Ana torpağı qarış-qarış ziyarət edən Zaur Ustacın qızıl tacı – Qızılqaya

Ana torpağı qarış-qarış ziyarət edən Zaur Ustacın qızıl tacı – Qızılqaya
Hər xalqın taleyində zamanla yaddaşlara hopan, tarixə möhür vuran insanlar olur. Bizim millətimizin qürur duyduğu, sözün yükünü daşıyan, qələmiylə millət ruhunu yaşadanlardan biri də Zaur Ustacdır. O, sadəcə bir şair, bir yazıçı deyil. O, torpağın harayına, dağların sükutuna, çeşmələrin nəğməsinə könül verən, torpağı qarış-qarış gəzən, hər addımında tarixlə danışan bir fikir əsgəridir.
Zaur Ustac üçün ana torpaq – müqəddəs kitab kimidir. Hər daşda bir dua, hər qayada bir iz, hər çayda bir səs var onun üçün. Onun qəlbindəki Vətən sevgisi heç bir çərçivəyə sığmır. Bu eşqin qızıl tacı isə, bəlkə də, Qızılqayadır…
Qızılqaya – təkcə bir təbiət möcüzəsi deyil, o, ruhun çağırışı, keçmişin sədası, gələcəyə verilən mesajdır. Zaur Ustac üçün Qızılqaya bir zirvə deyil, bir dəyərdir. Bu dağın ətəyində dayandıqda o, sözün ruhuna enir, millətin hafizəsinə toxunur. Qaya kimi möhkəm iradəsi ilə xalqının ağrılarına sinə gərən Zaur Ustac bu qayanı qələmiylə daha da ucaldıb – sözün qızıl heykəlinə çevrilib.
Zaur Ustacın yolu – sadəcə yolların izi deyil, bu yol könül yoludur, ruhun izidir. Onun qələmində torpaq danışır, tarix susmur, şəhidlərin ruhu pıçıldayır, bayraqlar dalğalanır. Vətən onun sözündə yaşar, Qızılqaya isə bu sözün zirvəsi, simvolu, tacıdır.
Zaur Ustac kimi dəyərli ziyalımız var deyə, ana torpaq hələ də nəfəs alır, söz hələ də yaşar.
İmza: Pərvanə Salmanqızı


