Weather Data Source: havadurumuuzun.com

Rənglərin sehri ilə dünyanı fəth edən sənətkar – Sakit Məmmədov

Rənglərin sehri ilə dünyanı fəth edən sənətkar – Sakit Məmmədov

 

Bu gün Azərbaycan mədəniyyətinin fəxr etdiyi, sənət dünyamızın nadir simalarından biri, rənglərin sehrbazı, böyük rəssam Sakit Qulam oğlu Məmmədovun doğum günüdür. 5 avqust 1958-ci ildə Neftçala torpağında dünyaya göz açan bu qeyri-adi istedad sahibi, illər keçdikcə təkcə Azərbaycanın deyil, bütöv dünyanın incəsənət səhnəsində öz izini buraxmağı bacardı.

Sakit Məmmədovun yaradıcılığı – bir ruhun, bir zamanın, bir xalqın yaddaş kitabəsidir. O, təkcə fırça ilə deyil, ruhun dili ilə danışan rəssamdır. Onun əsərlərindəki hər rəng, hər xətt, hər detal – sanki keçmişin səsi, gələcəyin işığıdır.

O, 2018-ci ildə “Azərbaycan Respublikasının Xalq Rəssamı” fəxri adına, eləcə də professor elmi adına layiq görülərək sənətə verdiyi töhfələrin rəsmi şəkildə də yüksək qiymətləndirildiyini sübut etdi. Amma onun əsl təltifi – tamaşaçının heyranlıqla baxdığı əsərlərdə, dünyanın fərqli guşələrində onun sənətinə açılan qapılarda gizlidir.

Sakit Məmmədov bu gün YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının və “Türk Dünyası” Akademiyasının həqiqi üzvü kimi nüfuzlu statuslarla həm də beynəlxalq arenada ölkəmizi ləyaqətlə təmsil edir.

Onun “qlassizm” adlandırdığı orijinal üslubu, xüsusilə şüşə teksturalı rəsmləri – Azərbaycan rəngkarlığının dünya səviyyəsində yenidən tanınmasına səbəb olub. Bu üslubla o, həm ənənəvi Azərbaycan sənətinə sadiqliyini qoruyur, həm də müasir incəsənətə yeni nəfəs verir.

Sakit Məmmədovun yaratdığı obrazlar – ruhun musiqisidir, iç dünyaların kətan üzərinə düşmüş pıçıltısıdır. Onun hər tablosu – bir həyat fəlsəfəsi, bir təfəkkür körpüsüdür.

Bu gün, doğum günündə bu böyük sənətkara sağlam ömür, ilham dolu illər və yeni-yeni yaradıcılıq zirvələri arzu edirik. Onun sənəti zamanları aşacaq, qəlblərdə yaşayacaq.

Sənət ölümsüzdür. Sakit Məmmədov kimi sənətkarlar isə bu ölümsüzlüyün memarlarıdır!

İmza:Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şairə-publisist

Top