Qəbələ İqtisadi Xəbərlər

İldən-ilə Qəbələ rayonunun sosial-iqtisadi inkişafı güniş vüsət almaqdadır. İstər iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə, istərsə də ümumi məhsul istehsalına görə qazanılan göstəricilər əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bütün bunlar isə əhalinin rifahının yaxşılaşmasına ciddi şəkildə təsir edir. Rayonda fəaliyyət göstərən konserv zavodu, limonad fabriki, Beltman piano fabriki, meyvə və tərəvəzlərin çeşidlənməsi üçün soyuducu anbarlar, süd, üzüm, fındıq emalı və xalçaçılıq müəssisələri, çörək, lift, kərpic və beton zavodları rayonun iqtisadiyyatında müstəsna rol oynayır. Tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekreasiya və turizm imkanlarına malikdir.[43]
Rayon, iqtisadiyyatı üzrə həm yerləşdiyi coğrafi iqtisadi rayonda, həm də respublikada fərqlənir.[44] Turist axını səbəbi ilə geniş inkişaf etmiş sektorlardan biri turizmdir. İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir. Rayonda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı yataqları və mineral bulaqları vardır.[45] Dübrar-Babadağ qalxanının Qəbələ ərazisindəki davamında, Vəndam qəsəbəsindən 4–5 km və Laza kəndindən 3 km şimalda əhəng daşı yataqlarına da rast gəlinmişdir, lakin sıldırımlı dağlıq relyef şəraiti bu yataqların mənimsənilməsini çətinləşdirir.


