Füzuli rayonunun Xələfşə kəndinin gənc müharibə iştirakçıları: Vətənləşən oğullar

Füzuli rayonunun Xələfşə kəndinin gənc müharibə iştirakçıları: Vətənləşən oğullar
Müharibə və onun yarattığı travmalar insan ruhunda necə izlər buraxır? İnsan torpaqdan yaranıb, yenidən torpağa qayıdacaq. Ölümlə bərabər yaşayır insan. Torpaq uğrunda vuruşur, torpağa qarışır. Hər an tətikdə olan, ölümü gözləyən əsgərin də bədəninin yarısı torpağa qarışıb. Yəni sanki əsgər həm qazi, həm də şəhiddir. Bir tərəfi şəhid, bir tərəfi qazi. Qazinin yarısı şəhiddir, cismi qazidir, ruhu şəhiddir. (Qazinin ruhu şəhid olub) Ona görə onlara “canlı şəhid” deyirik. Bir saniyə əvvəl sağ olan əsgər bir saniyə sonra həyatda olmur. Əsgər torpaqla qovuşur, torpaqda özünü “əridir”, torpağın “elementinə” çevrilir. Torpaq kimlikdir, yaddaşdır, öz kökümüzə bağlılıqdır. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Müharibə içində olan insan artıq torpağa qarışmış, fərdiliyini itirmiş varlıqdır, hissədir. Müharibədə atılan güllələr ancaq bədənləri parçalamır, həm də ruhları parçalayır. Müharibə yalnız döyüş meydanında deyil, həm də insanların ruhunda gedir. İnsanın ruhu da, ürəyi də cəbhədir. (“metafizik cəbhə”) Döyüşən oğullardır, yaralanan analar, atalar. Oğullar cismən şəhid olanda analar, atalar da ruhən şəhid olurlar. Ruhlar yalnız məzarlıqda yatan cansız cəsədlərdən ibarət deyil. Bədəni dəfn olunmayan nə qədər kəfənsiz, duasız “ruhlar” (arxa cəbhənin qəhrəmanları) var aramızda. Bizimlə eyni coğrafiyada yaşayan, arzuları itkiləri ilə birlikdə dəfn olunan, kəfənsiz, duasız “ruhlar”.
Müharibənin yaratdığı travmaların ailələrdə buraxdığı izi anlamaq mənim üçün çox da çətin deyil. Dayım Mahir Allahquliyev Birinci Qarabağ müharibəsində şəhid olub, digər dayım Mahmud Allahquliyev Birinci Qarabağ müharibə veteranıdır. Şəhidlərin geridə buraxdığı izləri, qazilərin sükutunu, yaralı ruhların naləsini, müharibənin vurduğu zərbələri ifadə edən hər cümləm, hər fikrim mənim üçün həm elmi, həm də subyektiv əhəmiyyət daşıyır. Şəhid danışır, ancaq eşidən yoxdur, qazi susur, ancaq səsi duyulur.
Şəhidin cismi ölür, nəşi torpağa qarışır, xatirəsi qalır. Qazi həyatdadır, ruhu isə keçmişdə qalıb, hələ də müharibənin təsirindədir, tam bərpa baş verməyib. Müharibə cəbhədə başlayır, ancaq cəbhədə bitmir, qazinin şəxsi həyatında, daxili dünyasında dərin və sağalmaz izlər buraxır. Qazi müharibədən sonra da həyatı ilə “vuruşur”, cəbhəsi də “ürəyidir”. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Qazi cismən müharibədən sağ çıxıb, ancaq daxilən başqa bir müharibənin içindədir. Müharibədən sağ çıxan qəhrəmanın qəlbi və ruhu necə? Bədəni kimi sağdırmı?!
Füzuli rayonunun tarixi və qədim kəndlərindən biri olan Xələfşə kəndi şəhidləri və qaziləri ilə tanınır. Kənd 1-ci Qarabağ müharibəsində beş şəhid verib, çox sayda qazi və müharibə veteranı yetişdirib. Kəndin gənc nəslinin nümayəndələrindən bəziləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Gəlin, Füzuli rayonunun Xələfşə kəndinin gənc qazilərinin keçdiyi ağır, amma şərəfli döyüş yolu ilə qısa da olsa tanış olaq:

Qasımov Ənvər Malik oğlu 44 günlük Vətən müharibəsi iştirakçısı, Murov və Kəlbəcər döyüşlərində iştirak edib, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Kərimov Fuad Fikrət oğlu “Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Fərəcov Ceyhun Qacay oğlu Suqovuşan, Qubadlı və Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Ağayev Mirsərvan Seyran oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Əhmədov Elvin Surəddin oğlu “Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ağayev Ağa İlham oğlu “Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Müəllif: Sərvanə DAĞTUMAS,
ədəbiyyatşünas
E-mail:[email protected]
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


