Ağstafanın Dağ Kəsəmən kəndindəyəm

Ağstafanın Dağ Kəsəmən kəndindəyəm
Ağstafanın Dağ Kəsəmən kəndindəyəm hal-hazırda. Farizin doğulduğu kənddə. Burada hər şey susur… Amma bu sükutun içində bir fəryad var. Qışqırmır, amma ürəyi parçalayır. Elə bil bu kəndin torpağı danışa bilir danışır, amma yalnız anlayana. Burada bir şəhid doğulub. Bu torpaqda ilk dəfə yeriyib, burada ilk dəfə “ana” deyib. Uşaq gülüşü ilə dolub bu küçələr. Amma indi həmin küçələr səssizdir. Ağaclar başını aşağı salıb, elə bil utanır nəyinsə qarşısında. Elə bil kəndin nəfəsi tutulub…
Fariz bu kəndin ümidiydi. Bəlkə də hər kəsin anası öz balasını ona bənzədirdi. Çünki o, təkcə ailəsinin yox, bir xalqın oğluydu. Sadə, sakit, təmiz bir ömür yaşadı. Amma böyük bir ad qoydu getdi Şəhid adı. O ad indi bu kəndin ən uca yerindədir. Bu kənddə hər daşın, hər çayın, hər ağacın bir adı var Farizin adıyla. Çünki şəhid olan birinin doğulduğu yer, artıq sıradan kənd olmur. O kənd müqəddəsləşir. Farizin kəndində olmaq qürurdur… Amma bu qürur sinəni dağa döndərsə də, içində daimi bir ağrı qoyur. Çünki şəhidin kəndində nəfəs almaq belə başqa cür olur. Adam danışmağa utanır. Sanki səsini qaldırsan, ruhunu incitmiş olacaqsan. Bu kənd artıq sadəcə bir kənd deyil. Bu kənd Vətəndir. Çünki burada bir şəhid doğulub. O Şəhidi unutmayın.
Müəllif: Əzizə Fariz
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


