Zaur Ustac – Cənnətin pilləkənində

CƏNNƏTİN PİLLƏKƏNİNDƏ
(qələmdaşım Azər Laçınlıya)
Şair var; qələmi, mürəkkəbi var,
Hər şeyi yerində, “suçəkən”i yox!
Həmişə elində, obanda, Şair,
Nə çox “Ağ saray”lar, pilləkəni yox!
Həsrətli qardaşım, bu günə şükür,
Hicrətli yoldaşım, bu günə şükür,
Qeyrətli sirdaşım, bu günə şükür,
Nə qədər evlər var, pilləkəni yox!
Qurulu evlər var, yox pilləkəni,
Çoxdur abad yurdlar, yox yol çəkəni,
Çoxunda çox şey var, yox “Mıxtökən”i,
O qədər “Cənnət” var, pilləkəni yox!
Kimi evin tapdı, yolun kol basmış,
Kiminin həyətin, yurdun lil basmış,
Nə çox ev-eşik var, çoxdan “dul” qalmış,
Çox yerə keçid var, pilləkəni yox!
Ustacı tanırsan, şükür aşiqi,
Hicrətdə intizar sökür aşiqi,
Yumağa döndərir, bükür aşiqi,
Onun hər şeyi var, pilləkəni yox!
17.07.2025. Laçın.
Müəllif: Zaur USTAC
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


