“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb

“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb. Bu barədə jurnalının məsul katibi Vüsal Nuru məlumat verib:
“Azərbaycan” jurnalının 9-cu nömrəsi qatarla gəlib. Zəngəzur və Ağdam qatarını xatırladır. İşığını yandərıb, qaranlıqdan aydınlığa çıxıb. Dumanı yara-yara gəlir.
Bu qatarın vaqonlarında maraqlı sərnişinlər var. Məsələn: Birinci vaqonda 100 yaşlı Bəxtiyar Vahabzadə əyləşib. Sevinc Mürvətqızının qonağıdır. Yaqub Babayev də Bəxtiyar Vahabzadənin “Dil və İstiqlal sevgisi”ndən danışır.
Vüsal Nuru “Zəhmli eynək” li adama mülayim bir esse həsr edib. Onun bədii portretini gördüyü kimi yaratmağa çalışıb.
Növbəti “Ədəbi irs” adlı vaqonda 90 yaşlı Fikrət Qoca əyləşib. Güldəniz Qoca xatirə danışır.
Poeziyada Əlizadə Nuri rəqəmli misralar təqdim eləyib. Barat Vüsal, Mahcamal, Nazim Hüseynli poeziya axşamı qurublar.
Nəsr vaqonunda qotik ab-hava yaşanır. Vüsal Nurunun təqdim elədiyi “Ölü yuxusu” adlı romanı yolçuluğa başladı.
“Ədəbi söhbətlər” i bu dəfə çox hörmətli tənqidçi Nergiz Cabbarli Nizami Cəfərovla aparıb. Ədəbi problemlərə diqqət çəkib.
Təhsin Mütəllimov xatirələrini danışıb, duyğulanıb.
Növbəti vaqonda 90 yaşlı Əlibala Hacızadə var.
“Yeni tərcümələr” vaqonunda Azad Yaşar Stefan Sveyqlə yol gedir.
“Tənqid və Ədəbiyyatşünaslıq” vaqonunda Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış” pəncərəsindən baxır.
Hacı Firudin Qurbansoy “Axtarışlar, tapıntılar” vaqonunda yenə nəsə aşkarlayıb…
Bu qatarın sərnişini olmaq üçün jurnalı əldə etməyiniz kifayətdi.


