Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmir yazır

Gerçəklik və xəyal arasında

Hava qaralırdı.Artıq axşam düşmək üzrə idi.Həm də bir az da səma buludlu olduğundan qəribə əhvala düşmüşdü hava.Bilmirdin darıxır, küsüb, əsəbləşib ,ya yorğundu.Hər halda bu qarışıq duyğuların hamısı vardı adamda.Bunun da bir səbəbi də havadan idi yüz faiz. Payızla qışın arasında var -gəl edirdi hava. Küçədə adamlar da seyrəlmişdi sanki.Elə maşınlar da. Ağaclar payızdan sonuncu yarpaqlarını gizlətməyə çalışırdı .Ancaq adi yeldən qopub düşən yarpaqlar uçub küçə-küçə, yol-yol, səki-səki xəzəl olurdular. Evdən çıxmışdım ki, hava alım.Ancaq qanım bir az da qaralmışdı.Səbəbini bilmədiyim narahatlıq , nigarançılıq içində səki boyu addımlayırdım qərarsızlığıma sarı. Yanımdan ara-sıra müxtəlif markalı maşınlar gəlib keçirdi..Siqnal verə-verə, tələsə-tələsə, hirsli-hirsli. Hər halda mənə elə gəlirdi.
Küçə itləri, pişikləri də küçəboyu harasa qaçırdılar..Fikirləşirdim ki, görəsən evdən çıxanda mətbəxdəki qazı keçirmişəmmi? Adətim idi.Evdən çıxandan sonra fikrim qalırdı ki, görən evin qapısını açarla bağladımmı və yaxud qazı söndürdümmü, işığı keçirdimmi? Hər nədisə bu hiss narahat edir adamı. Səkiylə gəlib gedənlər də bu gün nədənsə narahat idilər.Ya da mənə elə gəlirdi.Bilmirəm.Amma nigarançılıq məni öldürürdü.Təzədən evə qayıtmağa da ərinirdim. Bilirdim ki, boşuna təlaşlıyam, amma yenə də özümü ələ ala bilmirdim. Nə pis şeymiş bu sklerozluq.Hardan tapdı e bu dərd məni? Nə pis şeymiş nigarançılıq.Hara getdiyimi, necə getdiyimi bilmirdim.Amma gedirdim.Özümə söz vermişdim ki, bu dəfə dönməyəcəm.Lap fikir məni dəli etsə də dönməyəcəm. Beləcə Teleqülləni keçdim. Hava bir az da qaralmışdı.Gəlib gedən də səngimişdi.Birdən yadıma düşdü ki, telefonu səssizə qoymuşam. Kimsə zəng edə bilər. Çantamı eşələməyə başladım.Nədənsə əvvəlcə telefonu tapa bilmədim. Həyəcanlandım istər-istəməz.Əgər onu da götürməyi yaddan çıxarsaydım ,gərək məcburən evə dönəydim.Mənsə hec cür geri qayıtmaq istəmirdim .Özümə söz vermişdim.Nəhayət ki, telefonu tapdım və ürəyim üstümə gəldi.Tez götürüb baxdım.Heç kim zəng etməmişdi.Bir az da sevinən kimi oldum açığı. Demək bu vaxtacan hər şey qaydasındadı.
Bu dəfə telefonu cibimə qoydum.Hava getdikcə soyuyurdu. Üşüyən kimi oldum .Gödəkçəmin yaxasını möhkəm-möhkəm bağladım.
Qaranlıqda şəhər çox gözəl görünürdü. Daha doğrusu şəhərin işıqları gözəlliyə gözəllik qatmışdı. Bir az narahatlığım keçmişdi deyəsən .Ciyərdolusu nəfəs almaq istəyirdim. Neçə vaxt idi ki, öz-özümlə tək qala bilmirdim. Həmişə kimsə yanımda olurdu. Sən demə təkliyin də öz gözəlliyi varmış.İnsan özüylə danışdığı kimi heç kimlə səmimi və açıq ola bilmir.Təklik ən böyük azadlıqmış.Evlənməyimizdən düz 30 il keçirdi və bəlkə də bu illər ərzində mən ilk dəfəydi ki, özümlə baş-başaydım. Bu gün heç kim yox idi yanımda və bütün şəhər mənim idi. Birdən hiss etdim ki, telefon cibimdə səs salır.Tez baxdım.Məndən iki mərtəbə yuxarıdakı mənzilin sakini idi , yəni qonşum . “Xeyir ola? Axı mənə niyə zəng etsin.Elə də yaxınlığım yoxdu.Liftin pulunu da çoxdan vermişəm.Bəlkə nəsə olub?” Yenə ağlımdan keçirdim ki, görəsən suyu açıq qoymamışam ki? Qaz yanıqlı qalmayıb ki? Aman Allah , bu duyğular məni necə yaşamağa qoymur.Yapışıb zəli kimi yaxamdan, buraxmır. Əllərim əsə-əsə cavab verdim:
__Alo.
__Axşamın xeyir ,qonşu.Necəsən?
Sakit -sakit danışmağından anladım ki, heç nə olmayıb.Nəsə başqa məsələdi. Bir neçə dəfə “şükür ” dedim ürəyimdə.Rahatlaşdım bir az.
__Axşamın xeyir.Çox sağ ol.Sən necəsən?
__Mən də yaxşıyam, bacı. Bilirsən niyə zəng etmişəm?
__Niyə?
__Neçə vaxtdı sənə bir işim düşüb. Mən də hekayə yazıram. Əvvəl istədim şeir yazam.Sonra gördüm ki, mənlik deyil.Keçdim hekayəyə.Bəlkə nə vaxtsa şeir də yazaram. Həyatımdan roman yazmaq istədim.Hələlik hekayədən başlamışam.Sən də maşallah gözəl yazıçısan.Həm də tanınmış.İstəyirəm hekayələrimi oxuyub bir fikir bildirəsən.Fərli-başlı bir şeydisə kitab çıxartdırarıq.
Duruxdum.Bu qadın axşam, səhər binanın həyətində gəlib gedənlə çənə döyür.Nə vaxt yazdı bu hekayələri?Əlbəttə ağlımdan keçəni özünə demədim:
__İnşallah bir gün oxuyub fikir bildirərəm. İndi evdə deyiləm.
Qadın candərdi və könülsüz danışdığımı hiss etdi.
Söhbəti çox uzatmadı və sağollaşdı.
Bu da bir narahatlıq gətirdi mənə.Sözə yazığım gəldi.”Hamı yazır.Nə yazırlar bilən yoxdu”
Özümü sakitləşdirməyə çalışdım.
Saata baxdım.10 a işləyirdi.Evdən bir xeyli uzaqlaşmışdım.Hiss edirdim ki, yorğunam.Təzədən bu boyda yolu geri qayıtmağa taqətim qalmamışdı. Evdən ən az 4 kilometr uzaqlaşmışdım.Bəlkə daha az.Hər halda mənə elə gəlirdi. Yorğun da olsam qəribə rahatlıq vardı içimdə.Yüngülləşmişdim. Hiss edirdim ki, bu gecə rahat yatacam. Elə bilirdim heç bir problemim yoxdu.Bütün qayğıları unutmuşdum. Havada uçurdum sanki.Yanımdan keçən taksiyə əl etdim.Saxladı:
__Milli Məclisdən yuxarı.
__Baş üstə.
Binamızın həyətinə çatanda ilk gözümə dəyən qonşu qadın oldu .Bir neçə qadınla nəyinsə bərk müzakirəsini edirdilər..Gözünə görünməməyə çalışdım.Tez lifti çağırdım və 4 cü mərtəbənin düyməsini basdım.Burda da kiminsə mənimlə qalxmasını istəmədim.Mənzilin qarşısına çatanacan açarları hazır etmişdim ki, qapını açıb tez içəri girim. Açarı kilidə keçirəndə hiss etdim ki, qapı açıqdı.Duruxdum.Bir az da qorxdum.Sonra fikirləşdim ki, yəqin qapını kilidləməyib getmişəm.Amma hər ehtimala qarşı içəri girəndə qapını arxamca örtmədim.Ağlıma yüz fikir gəldi.Qorxaq olmasam da üşəndim.Birdən oğru filan olar. O qədər eşitmişik ki, oğrular ən yuxarı mərtəbələrə belə çıxa bilirlər .Elə bizim binada da nə qədər olub belə oğurluq hadisəsi. Keçən ay qonşu blokda yaşayan yaşlı bir qadının mənzilini qarət etmişdilər. Xoşbəxtlikdən qadın evdə olmamışdı. Bu fikirlərlə mətbəxə keçdim.Qaz da yanırdı və çaydan da üstündə pıkkapıkla qaynayırdı.Bu dəfə doğrudan da dəli olduğumu zənn etdim.Gözlərimi yumub açdım. Elə bildim bütün bunların hamısı xəyaldı.”Axı necə ola bilər? Eyni zamanda mən necə bu qədər səhv edə bilərəm.” Bərkdən oxumağa başladım.Bu o demək idi ki, yəni heç kimdən qorxmuram.Kim varsa çıxsın üzə . Qonaq otağına, ordan eyvana keçdim.Yorğunluğum da keçib getmişdi.
Evdən səs səmir gəlmirdi.Özümü inandırdım ki, evdə oğru filan yoxdu .Hər şeyi sklerozluğun üstünə yüklədim və təzədən otağa keçdim.
Əl üzümü yudum və öz otağıma keçdim ki, əyin başımı dəyişim.Adətimdi.Çöldən gələn kimi ev paltarlarını geyinməsəm rahat ola bilmirəm. Dolabin qarşısına keçəndə hiss etdim ki, dəhlizdən kiminsə kölgəsi keçdi.Yerimdə quruyub qaldım. Udqundum.Az qala nəfəs belə almırdım ki, o hər kimdisə gəlib məni tapmasın. Sonra fikirləşdim ki, onsuz da bir gün hamımız öləcəyik.Bu gün ,ya sabah.Fərq etməz. Qorxa-qorxa dəhlizə keçdim.
_Kim var evdə?Səsinizi çıxarın.Yoxsa polisə xəbər verəcəm.Kifayət qədər bərkdən danışırdım ki , evdəki hər kimdisə səsimdəki qorxunu hiss etməsin.Cavab gəlmədi.Gözümü dörd açmışdım ki, birdən hücuma məruz qalaram.Sonra tələsik mətbəxə girdim.Kəsici alətdən -bıcaqdan, baltadan, əlimə nə keçsəydi götürəcəkdim.Gözümə inanmadım.Qaz sönmüşdü.Əlimi çaydana atdım.Buz kimi idi.
“Axı bu necə ola bilər?Gözümlə gördüm axı.Qaz yanıqlı idi və çaydan da qaynayırdı”
Titrəməyə başladım. Qapıya qaçdım.Bağlı idi.”Mən ki,açıq qoymuşdum qapını.Kim bağladı ?”Ayaqlarım yer tutmurdu..Gəlib divana uzandım.Uçunurdum..Yoldaşıma zəng etmək istədim..Yadıma düşdü ki, telefonum çantamdadı və çantam da yataq otağında qalıb..Taqətim də yox idi ki, yataq otağına keçib telefonu götürüm.Səssizlik qulağımı batırırdı.Gözümü yumdum.Hiss edirdim ki, işıq sürətilə harasa uçuram. Sonrası yadıma gəlmir.Gözümü açanda həyat yoldaşımı başımın üstündə gördüm.
__Bayaqdan çağırıram.Niyə cavab vermirsən?
Burda niyə yatmısan?
Donuq -donuq üzünə baxdım.Cavab verməyə gücüm yox idi.

Təranə Dəmir

Top