Weather Data Source: havadurumuuzun.com

 Ədilə Əlimirzəqızı yazır

QADIN
Mən qadınam, övladam, anayam,
Bacıyam, xala, bibi, nənəyəm.
Qadınam, dostam , sirdaşam, sənə yaxın yoldaşam.
Mən qadınam, qırma qəlbimi !
Qırma sevgidən doğan ümidlərimi.
Mən qadınam, qabartma qırışan cizgilərimi.
Mən qadınam- sevgiylə yoğrulan, sevgidən doğan
Arzular qatında var olmuş adam!
Mən qadınam…
Bu həyat yolunda əlindən tutub
əzəldən axıra yol yoldaşınam.
Sevinci, kədəri birgə yaşayıb
Yıxılıb dirçəlib
Ümidi kiçilib
Dərdi ürəyində qovrulan qadın!

Bəzən valideynlər qız övladlarının çiyninə gücündən qat-qat artıq yük qoyurlar. Kölgələri yanında kənardan müdaxilə etmədən sakitcə izləyirlər. Əslində, övladları büdrəsə, qaça-qaça köməyə gələcəklər. Zülm, zillətlə böyük yükü, dərdləri çiyinlərində, qəlblərində təkcə daşıyan qızlar çox güclü olur həyatda. Çünki güclü olmağa məcbur qalıblar. Bütün qızlar xoşbəxt olmağı xəyal edirlər. Kimisinin xoşbəxtlik asanlıqla qarşısına səpilir, kimisinə də güc-qüvvət toplayıb, yıxılıb – qalxıb, əzilib inciyib, uzun imtahan sınaqlardan keçəndən sonra xoşbəxt olmaq nəsib olur. Bir vaxt qızlarımız özləri də valideyn olurlar. Göz nuru övlad böyüdürlər. Artıq onlar özləri də balalara həyatdan inci dənələri toplamağı, çətin həyat cığırında yıxılmadan əmin addımlarla addımlamağı bacarmağı, ağıllı, savadlı, imanlı, mərhəmətli, mərd insan olmağı öyrətməlidirlər.
Ailə tərbiyəsi sanki bir çərçivə. Gözəl bir portretin çərçivəsi. Əsas məsələ – portret hansı nəslin şəcərəsindən qaynaqlanır. Müasir dövr nə qədər sərbəstliyi, azadlığı nəsib etsə də, “tərbiyə bir insan əyninə biçilmiş ən gözəl geyimdir.”
Qız övladı gəlin köçəndə ayrı bir dünyaya daxil olur. Struktur kənardan bəsit, hər kəsdə olduğu kimi görünsə də…. Əslində hər ailənin daxili, özülü tam başqadır. Yeni ailədə sağlam qalmaq, sağ qalmaq… Bəli,düz eşitdiniz, mənəvi və fiziki olaraq sağ qalmaq. Mənliyini, kimliyini itirmədən, əzilmədən, geri getmədən sağlam qalmaq, xoşbəxt olmaq, hər ailədə mümkün olmur. Vay o qızın halına ki, “xəstə” düşüncəli , üstü bəzək, içi naməlum birisi ilə ailə qurub. Bəli, indi gəlib çıxdıq bax o yerə, tam o yerə. Əziz valideynlər, istər qız, istər oğul balanızı düzgün tərbiyə edin. Oğlanlar ailə quracaqları xanımı sevgiylə seçsinlər. Gənclər müqəddəs andı dildə yox, qəlbən sədaqətlə içsinlər. Bir ömür boyu bir yerdə, pis və yaxşı gündə bir-birlərini sevib qorumaq, qayğısına qalmaq nədir – uşaqlar bu kimi dəyərləri valideynlərindən görüb götürürlər. Qızlarımız ailə üçün ən gözəl pay, övlad hədiyyə edir. Ailə üzvlərinin qayğısına qalır, yuvasının həm həkimi, həm xadiməsi, həm tərbiyəçisi, həm müəllimi, həm mühasibi, həm aşbazı – hər şeyi olmağa çalışırlar. Atalar ailənin maddi-mənəvi qazancı, qüdrəti, müdafiəçisi – bir sözlə baş tacıdır.Nənələr demişkən: “Üzük qaşı ilə tanınar.” Həmin o qaş atadır, üzük isə ailə. Hər ailədə söz-söhbət olur. Ailəni uzun müddət ailə kimi saxlayan çox vaxt qadının gücü, qüvvəsi, dözümlüyüdür. Dəyərini bilin xanımların. Oxuyun, araşdırın bütün dünya nəşrlərini, informasiya qaynaqlarını- qadınlar bir sevgi qarşılığında nələrə dözməz, nəyindən keçməz!?! Burada çox geniş mənalar var. Siz ancaq yaxşıları seçin. Çünki azərbaycanlılar üçün qadın isməti, qadın namusu, ailədə kişi və qadının yeri tam başqa olub. Get-gedə bütün dəyərlərimiz öz mövqeyini itirir. Çox təəssüf! Dəyəri bilinmədikcə xanımların yaxşıları azalır, yaxşı ana, yaxşı bacı, yaxşı yoldaş… Hər birinin günahkarı nə vaxtsa bir kişi olub deyilir. Ya atası, ya qardaşı, ya yoldaşı, ya əmi ya dayısı, ya da min bir yadı. Qadın dünyaya göz açandan “yaxşı” olmaq üçün böyüyür. Unudubsa yaxşılığı, demək , buna vadar olub, həyatından bezar olub. Bağban başqa bağlarda çiçəkləri suvararkən öz bağından uzaq olur. Halal gül-çiçəyi solur. Bağçasının barı övlad arzulanan övlad olmur. Sevgisiz hansı ağac dadlı bəhər verər ki!?
Zaman, zəmanə günahlandırılır. Yaşadığımız zamanı bu hala salan elə biz özümüz insanlarıq da. Fövqəltəbii qüvvələr yaratmır ki, hər gününü, saatını, istədiyin kimi yaşayırsan, ey insan, alnına silah dirəyib yaşatmırlar ki səni könülsüz-kefsiz. Hə, hər qadın da hər şeyə görə ailə dağıtmır. Ya qorxuları var həyatda, maddi-mənəvi, ya güvənsizdir həyata , gələcəyə, ya yoxdur bir kimsə arxa-dayağı, ya da… ya da… çoxdur davamı.
Ailə dəyərlərini öyrədin! Ailə heç nə ilə əvəz olunmaz. Nə pulla ala bilərsən ailə xoşbəxtliyini, nə vəzifə, nə şan-şöhrət – heç nə ilə… Maddiyata bağlı müvəqqəti xoşbəxtliklər ailə deyil. Nəfəs alıb, bir yerdə yaşamaq, gün keçirmək, harda qırıldı qırılar….bunlar var olan YER ev,yuva ,ocaq, ailə deyil. Hər şeyin öz yeri, öz vaxtı , zamanı var. Bir gün dəyərsiz olan hər şey yox olar, hamı gedər. Yanında təkcə səni sevən ailə üzvlərin qalar.
Siz də öz nəslinizin portreti olun! İllər keçsə də , daim adınız qürurla anılsın. Sizli xatirələr dillər əzbəri olsun yaxınlarda, yadlarda. Bu dünyanı cismani tərk edirik. Amma ruhən daim yaşayırıq qəlblərdə, sözlərdə,əməllərdə… Adı dillərdə fəxarətlə anılanlardan olun! Həyat fanidir. Xoşbəxt edin, xoşbəxt olun! Ailə dəyərini bilənlər üçün ən böyük mirasdır.

Müəllif: Ədilə Əlimirzəqızı

ƏDİLƏ ƏLİMİRZƏQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top