BU GÜN AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATININ TANINMIŞ NÜMAYƏNDƏSİ QƏŞƏM İSABƏYLİNİN DOĞUM GÜNÜDÜR

QƏŞƏM İSABƏYLİNİN YENİ YAŞINA
14 Avqust qədim dostum, qələm yoldaşım şair Qəşəm İsabəylinin doğum günüdür. Bu münasibətlə əziz dostumuzu təbrik edir, şairə sağlam həyat, yeni yaradıcılıq uğurları arzulayıram. Yeni yaşınız mübarək olsun, Qəşəm müəllim!
Qəşəm İsabəyli Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və yazdıqlarının mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibidir. Yazıçı araya-ərsəyə gətirdiyi poeziya və nəsr nümunələri ilə yetmişinci illərdən üzübəri yol gəlir. Bu yollarda ədəbi, mənəvi yaddaşımızı “Balaca, bapbalaca”, “Şam nağılı”, “Əkil-Bəkil”, “Ü-ü-ü”, “Nənəm təkdir” kimi əsərləri ilə zənginləşdirib. Bu əsərlərdən sonra onun yazdıqlarının kəmiyyəti, keyfiyyəti ötən zamanlar içində oxucularda heyrət doğurub. Çoxlu sayda kitabları geniş auditoriyalarda maraqla qarşılanıb.
Yeri gəlmişkən, Qəşəm müəllimin “Ü-ü-ü” nəsr əsərinin redaktoru olmuşam. Haqqında bir neçə məqalə ilə dövri mətbuatda çıxış etmişəm. Məni şairin yaradıcılığında özünə cəlb edən xüsusiyyətlər yetərincədir. İlk olaraq, dəyişən, yeniləşən zamanı duya bilməsi, həyatı öz rəngində görməsi, ədəbi qəhrəmanlarının xarakterini ustalıqla yarada bilməsi, şifahi xalq ədəbiyyatından, milli dəyərlərdən ustalıqla bəhrələnməsidir…
Şairin əsərləri müxtəlif vaxtlarda bir çox ədəbi təşkilatların mükafatlarına layiq görülüb. Onların içərisində 2021-ci ildə Beynəlxalq Kitab Şurasının Andersen “Fəxri Diplom”una layiq görülməsi qələm dostlarını daha çox sevindirdi. Xatırladım ki, bu mükafatı ilk dəfə Azərbaycana gətirən məhz Qəşəm İsabəylidir…
Zaman ömürdən sürət qatarı kimi ötüb keçir, yaş üstünə yaş gəlir. Qəhrəmanımız – Söz xiridarı, qələm Adamı Qəşəm İsabəyli isə uçan illərin fərqinə varmadan yenə də gənclik şövqü ilə yazıb-yaradır, həyatın doğurduğu mövzularda ərsəyə gətirdiyi əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixinə öz töhfəsini verir.
Doğum gününüz mübarək olsun, Şair!
P.S.
İndicə Mark mənə Qəşəm İsabəylinin doğum gününə yazdığım digər təbriki çıxardı. Düşündüm ki, onu da bu təbrikə əlavə edim. Fərqli təbriklərdi…
BU GÜN AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATININ TANINMIŞ NÜMAYƏNDƏSİ QƏŞƏM İSABƏYLİNİN DOĞUM GÜNÜDÜR
Doğum günün mübarək olsun, Qəşəm İsabəyli. Düşünürəm ki, sən dünyaya gəlməsəydin, bu gün Azərbaycan uşaq ədəbiyyatının bir yanı (həm poeziya, həm də nəsrdə) boş qalardı. Sən öz yaradıcılığınla ədəbiyyatımızın bu qanadında şedevrlər yaratmısan. Ələlxüsus da son dövr – son aylar mükəmməl əsərlərin (böyüklər üçün də!) günümüzün reallıqlarını, acılarını, insan psixologiyasında baş verən təbəddülatları güzgü kimi əks etdirir. Bax elə buna görə də əziz dost, öz üslubun, dəst-xəttinlə həmişə diqqətimdəsən. Sənin yaratdıqların mükəmməldir! Allah sənə can sağlığı, bol yaradıcılıq imkanları versin. Təbrik edirəm!
Hörmətlə: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


