Weather Data Source: havadurumuuzun.com

Dördü də ədəbiyyatımıza bir işıq, bir yaraşıq idi

Dördü də ədəbiyyatımıza bir işıq, bir yaraşıq idi. Dördü də gənc yaşlarından sözə könül vermişdi… Ancaq çox əfsuslar olsun ki, vaxtsız, vədəsiz köçdülər bu dünyadan. Dördü də qəfil getdi, bir gecənin, bir saatın, bir anın içində ayrıldı aramızdan. Səssiz-səmirsiz getdilər… Əvvəlcə hekayələri ilə böyük oxucu sevgisi qazanan yazıçı Mövlud Mövlud əbədiyyətə yol aldı, onun ardınca həzin şeirləri ilə könüllərə yer edən Məlik Cahan. Onların ölümü qələm yoldaşlarının hafizəsindən silinməmiş Rauf Ra dünyasını dəyişdi… İki gün bundan əvvəl də Həsən Kür vidalaşdı bizimlə. Onlarla nə bir fotom var, nə də bir xatirəm. Ancaq yoxluqlarını iliklərimə qədər hiss edirəm. Çünki hiss edilməyəcək dərd deyil bu. Bu dərd, bu ağrı-acı ədəbiyyatın, mətbuatın dərdidir. Bəlkə də sağalacaq, bəlkə də heç vaxt sağalmayacaq…
* * * * * * *
Məlik Cahan “Səni bağışlayıram…”

Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.

Səni bağışlayıram
doğulacaq körpənin,
balaca süd dişinə.

Səni bağışlayıram
yolunun üstündəki,
qarışqanı əzməyən,
insanın ürəyinə.

Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.

Səni bağışlayıram
kimsəsiz məzarların,
şəkilsiz baş daşına.

Səni bağışlayıram
oyuncağı qırılan,
uşağın göz yaşına.

Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram,
elə sənin xətrinə…
* * * * * * *
Rauf Ra – “Dedilər, yazığın bağrı çatladı”

Sonrası daha da qəribə oldu.
qorxular ümidə dönüşdü o gün,
mən sirri hamıyla bölüşdüm o gün,
bir ömür sirrimi bilən olmadı.
Günəş də üfüqdə ilişdi, qaldı,
qarşıma mürdəşir çıxdı sübh çağı,
dedim ki, bu gecə ölən olmadı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir topa adamın içinə girdim,
gizləndim bir azca, kimsə görmədi.
Uzaqdan qapqara tüstü göründü,
qarğalar səs salıb başımı qatdı,
ayağım altında qarışqa qaldı,
gecikdim, deyərək, tapşırdı canın.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir sümük bir dəri müqəvva gördüm,
külək də papağın götürdü qaçdı.
Bir dərviş dönürdü getdiyi yerə,
kölgənin kölgədə itdiyi yerə,
soruşdu, ey yolçu, Şəmsi görmədin?
dedim ki, arxama baxmıram heç vaxt.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
İşığı güdərkən günəbaxanlar
tarlada bir nəfər yerə baxırdı,
kölgəsi aşağıdan göyə baxırdı.
Dəlinin biriydi rəssamabənzər,
cığıra baxaraq ağac çəkirdi,
ağaca baxaraq cığır çək, dedim.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Azacıq söykəndim ot tayasına,
divartək güvəndim ot tayasına,
mən qalxdım sökdülər sarı divarı.
Araba gedirdi yoxuşa sarı,
kiçik bir daş atdım buğda çuvalına,
qoca dəyirmanın çarxı dayandı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
Ağacın altında bir yolçu vardı,
yuxardan aşağı baxdı halıma,
çək, otur, stulu, yorğunsan, dedi,
otur, hər ikimiz dincələk, dedi.
Mən çəkdim stulu, oturdum bir az,
o isə ağacdan asılı qaldı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Ağaclar yoruldu başucalıqdan,
ağaclar yol oldu balacalıqdan.
Bir palıd qurudu gövdəsi üstə,
qəfildən yıxıldı kölgəsi üstə,
oyatdı gecəni şirin yuxudan.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
Əvvəli onsuz da qəribə idi…
* * * * * *
Həsən Kür – “Sonra evə qayıtdım”

İki gitarist oğlan,
Bildiyi mahnıları,
Hey ucadan oxuyur.
Onların gözlərində,
İndi hamı xəsisdi.
Gitara sandığına,
Mən də heç nə atmıram,
Birinin səsi pisdi…

Balıqçı gəmisi də,
Tək qoydu ləpələri,
Gün qaralar-qaralmaz.
Yanımdakı tabloda,
Bu sözlər yazılmışdı:
“İntihar etmək üçün
dənizə girmək olmaz”

Orda uşaq var idi.
Hörüklü qız uşağı;
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı:
“Atama de qayıtsın
ona ehtiyacım var”

Ondan utandım Allah,
O balaca uşaqdan.
Gözündəki həsrətdən,
Ürəyindəki dağdan.

O uşağın dilindən,
Elə sözlər eşitdim.
Hamımızın yerinə,
Dənizə nifrət etdim.

Sonra evə qayıtdım.
Keçdiyim məhəllədə,
Bir mənzərə var idi,
Yadımdadır hələ də.

Dörd mərtəbəli bina,
“Antena”lı köhnə dam,
Üstünə bir quş qonub,
Birdə yarımcan adam.

Özünü tullamağa,
Biraz gücü çatmırdı,
Bir az də cəsarəti.
Bir yığın bekar adam,
Doldurmuşdu həyəti.

Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb,
Özünü atar indi.
Bir neçə gənc jurnalist,
Yeni xəbər var deyə,
Gizlicə sevinirdi.

Sonra bir qadın gəldi,
Əllərini qaldırıb,
Xeyli göz yaşı tökdü.
Dedi: “gəl gedək evə,
Allah özü böyükdü!”

Allah onu bağışla,
Yoldaşının gözündən,
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin,
Dağa, daşa bağışla.

Bağışla sahildəki,
Səndən acığı gələn,
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik,
Bağışla hamımızı…

Ruhunuza dərin hörmət və ehtiramla:

Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: [email protected]

Top