Weather Data Source: havadurumuuzun.com

Şəmsiyyə haqqında xatirələrim çoxdur

“Güləyən qız”

Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…

Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…

Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm.
Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım!
Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar.
Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!

Yenidən görüşmək ümidilə;

Nəzakət Əhmədova,
AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”

Top