlı tarixdə imzası olan qəhrəmanlarımızın, qazilərimizin, şəhid övladlarımızın qarşısında borclu olduğumuzu unutmamalıyıq. UNEC-in tələbələrinin bu istiqamətdə göstərdiyi fəal mövqe, gənclərin milli ruhda böyüməsinin ən gözəl nümunəsidir.

Zəfər bizi birləşdirən gücdür. Bu güc Qarabağı Azərbaycana qovuşdurduğu kimi, gəncliyimizi də daha yenilməz, daha iradəli, daha vətənpərvər edir.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə can sağlığı! Qarabağ Azərbaycandır — həmişə və əbədi!

İmza:Pərvanə Salmanqızı.

Top