Zaur Ustacla müsahibə

Göndərdiyim yazılar adətən dərc olunurdu
Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi, jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?
Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi.
Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm.
Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib?
Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin.

Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz?
Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım.
Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar?
Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam!
Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız?
Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır.
Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb?
Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik.
Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir?
Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram.

Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi?
Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.
Söhbətləşdi: Südabə MƏMMƏDOVA
Südabə Məmmədova digər mənbələrdə
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


