Weather Data Source: havadurumuuzun.com

Koroğlu – Füzuli Rzaquliyev

Koroğlu – Füzuli Rzaquliyev

“Koroğlu” ləqəbli Füzuli Rzaquliyevin Sarısudan (Buzluq, Manaşid, Todan) başlanan döyüş yolu Daşaltı, Şuşa, Laçın (40 kəndin azad edilməsi əməliyyatları), Kəlbəcər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdən keçdi. “Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. Ancaq vətənim olmadan, yaşaya bilmərəm”, deyən qazimizdir, Füzuli bəy.

Gənclərimizə dönə-dönə Qazi Atatürkün “Analar oğul doğa bilər, amma analar Türkiyə doğa bilməz”-deyə Vətənin müdafiəsinə çağrış edən bir komandirimizdir, Füzuli Rzaquliyev. İllərdir ki, döyüşçülərin hüquqlarının müdafiə olunmasında öndədir və bu illər ərzində gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində misilsiz işlər görülməsi, məhz onun adıyla bağlıdır. Minlərlə görüşün təşkili və keçirilməsi sizlərə asan gəlməsin.

Qazilər, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, canıyla, qanıyla torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Döyüşçünü özünə borclu bilən fərarilər bunu anlamazlar. 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan Füzuli Rzaquliyev bu müharibədə öz oğlunun döyüş yoldaşı kimi iştirak etdi. 29 il öncə geridə qoyub getdiyi 6 yaşlı İlkin Rzaquliyev bu dəfə bir zabit kimi onun özünü arxada qoymuşdu. Ən qızğın döyüşlər gedən Füzuli, Cəbrayıl, Xocavənd uğrunda vuruşurdu. Köhnə döyüşçü üçün bundan ağır sınaq yoxdu. Talelərin bir mərmidən və güllədən asıldığı bir məkanda, yanan güllələrin mələk üzlü əsgərlərimizin həyatını söndürdüyü anları yaşamaq da varmış, komandir Füzuli Rzaquliyevin qismətində. Qəzan mübarək, komutan!..
“Bu Vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik”-dediyinizi bilirik!

Məqalənin müəllifi: ilk döyüşçü jurnalist, I Qarabağ müharibəsinin qazisi, mərhum Xaqani Ədəboğludur!

Top