Weather Data Source: havadurumuuzun.com

Lətifə Orucun hekayəsi

VƏLİNİN ZİRVƏSİ
(hekayə)

Səhər tezdən yuxudan oyananda haradansa yadına dağlar, yaylaqları düşdü. Fikirni nə qədər cəmləşdirsə də, xəyallarını indiki ana, bu günün gərgin iş rejiminə çəkib gətirə bilmədi. Qəribə duyğular keçirirdi. Bu duyğular axaşam gördüyü qarma-qarışıq yuxuların təsirindən yaranmışdır. Lakin bu duyğular da onun yaylağa getmiş, xəyyalarını yığıb real indiyə gətirə bilmirdi. Sanki çoxdandır düşüncə, hisslərin və ağır işin altından çıxıb qaçmış xəyyalar canlarını qurtarıb yaylağa çıxmışlar.

-Günortadan xeyli keçmiş quzuları otarmağa aparırdı. Hələ isti olduğundan, quzular başlarını bir birlərinin kölgəsinə salıb, ağır- ağır gedirdilər. Sanki isti otlamaq həvəsini qızdırb, buxarlandırmışdı. Onların indiki halı ilə axaşmçağının sərinindəki hərəkətli vəziyyətləri arasındakı fərqi günəşin müdaxiləsi yaradırdı.

-Demək ki, günəş təkcə hərəkətverici qüvvə deyil, həm də sakitləşdirici, dayandırcı qüvvəyə malik imiş.

-O da əlindəki anasının tikdiyi məktəb çanatsı rolu oynayan içi kitabla dolu olan ağ torbanı gah bir- gah da digər əlinə keçirib, quzuların arxasıca gedirdi.

Birazdan təpəni aşdılar, quzular yavaş-yavaş yayılıb otlamağa başladılar. Vəli də torbasını açıb, kitablarını balaca bir daşın üstünə yığdı. Tarix kitabını vərəqləməyə başladı. Ona qəribə gələn o idi ki, kənddə bu kitabı oxuyanda gözü önündə canlanan hadislər bir cür, burada-dağlarda oxuyanda isə başqa cür mahiyyət kəsb edirdi. Sanki, dağlar tarixə, keçmişə daha yaxın idi, buradan daha aydın görsənirdi.
Elə seçdiyi, daha doğrusu arzusunda olduğu hüquq fakültəsi haqqında düşüncələri də buradan fərqli görsənirdi. Buradan baxanda hüquq işçisi daha uca, sərt , eyni zamanda da təbii, saf dərk olunurdu. Ağlına gəldi ki, quzuları lap yuxarı, ən hündür yerə çıxarsa, orada tarix və başqa kitablarını oxusa, nə cür anlayar?

Əvvəl bu fikirinə gülməyi tutdu, amma sonra buna daha çox inanmağa başldı və quzuların yönünü yuxarı doğru yönəltdi.

-Ay Vəli, niyə durmursan, işə gecikirsən axı?
Həyat yoldaşı Şəhlanın səsindən elə bil xəyyaları ürküb, yaylaqdan indiki yerə gəldi, ordan da tez işə getdi.
Mürəkkəb olmasa da dolaşığa salınmış bir cinayət işinin istintaqı yekunlaşmış, məhkəməsi gedirdi.

Dağ kəndlərinin birində sürücü aftomobili yuxardın aşağı öz xoduna buraxmış, qəfil döngədən çıxan velisopedlə işə gedən fəhləni vurmuşdur. Fəhlə ağır vəziyyətdə bir neçə gün rayon xəstəxanasında reanimasiyada koma vəziyyətində qalsa da, beyni bərk zədələndiyindən onun həyatını xilas etmək mümükün olmamışdır.

Sürücünün atası, qardaşları və əmisi əl çəkmirdilər ki, bu qəzadır, qəsdən etməyib və s. ona görə də həbs oluna bilməz. Onlar hakimi və vəkili də sanki ələ almış, ya yoldan çıxarmışlar. Onlar da bütün yüngüləşdirici halları, eyni zamanda sürücü mütəhhimin 3 övladı olduğunu, ilk belə hadisə törətdiyini nəzərə alaraq, hər vəhclə kömək etməyə çalışırdılar.

-Nə etdilər, barışdıra bildiz Məmmədlə Füzulini?
Yoldaşının qabağna çay qoyan Şəhla soruşdu. Vəli adəti üzrə qatığın üzündən qaymağını çay qaşığı ilə yığıb, ağzına qoydu, gözlərini qıyaraq dedi:

-Niyə barışmalıdırlar ki?

-Ona görə ki, Nurunun da 3 körpə balası var, o gedib içəridə yatsa, kim baxacaq onlara? Həm də Nuru çox ağıllı oğlandır deyirlər, heç kimlə ədavəti olmayan, sakit adamdır. İndi bir hadisədir də, qəzadır, taledir, ondan qaçmaq olmaz ki… Bir də nəzərə al ki, Məmməd və qardaşı Əbülfəz Nuru kimi deyillər. Əbülfəz özü bir neçə dəfə həbs edilib, çox inadkar və icəşkəndir. Sonra sənə zərər verə bilərlər.

Vəli çayından iki qurtum içib, bir anlıq gözlərini yumdu. Düşüncələri yenə ixtiyarsız yaylağa getdi.
Quzlar daşlı, çınqıllı, sərt yoxuşla otlaya-otlaya yuxarı qalxırdılar. Lap yuxarıdakı, həmişə şıltaqlıq edən, quzuları dalına salıb, ora-bura çəkib aparan ağ telli, ala- bula çəpişin ayağı altından çıxan daş sürətlə aşağı yuvarlanıb, bir kürəqulaq quzunun böyründən necə dəydisə onu elə bil ildırım vurdu, yanı üstə yıxılıb, can verməyə başladı. Vəli əvvəl bilmədi neyləsin, ama tez özünə gəlib, onu mundar olmasın deyə başını kəsdi.

-Nə fikirləşirsən? Axır vaxtlar yaman düşüncəlisən, elə bil bu dünyanın adamı deyisən … – Şəhla dedi.

-Nə fikirləşməliyəm, heç nə. O gün Məmmədgil yas yerinə getmişdilər, dil-ağız eləməyə. Füzuli yaxşı edib, ki hamısını qovub, camaatın içində biabır edib. Sonra ona kiminləsə sifariş edib, pul təklif ediblər. Onu da rədd edib. Dünən də mənə sifariş göndərmişdilər. İyrmi min manat…

-Sən yaxşı düşün: İyrmi min manat… Qızımızın cehizlərinə pul düzələr, 3 uşaq uzun müddət atasız qalmır, özünə düşmən qazanmırsan. O biri tərəfdə isə onsuz da dünyasını dəyişmiş insana faydası olmaycaq qərar.
Şəhlanın bu sözlərinə qulaq asa-asa evdən çıxan Vəli gülmsəyərək dedi:

-Narahat olma, pis düşünməyəcəm.


Məhkəmə başlamışdır. Bir neçə şahid dindiriləndən, vəkil danışandan sonra söz prokurora verilmişdi. Vəli ayağa qalxdı, əvvəl hakimlərə, sonra vəkilə, müttəhimə, müttəhimin qardaşlarına, əmisnə daha sonra isə Füzuliyə diqqətlə baxdı.

Hakimlər və vəkil baxışları ilə sanki deyirdilər ki, a kişi, gəl daşı tök ətəyindən, ortada filan qədər pul var, bizə mərdiməzarlıq etmə. Müttəhim ona zindan qapsı kimi baxırdı. Məmməd və qardaşı Əbülfəs isə, ilan kimi qıvrılıb, tmsah kimi ölü, amma dibi qəzəbli gözlərlə baxırdılar.
Füzuli isə Vəliyə neytral, sanki heç nə düşünmədən, fikirləşə bilməyən beyindən gələn impulsların yaratadğı ifadə ilə baxırdı.
Vəli təkrar çönüb müttəhimə baxdı, ona sanki elə gəldi ki, o vaxt yaylaqda ayağı altdan daş çıxıb quzunu öldürən həmən erkək çəpiş baxır. Onun gözləri ona görə yadında qalmışdır ki, həmin hadisədən bir-neçə gün sonra obaya qonaqları gəlmişdir. Babası da onu göndərmişdi ki, get bir çəpiş gətir, qonağımıza kəsək. O yolda heç nə düşünmədən, həmən ağ telli çəpişi seçmişdir.

Quzular zirvəyə çatmışdır. O çəmənlikdə ağzı üstə uzanıb, tarix kitabı oxuyurdu, hərdən də ən böyük arzusunun gerçəkləşəcəyi anlar göz önünə gəlirdi. Amma ona çox maraqlı idi ki, doğurdan da zirvələr tarixə, keçmişə daha yaxındır. Burdan yaxınlar-uzaqlar, hər şey daha aydın görsənir.
Hakimin qəsdən öskürməyi, onu fikirdən ayıltdı. Sərt və ötkəm səslə:

-Cinayət baş veribsə, mütləq cəzası olmalıdr. Heç bir yüngülləşdirici hal ola bilməz. Cəzalar təkcə baş verən cinayət hadisəsi üçün kəsilmir, həm də gələcəkdə olacaqların qarşısını almaq üçün kəsilir. Mütəhimə 8 il 6 ay iş istəyirəm.
Zaldakıların səsi batmışdı, baxışları bir-birlərin baxışları ilə toqquşub, zərbədən kəllələrini yellədirdi. Bunu gözləməyən Füzuliyə isə elə gəlirdi ki, Prokuror məhkəmə zalından deyil, uca dağın başından durub hayqırır.

23 İyul 2025

Müəllif: Lətifə ORUC

LƏTİFƏ ORUCUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top