Weather Data Source: havadurumuuzun.com

Atamı yuxuda gördüm bu gecə

Atamı yuxuda gördüm bu gecə

Atam bir dağ idi gözümdə hər an,
Əlimi çiyninə qoyardım hərdən.
O, mənim ömrümün işığı idi,
İçində sızıltı duyardım hərdən.

Atamı ağlayan görmədim heç vaxt,
Bir dəfə demədi get dərdi oyat…
Qəm onu sıxdıqca, o, qəmi sıxdı,
İlahi, necə də çətindi həyat!

Başım ağrıyanda tez sığal çəkdi,
Qoymadı bir kərə ümidsiz qalım.
Ata olmayan ev soyuq bir çöldür,
Atamın iyini mən kimdən alım?

Atamı yuxuda gördüm bu gecə,
Gileyli-gileyli baxırdı mənə.
Elə bil yox imiş bu boyda adam,
Ey həyat, ey həyat, nə deyim sənə?

Yəqin məndən küsüb, yəqin inciyib,
Qəbrinin üstünə getmirəm deyə.
Neynim, vaxt tapmıram iş-güc əlindən,
Eləcə, əlimi açıram göyə.

Bir tikə çörəkçün əlləşir bu can,
Mümkünsə qızını bağışla, ata.
Sən mənim əbədi qaraçuxamsan,
Qoyma bu qəm gəlib sinəmdə yata.

Hər dua edəndə kədərlə dedim:
İlahi, sən mənim boynumu əymə!
Əzrayıl gələndə dilim tutuldu,
Deyə bilmədim ki, atama dəymə.

İndi nə atam var, nə də ki, anam,
İçimdə yüz arzum butasız qalıb.
Əcəl çox tez qıydı, köçüb getdilər,
Sona gör nə vaxtdı anasız qalıb.
Sona gör nə vaxtdı atasız qalıb…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Top