Weather Data Source: havadurumuuzun.com

Şamxal Rüstəm adlı bir şair dostumuz vardı

Şamxal Rüstəm adlı bir şair dostumuz vardı. O, ötən əsrin 70-ci illərində ədəbiyyata gəlmişdi. Lirik şeirlərinə bəstələnmiş mahnıları az bir vaxtda dillərə düşür, ürəklərə yol tapırdı. Bunlar Şamxala sevgilərlə süslü böyük oxucu, dinləyici auditoriyası qazandırmışdı. Təzadlı bir ömür yaşayan şair əsərlərinə, özünə qarşı laqeyd olduğundan şeirləri sanki bəndəmindən qopub-düşən yarpaqlar təki ətrafa səpələnir, yoxa çəkilirdi. Bir dəftər vərəqinə, qəzetin bir küncünə yazdığı, kimlərəsə bağışladığı onlarla, yüzlərlə əsərləri səhlənkarlığı üzündən it-bata düşdü… və günlərin birində bu dünyaya əlvida dedi. Tələbə yoldaşım Şamxal Rüstəmin ölüm xəbərini alandan sonra bu yazını qələmə almışdım…

AĞ GÜNDƏ DÜNYAYA GƏLƏN ŞAİR…
(Şamxal Rüstəmin xatirəsinə)
Bu gecə sosial şəbəkəni, saytları ələk-vələk elədim, sözünü, söhbətini, şeirlərini axtardım…

İllərdi səndən, həyatın eniş-yoxuşlarında yaşadığın özəl həyatından xəbərsizdim. İldırım sürətilə ötən amansız zaman içində əriyib gedən unudulmaz tələbəlik çağlarımızın xəyalımda həsrətlə izlədiyim bütün kadrlarında həyəcanla, narahat bir ovqatla səni axtardım, Şamxal. Asta, sakit, bəzən də lap pıçıltılıya bənzər səsini eşitmək istədim. O bəxtəvər çağımızda gözdə-könüldə sevgi duyğuları oyadan, ruhumuzu ağ buludların arasında gəzdirən bənövşə ətirli şeirlərini elə öz ifanda xatırlamağa çalışdım… Tanrı sənə işıq təki poetik dil, təfəkkür bəxş etmişdi. Bizlər sənin sevgilə süslənmiş çöl-çəmən ətirli, bir az da qəmgin ovqat yaradan, (belə ovqatın da öz ruhsallığı var) ürəyimizi əsdirən, sızladan şeirlərinin havasından ayrıla bilmirdik…

Birdən-birə çəkildin, yox oldun, narahat qaldıq. Elə hamımız səni axtarırdıq, bir-birimizdən səni soruşurduq: Nə vaxtdı Şamxaldan xəbər yoxdu, səsi gəlmir, haralardadı görən? Başımızdan yağış təki axıb-tökülən, ürəyimizdən yük kimi asılan qayğıların içində çabalayır, ömür sürürdük. Daha hal-vaxtmı vardı Şamxalı axtarmağa… Amma bu axşam, bir neçə saat əvvəl sənə bolluca əziyyətlər yaşadan, ədəbi yüksəlişini, sevincini əlindən alan həyatdan köçdüyünü eşidəndə varımdan oldum. Yox ki sən, ya hansı birimizsə bu dünyanı dördəlli tutub-duracağıq. Məni yandıran o idi ki, Tanrının ürəyinə, çiyninə qoyduğu missiyanı daşımağa gücün yetmədi. Bəlkə kimsə səni “qarğıdı”, hansı qüvvəsə işığını, coşqunu, səyini aldı, həvəsini öldürdü, bu dünyaya niyə gəldiyini sənə unutdurdu? İndi məni korun-korun yandıran, sızladan da bunlardı, bəxtikəmliyindi, qardaş…

Amansız və qəddar zaman bir göz qırpımında “oğurladı” hər şeyimizi, göz açıb-yumunca ötən günlərimizi, yaşadığımız təravətli, qaynar çağlarımızı itirdik. Amma Tanrıya asi olmadıq, hər halımızda da şükür etdik. Şamxal da hardasa taleyinin kəmliyindən, amansızlığından, heç bəlkə də rəncidə deyilmiş, özəl həyatını birtəhər yaşayırmış. Amma Fələk bu birtəhər yaşamını da ona çox gördü…

Bu gecə xəyalımda lirik düşüncələrilə qaranlıqda donub-qalmış Şamxalın obrazını axtardım. Onu aydınlıqda görmək, təsəvvürümdə canlandırmaqdan ötrü gəncliyimizə boylandım. Yoxsa, bu səssiz gecədə nəmin bəbəklərimə pərdə çəkdiyi anlarda sinəmdə alışıb-yanan kədərimlə söz-zözə, göz-gözə dayanıb özümə suallar yağdırmazdım ki! Əlataşda, vaxtilə mətbuata çox az sayda verdiyi müsahibələri, bir neçə il əvvəl tələbə yoldaşımız Səməd Məlikzadənin haqqında yazdığı (bəlkə bu yazıdan heç özünün də xəbəri olmadı) çox yanğılı, ürəyimi oyan esse-məqaləni həyəcan içində oxudum…

İndi qəlbimin sızıltısı yandırıb-yaxır məni, hələ ki kədərimin canı istidi, onçun da aldığım acı xəbərə heç vəchlə inanmaq istəmirəm, uşaqtək aldadıram, daha doğrusu, aldatmaq isəyirəm özümü…

Onu bilirəm ki, elə pərakəndə yaşamısan ki, bu dağınıqlıqda ədəbi varidatın da it-bata düşüb. Nə yaxşı ki, vaxtilə radioda çalışmısan, orada şeirlərin səslənib, sözlərinə yazılmış mahnılar “qızıl fond”da saxlanılır. Bir də nə yaxşı ki, şeirlərinin bir qismi də dildə-ağızda oxunaraq yaddaşlardan yaddaşa keçib, sevilərək oxunub, yaşayıb, unudulmayıb. İndi haqqında bəhs edəcəyim şeirlərin vaxtilə (elə indi də!) şox populyar olub, sevgililər bir-birinə göndərdiyi gül ətirli məktublarında sənin məhəbbət şeirlərinlə ruhlarını alışdırıblar…

Şamxalın “Tələbə” şeiri o illərdə radioda “Tələbə-gənclər” proqramında verilişə giriş kimi hər gün səslənirdi. İndi o şeirdən iki misra hələ də yaddaşımdan silinmir, hərdən xəyalən tələbəlik çağlarıma qayıdanda yaddaşımda ilk olaraq bu misralar közərir: Tələbəyəm, hələ mehəm,
Bu günümə, sabahıma cavabdehəm…

O illərdə Şamxalın şeirləri, sözlərinə bəstələnmiş mahnılar könülləri duyğulandırıb, ehtizaza gətirdiyindən hamı onu görmək, yaxından tanımaq istəyirdi. Amma Şamxal utancaq davranışı ilə bir daldaya çəkilir, göz qabağında olmaq istəmirdi. Qızlarla salamlaşıb, hal-əhval tutanda da elə astadan, sakitcə dillənirdi ki, sanki salamını, sözünü də pıçıltı ilə deyirdi. Abrına, həyasına söykənən, az danışan bir oğlan idi. Mühazirələrdə arxa sırada əyləşər, sanki gözlərdən gizlənər, diqqəti cəlb etmək istəməzdi. İndi düşünürəm ki, həmin vaxtlarda o, ruhunu sarmış poetik aləmindən qopa bilmirmiş…

Adını anmadığım babamın nənəmin,
Oduna yanmadığım qonşu qız Sənəmin…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma,
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.
“Bircə biləydim…”
T
Taleyimiz bir alın yazısıdı, qardaş. Amma o da var ki, özündə də bir ruh düşkünlüyü, ovqat acılığı oldu. Bu halından qopa bilmədin, bir vaxtlar şeirlərindən ürək dolusu zövq alan ustad qələm dostların da səni küskünlüyün havasından almadılar, sənə sahib şıxmadılar. O zaman sevənlərin könül dəftərində qızılgül rəsmləri ilə haşiyələnmiş belə bir şeirin dillər əzbəriydi: “Belə qəmli dayanma…” Hər dəfə bu mahnını eşidəndə içimdə acı bir həsrət alışır:

Görüşünə gəlmişəm,
Sən ey gözü bənövşəm.
Gözü nəmli dayanma,
Belə qəmli dayanma…
Var soyuğu, var odu
Bu yol sevgi yoludu.
Ürək sözlə doludu
Belə qəmli dayanma…

Hansı birini xatırlayım, hansından söz açım… Şeirlərinin toplusu, bir kitabın da olmadı ki, onların ideyasından məzmun-mahiyyətindən sevərək bəhs edim. Səni yaddaşlarda közərdim, tanımayanlara tanıdım… Eh, dünyaya gəlişi “ağ günə” düşən də qara tale yaşayarmı… Bəs deyirdin “Siz məni heç yana tələsdirməyin…”

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin…

Heyif səndən, Şamxal Rüstəm… Çox istedadlı şair idin. Şeirlərin ötən əsrin 70-ci illərində radio dalğalarında tez-tez səslənir, gənclərin dilindən düşmürdü. Xüsusən də “Tələbəyəm”, “Elə qəmli dayanma”, “Bircə biləydim…”, “Siz məni heç nəyə tələsdirməyin”, “Quşlar çöp daşıyır yuva qurmağa”, “Bu dünyanın ölümü var min cürə”, “Niyə qopdu tufan”, “Torpaq” … yadıma düşəndə indi də ruhum alışır… Hamımızın sakin olacağımız dünyaya sən bəlkə də daha çox ağrılarla getdin. Həyatda o qədər acılar, uğursuz tale yaşadın ki… Ədəbi mühitin söz-ixtiyar sahibləri sənə yiyə durmadılar. Poetik incilərinə yol açmadılar. Bu dar macalda böyük Mirzə Cəlilin o zaman çoxdan səsi-sədası gəlməyən Əli Nəzmidən nigaran qaldığından: “Molla Nəsrəddin”də “Sijimqulu”nu axtarıram…” deyib haray çəkdiyi yadıma düşür… Səni isə axtarmadılar. Amma nə qəm, bilirəm ki, Ana torpaq bəxtikəm övladını nəvazişlə isti qucağına aldı. Rahatlıq tapdınmı, qardaş…

Daha heç nə yaza bilmirəm, bayaqdan gözlərimdə torlanmış nəm, indi aramsız damcılara dönüb yanaqlarımı yandırır… Allah sənə rəhmət eləsin, ağrı-acılarını, iztirablarını, bütün uğursuzluqlarını – bir şələ mənəvi yükünü ürəyinə, çiyninə alıb əbədi evinə köçdün. Ruhun şad, yerin behişt olsun. Yeni mənzilin mübarək, Şamxal Rüstəm…
“525-ci qəzet”
16 noyabr 2019

Müəllif: Şəfəq Nasir

Şamxal Rüstəmin yazıları

Şəfəq Nasirin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top