Weather Data Source: havadurumuuzun.com

Müstəqillik – Bir Millətin Yenidən Dirçəlişi

Müstəqillik – Bir Millətin Yenidən Dirçəlişi

18 oktyabr — Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir tarixdir. Bu gün, əsrlər boyu azadlıq, milli kimlik və müstəqil dövlət arzusu ilə yaşayan xalqımızın taleyində dönüş nöqtəsi olmuşdur. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə millətimizin azadlıq arzusu gerçəkləşdi, xalqımız öz suverenliyini bərpa etdi.

Bu sənəd təkcə bir hüquqi akt deyildi — o, yüz illər boyu davam edən milli mübarizənin, şəhid qanının, xalqın birliyinin və sarsılmaz iradəsinin nəticəsi idi. Müstəqillik, əslində, Azərbaycan xalqının ruhunda əsrlərlə qorunan azadlıq eşqinin təntənəsi idi.

Tarixin yaddaşında iki müstəqillik

Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqilliyini elan etmişdir. 1918-ci ilin 28 mayında yaranan Azərbaycan Xalq Cümhuriyyəti — Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Amma o müstəqillik cəmi 23 ay yaşadı. Lakin 1991-ci ildə Azərbaycan xalqı tarixindən aldığı dərslərlə, daha möhkəm iradə ilə ikinci dəfə müstəqil dövlətini qurdu və bu dəfə müstəqilliyini qorumağı bacardı.

Bu müstəqilliyin bərqərar olmasında, xüsusilə də onun möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu danılmazdır. Onun uzaqgörən siyasəti, dövlətçilik təfəkkürü və milli birliyi qorumaq bacarığı sayəsində Azərbaycan müstəqil dövlət kimi möhkəm dayaqlar üzərində quruldu. Bugün isə bu yol Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, müasir və güclü dövlət strategiyası ilə davam etdirilir.

Müstəqillik – Qanla, inamla, birliklə qazanılan dəyər

Müstəqillik təkcə siyasi azadlıq deyil — o, həm də mənəvi bütövlük, milli kimliyin, dilin, mədəniyyətin, dinin, vətən sevgisinin qorunması deməkdir. 1990-cı ilin 20 Yanvarında Bakıda tökülən günahsız qanlar, Qarabağ uğrunda şəhid olan igidlərimizin fədakarlığı bu azadlığın bünövrəsinə çevrildi.

Azərbaycan xalqı azadlığını qorumaq üçün daim bir yumruq kimi birləşdi. Bu birliyin zirvəsi isə 2020-ci ildə — 44 günlük Vətən Müharibəsində bütün dünyaya göstərildi. Bu gün biz müstəqil, qalib, güclü və suveren Azərbaycan dövlətində yaşayırıq.

Müstəqillik – gələcəyə inam

Müstəqillik hər bir azərbaycanlının qəlbində yaşayan müqəddəs bir hissdir. Bu hiss bizi birləşdirir, gələcəyə aparır, bizi daha güclü və müdrik edir. Bugün müstəqil Azərbaycan öz sözünü deyən, dünyada nüfuz qazanan, mədəniyyətini və elmini inkişaf etdirən bir ölkədir.

Biz bu müstəqilliyi qorumağı, onu daha da yüksəltməyi, gələcək nəsillərə əmanət kimi saxlamağı borc bilirik. Çünki müstəqillik yalnız bir dövrün deyil, bütün zamanların ən böyük sərvətidir.

Bir millət, bir ruh, bir dövlət

18 oktyabr — təkcə bir tarix deyil, o, bir ruhdur. O ruh xalqımızı əsrlər boyu ayaqda saxlayıb. O ruh bizə “Azərbaycan var olacaq, çünki onun ruhu azaddır!” dedirir.

Müstəqilliyimizi əbədiləşdirən, bu günümüzü azadlıqla, sabahımızı ümidlə bəzəyən bütün qəhrəmanlara, şəhidlərimizə, qazilərimizə minnətdarlıqla baş əyirik.

Qoy üçrəngli bayrağımız daim azad göylərdə dalğalansın, müstəqilliyimiz əbədi olsun!

Yaşasın Müstəqil Azərbaycan!

 

YOXDUR TAYIN AZƏRBAYCAN.
Pərvanə Salmanqızı

Ormanında maral gəzər,
Geniş-geniş oylaqların,
Durna gözlü bulaqların,
Yoxdur tayın Azərbaycan.

Cənnət kimi yaylaqların,
Çöllərində cüyür gəzər.
Bol veribdir yaradanın,
Yoxdur tayın Azərbaycan.

Mil muğanın laləzardır,
Şirvanın bağça barlıdır.
Yer altı sərvətin boldir,
Yoxdur tayın Azərbaycan.

Qarabağın səfalıdır,
Bülbüllərin vəfalıdır,
Tanrının nemət payıdır,
Yoxdur tayın Azərbaycan.
21.10.2023

İmza:Pərvanə Salmanqızı.

Top