Aygül Xaqanın şeirləri

ŞƏHİD
Vətən, torpaq uğrunda
Fəda etdi canını.
Bir qarış torpaq üçün
Verdi bütün qanını
Düşmənindən qorxmaz o,
Gözlərinə dik baxar.
Onu məhv etmək üçün
Canını oda yaxar.
“Torpaq”, “ Vətən” sözünü,
Yüksək tutdu canından
Bir al bayraq düzəltdi
Qıpqırmızı qanından.
MUSİQİNİN GÖZƏLLİYİ
Qəlbləri ovsunlayan
Bir ümmandır musiqi.
Ürəklərə yol tapan,
Axan qandır musiqi.
Onu yoxdur sevməyən,
Allah hədiyyəsidir.
O, qəlblərin sevgisi
Ürəklərin səsidir.
İnsanı düşündürür,
Xəyallara aparır.
Ona qulaq asanda
Canı candan qoparır.
Nə xoş ki, mən özüm də
Bu torpaqda doğuldum.
Bu gözəl musiqiylə
Əbədi yaşar oldum
AZƏRBAYCAN QIZI
Vətəni çox sevirəm,
O mənə çox əzizdir.
Onun hər bölgəsinin
Təbiəti təmizdir.
Onu hər kəs sevməli
Körpə balası kimi.
Ona hörmət etməli
Doğma anası kimi.
Torpağı çox zəngindir,
Hər məhsulu yaradır.
Yeraltı sərvətləri
Nefti, pambığı vardır.
Vətənin keşiyində
İgid əsgərlər durur.
Sevərək dayanırlar,
Biz də duyuruq qürur.
Mən də çox sevinirəm,
Göylərin ulduzuyam.
Ondan uzaq getmirəm,
Azərbaycan qızıyam.
Müəllif: Aygül XAQAN


