9 Apr
63°F
10 Apr
72°F
11 Apr
69°F
12 Apr
62°F
13 Apr
63°F
14 Apr
74°F
15 Apr
79°F
9 Apr
63°F
10 Apr
72°F
11 Apr
69°F
12 Apr
62°F
13 Apr
63°F
14 Apr
74°F
15 Apr
79°F
Weather Data Source: weather in South Carolina today

Ağa Bağır Şirvani – Klassik Azərbaycan şairi

Öncə söz vardı…
(rubrika)
28-ci hissə

Ağa Bağır Şirvani – Klassik Azərbaycan şairi
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)

BAĞRIMIZDAN QOPAN ŞAİR – AĞA BAĞIR ŞİRVANİ

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Alacalanmış gözlərimizi iri açaq ki, gələcəyə baxa-baxa, mazimizdən də soraq alaq.Novruz bayramının sona çatdığı bir çağda pərişanlıq duymamaq mümkünsüz olsa da, qəribə bir ümid qığılcımı qəlbimi çulğayır.
-“Bayram bitdi, fəqət Yaz davam edir” təsəllisi dəmadəm üzümə təbəssüm etməkdədir.
Axı Yazın içində olmaq həm də özünü yazı-pozunun ağuşunda bulmaqdır.Soyuqdan, sazaqdan, xiffətdən qurtuluşun bir yolu da
Baharla qəlbini ovutmaqdan, Yazla ürəyini ovundurmaqdan keçib gedir.Bu saat “getmək” feilinə nifrət edirəm.Çünki sevimli Novruz bayramım gedir, gəncliyim gedir, ömrüm gedir, doğmalarım, yaxınlarım yaşayıb gedirlər.Nədənsə bu aralar gələnlərin müqabilində gedənlər daha çoxdur.
Gələnlərim seyrək, gedənlərim yüyrək olanda dilxor oluram.
Bəlkə elə bu səbəbdən Yazın gəlişinə şairlərimiz hər zaman şeirlər – əlvan-əlvan, çeşid-çeşid bahariyyələr qoşmuşlar ki, bir təsəlli bulsunlar.
Orxan Gəncəbay – Orxan baba demiş:

-“Bir təsəlli ver”

-Təsəlli?

-Təsəlli – bahariyyələrimizdir.
Yəni Baharın vəsfi ilə bağlı yazılmış şeir nümunələri.Qəzəl, məsnəvi, yaxud aşıq şeir formalarında rast gəldiyimiz bahariyyələr nə çoxdur.Nə çoxdur Şah Xətainin “Dəhnamə” sindən tutmuş Didənin misralarına qədər klassik poeziyamızda bu şeirləri sevə-sevə oxuyanlar, oxuya-oxuya sevənlər.
Birinə də klassik şairimiz Ağa Bağır Şirvanidə rast gəldim.Biri nədir, mininə rast gələrdim, şairin külliyyatı zamanında it-bat, çıx-daş olmasaydı.

Bir belə mövsümdə, bahar çağda,
Heyf deyil baş qala torpaqda?!
(Ağa Bağır)

təki bahariyyəsi olan Ağa Bağır kimiləri bizim üçün doğmalar doğması, əzizlər əzizidir.

-Kimdir Ağa Bağır?

-Nisbəsindən bəllidir ki, Şirvan torpağındandır.Mirzə Yusif Qarabaği onun Molla Pənah Vaqifin çağdaşı olmasını vurğulayır, elə dəyərli tədqiqatçımız Salman Mümtaz da bu fikri təsdiqləyib.Deməli, miladi təqvimlə 18-ci əsrdən boy verir Ağa Bağır.Hacı Səfəralı kişinin oğlu Bağırın çox güman ki, təxəllüsü də Bağır olub, amma “Şirvani” nisbəsi ilə yazıb.Şeirlərinin çoxu Nəsimi dəstiri yazılıb.Nəsiminin təsiri, Nəsiminin havası Ağa Bağırda apaydın cizgilərlə sezilir.Amma şairin hürufi olmağı ilə bağlı qənaətlərə misralarında rast gəlinmir.Görünür Nəsiminin şairə təsiri ideyadan ziyadə, sırf şeiriyyatla bağlı olub.
Bir sıra şairlərin isə Ağa Bağırdan təsirləndiyi şəksizdir.
Şəkili Kırim Ağa Fateh də təsirlənənlər sırasındadır.Ümumiyyətlə, Şəkidə də çox güclü ədəbi mühit olub ki, həmin şəxslərin Şirvan ədəbi məktəbindən bəhrələndiyini söyləmək mümkündür.Əhməd Əfəndini (Zövqi), Şəkili Racini
(Bu şair başqa Racidir, bildiyimiz Hacı Əbülhəsən Racinin və Raci Şirvaninin onunla əlaqəsi yoxdur) Məhəmməd Hüseyn xan Müştaq və başqalarını nümunə gətirmək olar.

Kərim Ağa Fatehin:
Əhli-zəmanə tərk qılıbdır rizai-həqq,
Üz döndərib təriqi-həyatdan yavaş-yavaş…

yaxud
Qasım bəy Zakirin:

Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
Cism oldu tiri-çərxə nişanə yavaş-yavaş…

qəzəlləri Ağa Bağırın tısiri ilə yazılıb.

Ağa Bağır:

Bağlandı guş sovti-sədadan yavaş-yavaş,
Göz xirələndi düşdü ziyadan yavaş-yavaş.

Başqa şairlərin də, məxsusən Şirvan mühitindən olan Nəsrulla bəy Didənin də Ağa Bağırdan bəhrəlındiyini görə bilərik.
Görə bilmədiyimiz başqa məqamlar isə könül dağlayandır, zira Ağa Bağır kimi klassiklərimizin 300 illlik məsafədən üzü bu yana, əlimizə vur-tut 1-2 şeirinin çatmasıdır.Yox olan əlyazmalarından savayı, neçə-neçə poeziya aşiqlərimizin hafizəsində hifz olunmuş həmin şeirlər çoxdandır ki, torpağa gömülüb.Məhz buna görə “yazmaq” hər şeydən əfzəl, hər bir işdən qutsaldır.Vaxtında yazılsaydı, köçürülsəydi, saxlansaydı Ağa Bağır Şirvani kimi klassiklərin irsi ilə indi üzbəüz qalardıq.Tarixlə üzbəüz qalmaq isə istənilən halda müqəddəsdir.Elə bil ulu babalarınla görüşə getmisən, elə bil gizəmli, sirli bir xeybərin qapısını bulmusan.Elə bil bir mənbərə yüksəlmisən ki, oradan göyə ancaq mübarək sözlərin pərvazlanır.İraq Ağa Bağırın bu giley-güzarlı misralarından, əl-həzər şairin bu qeyzli iradlarından.

Mənbər ki, onda xütbə deyib paki-maklər,
Mütrüblər indi orda oxurlar qəzəl-məzəl.
(Ağa Bağır)

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Ormanlar başına yaşıl börk keçirəndə, sən də keçmək istəyirsən özündən.Yenicə uğurladığımız Novruz bayramına beləcə dillənmək ehtiyacını duyursan:

-“Xoşca qal, sağlıqla qal, əziz Novruz bayramı, ömrünü bahariyyələrlə, yaz ovqatlı şeirlərlə uzatmağıma kim mane olacaq, kim?!
Hələ-hələ bağrımızdan qopan şair Ağa Bağır Şirvani kimilərinin bahariyyələri var olduqca”

Turan Uğur
30 mart 2025-ci il.
Bakı.

(Məqaləmdə Mirzə Yusif Qarabağinin,
Salman Mümtazın faktlarına və şəxsi araşdırmalarıma söykənmişəm
)

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top