Təranə Dəmirin yeni şeirləri

*****
Yadımdadı ,
Balacaydım ,
Qardaşım mələk olub uçmuşdu göy üzünə ( elə deyirdi atam)
Uşaq ağlımla göy üzüylə haqq -hesab çəkirdim hər gün ,
Hər gün məktub yazırdım Allah babaya anamın adından,
Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya.
Hər gün bir az da inanırdım dualarıma ,
hər gün bir az da aldanırdım.
..Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar ,
Üstündə süd qoxusu , bir də anamın göz yaşı.
Hər gün təkliyə çəkilib ,
bağrıma basırdım , ciyərimə çəkirdim qoxusunu .
Bulaşırdı üstüm , başım anamın
göz yaşına.
Sonra gizlətdilər məndən süd qoxulu papağı,
Axtardım , çox axtardım , tapmadım.
Yavaş -yavaş öyrəşdim onsuzluğa ,
Öyrəşdim ,amma unutmadım,
Unutmağa qoymadılar axı —
Sağ olsun dırnaq içindəki qohumlar , yadlar ,
yaxınlar , uzaqlar.
Bir də uzun -uzadı gecə darıxmaqları vardı ,
Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı.
Girərdim qucağına , qoxumu içinə çəkərdi , ovunardı.
Vaxt keçdi , bütün qızların qardaşları böyüdü ,
Bircə mənim qardaşım həmişə süd qoxudu.
Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək , nigaran –
Başında qovğa , qolunda təklik , gözündə intizar , ürəyində həsrət.
Sonra başıma nə çox “qardaş” yığıldı , İlahi —
İçlərində qaranlıq , baxışlarında sazaq , salamlarında minnət.
Yavaş -yavaş keçdim bütün qaranlıqları , töhməti, tənəni ,
Küləyi də keçdim , yağışı da , sazağı da .
Sonra bütün bütlər sındı , dağıldı,
Gözəl -göyçək , bərli -bəzəkli ayrılıqlar gəlib tapdı məni —
Qatı açılmayan , təptəzə .
Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum ,
Aşdım bütün divarları ,
hasarları aşdım ,
Beləcə barışdım –
Özümlə , taleyimlə , təkliyimlə ..
Qurdlar , köpəklər çıxdı qarşıma hər addımbaşı ,
yeridim bütün ağrıların , əzabların üstünə əliyalın, ürəklə —
Burnumda süd qoxusu , bir də üstümdə anamın göz yaşı…
****
Baş açmırıq sözümüzdən ,
Əyrimizdən , düzümüzdən ,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala ,
Əyilirik sağa , sola,
Yada calaq ola -ola
Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.
****
Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Bulud tökür sellərini üstünə,
Aradabir günəş baxır uzaqdan.
Bir ümidə sığınırsan, onda da
Göy gurlayır, şimşək çaxır uzaqdan.
Gündüzləri küçə küçə atırsan
Gecələrin həsrətini gözündən.
Yavaş yavaş şeirləşir bu sevgi,
Varaq varaq tökülürsən özündən.
Nə sevgini gizləməyə bir yuva,
Nə dərdini ovutmağa yer olur.
Nə getməyə yol tapırsan özünə,
Nə təzədən qayıtmağa yer olur.
Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
****
Köhnə kənd ,
Kərpic evlər ,
Yollar , ağaclar ,kölgələr.
Yalına yalmanan itlər ,
Qoyunlar , quzular , atlar.
Araba cırıltısı ,
Qurbağa qurultusu.
Dəryaz səsi ,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi ,
Qarışqalar , çəyirtkələr , İlanlar ,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar ,
Yolun qırağında tum satan qarı
ovcunda qabar ,
qabarın üstündə dəmir pullar ,
Pulların üstündə dualar..
Havada torpaq qoxusu ,
İçində rəngli -rəngli arzular.
Ulduzlu gecələr ,
Tər- tərtəmiz xəyallar ..
Lampa işığı , kitablar ..
Eh , nələr , nələr..
Sonra təyyarə biletləri ,
Uzaq şəhərlər ,
Binalar , küçələr,
Limanlar , dənizlər,
ayrılıqlar , əzablar…
****
Hərə bir daş atıb qaçdı ,
Qismətimi daş apardı.
Ürəyimi şübhə yedi ,
Ömrümü təlaş apardı.
Durdu duman , çən üzümə,
Tapmadım bir çəm özümə ,
Aşiq oldu qəm gözümə ,
Yanağımı yaş apardı
Əlimi üzdüm hamıdan ,
Umduqca küsdüm hamıdan,
Yarımadım vaxt sarıdan ,
Hər günüm bir kaş apardı.
AYB -nin və AJB-nin üzvü, şair -publisist.
Yunus Oğuzun bloqu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


