Təranə Dəmir – Zaman və Söz

ZAMAN
Qəribə zamandı. Köhnələr təzələri bəyənmir, təzələr köhnələrə daş atır. Əsl ədəbiyyata ağız büzənlər , köhnə paltarının söküklərini yamayıb təzə dona mindirənlər , hecanın , qəzəlin ətəyindən bərk -bərk yapışanlar , eyni notda ilişib qalanlar , Nizamidən , Füzulidən bu yanı görməyənlər , mənasız söz yığınını qafiyəyə sığdıranlar və sair və ilaxır sözbaz zümrə formalaşıb. İddiaları sözlərindən böyük yazarlar sözü iddiasından böyük yazarları kölgədə qoyub. Əsl sözün qarşısına boğaq atmaq , onu gözdən salmaqçun dəridən ,qabıqdan çıxmaq prinsipi ilə yaşayanlar da çoxdu. Pərdəarxası düşmənçilik edənlər ” dostluq”dan , ədalətdən, həqiqətdən dəm vurur. Havası , işığı gendən vuran ədəbi nümunələr durmadan tənqid və gülüş obyektinə çevrilir. Əslində tənqid edənlər özlərinin nə qədər dayaz , bəsit olduqlarının fərqində deyillər. Ya da yalançı təriflərdən başları gicəldiyindən həqiqətin əsl üzünü görə bilmirlər. Sərbəst vəzndə yaza bilməyənlər hecanı , hecada yaza bilməyənlər sərbəsti qaldırıb ala dağın başına qoyublar. Ortada itib batansa Sözdü. Böyük hərflərlə yazdım sözü. Çünki onu kiçildənlər çoxdu. Vaxtilə Azərbaycanın mətbu orqanlarında dərc olunan yazılar indi aktuallığını ( hətta gözəlliyini ) itirib deyə yazı müəllifləri bütün günahı zamanın və tərəqqinin boynuna yükləyib. Axı zaman durmadan inkişafdadı və bu sürətlə ayaqlaşa bilməmək , zamandan geridə qalmaqsa insanın özünün , sözünün gücsüzlüyüdü, acizliyidi. Uzun , sicilləmə yazıları oxuyan yoxdu indi. Oxucu təfəkkürü də dəyişib. İnsanlar yazının bir əvvəlin , bir də sonun oxuyur. Zamanın nəbzin tutan yazılar yazmaq lazımdı daha. Boğazdan yuxarı , qafiyədən asılıb qalan nəfəssiz , hay -küydən ibarət şeirlər öz ömrünü başa vurub. Romanlar , epopeyalar da yerini yığcam esselerə , hekayələrə verib. Nə qədər uzun olsa da onsuz da hamısı eyni qənaətə gətirib çıxarır. Ədəbi cameədə bir -birinə daş atmaq , yaxşı sözə ağız büzmək adi hal alıb. Kreslosu sözündən çox böyük olanlar gündəmi zəbt edib. Hər yerdə ( saytlarda , qəzet və jurnallarda , radio və televiyalarda) onlardı. Onlara əyilənlərsə onlardan da təhlükəlidi. Əyilməyənlər özlərinə heç yerdə yer tapmayanda küsüb öz qınlarına çəkilirlər. Bu hər sahədə belədi. Kiminsə ətəyindən tutub yerimək də hər insanın işi deyil axı. Bu özü də bir elmdi mənim aləmimdə. Özünü təsdiq edə bilməyənlər kibrindən və eqosundan baxır dünyaya. Sosial şəbəkələr od püskürür. Hamı yazır , hamı danışır. Susanlarsa içində haqq -hesab çəkir. Zənnimcə ən qərarlı təbəqə susanlardı. Özlərini , sözlərini cəmiyyətdən , ictimai qınaqdan , təhqirdən və tənqiddən uzaq tutanlar ən doğru yolu seçib məncə. Yuxarılar aşağıları , aşağılar yuxarıları daşa basır. Nəticədə aralıqda itib batansa Sözdü.
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru