Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib

Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib. Tədbirdə həm həmyerlilərimiz, həm də çeçen, türk diaspor nümayəndələri, eləcə də türk, rus, ukraynalı və norveçli qonaqlar iştirak ediblər.
Konsertin açılışında Azərbaycan Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə həmçinin Şanlı Zəfərimizə həsr edilmiş qısametrajlı video nümayiş etdirilib.
Daha sonra “Azərbaycan Evi”nin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışıb və bu tarixin xalqımız və Vətənimiz üçün xüsusi önəm daşıdığını qeyd edib. O bildirib ki, bu gün xalqımız üçün tarixi bir gündür və əldə edilən zəfər milli birliyimizin, gücümüzün və həmrəyliyimizin əsas göstəricisidir.
Ramil Əliyev həmçinin bu cür tarixi günlərə həsr olunmuş milli ruhlu tədbirlərin müxtəlif xarici ölkələrdə keçirilməsinin vacibliyindən danışıb. O vurğulayıb ki, belə tədbirlər xaricdə doğulub böyüyən gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.
Zəfərimizin 5 illiyinə həsr olunmuş konsert proqramında əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.
Orxan Cəlilovun ifasında səslənən xalq, türk və estrada musiqiləri, həmçinin Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifası tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. İfaçıların zəfər ruhunu əks etdirən çıxışları konsert zalında coşqu dolu ab-hava yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən biri Arvin Balanjinin pianoda ifa etdiyi musiqi də Zəfər konsertinə xüsusi bir ruh və xoş əhval-ruhiyyə qatıb.
Teleaparıcı, əməkdar artist Dilarə Əliyevanın Zəfərimizə həsr etdiyi monoloq da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Milli geyimdə səhnəyə çıxan rəqqaslarımızın çıxışı, eləcə də geyimlərimizin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.
İstedadlı rəssam Nərminə Vəliyevanın Qarabağ mövzusuna həsr etdiyi, Qarabağın ictimai və mədəniyyət xadimlərinin təsvir olunduğu “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı əsərləri konsert zalını bəzəyib. N. Vəliyevanın vətənpərvərlik ruhunda çəkdiyi rəsmlərdə xalqımızın qəhrəmanlıq tarixi rənglərin dili ilə ifadə olunub.



















Tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımızdan – paxlava və şəkərburanın da dadına baxıblar.
Məlumatı hazıladı: Günay ƏLİYEVA


