Qəşəm İsabəyli yazır

Qəşəm İsabəyli
POEZİYA VƏ TƏNHALIQ ÜÇÜN
DOĞULMUŞ MƏMMƏD İSMAYIL
(memuar)
Mən Mədəniyyət Nazirliyinin “Şur” nəşriyyatında direktor işləyəndə tez-tez bəstəkarlar qonağımız olurdu. Bir gün də xalq artisti Aqşin Əlizadə gəlmişdi: “Bəstəkarlar İrtifaqının sədriydim, – əyləşən kimi sözə başladı, – bir gün Fikrət Əmirov otağıma girdi. Bu, təxminən ölümündən bir il əvvəl olardı, nə özü bilirdi, öləcək, nə də biz bilirdik.
–Axır ki, rahat oldum! – Dedi.
–Nə olub, Fikrət müəllim?!
–Borcumun axırıncı hissəsini bu gün verdim!
Görün, dünya şöhrətli bəstəkar da bizim kimi ehtiyac içində çapalayırdı…”.
Hər bu söhbət yadıma düşəndə ustad şairimiz Məmməd İsmayıl gözümün qabağına gəlir. Cavanlıq çağlarından on illərlə birgə işləyib, görüşüb, tanıdığım Məmməd İsmayılı heç qədərincə pula məhəbbətli görmədim. İndinin özündə belə pul ondan ötrü ehtiyac deyil. Fikri-zikri sənət olan, poeziya olan Məmməd İsmayıl hətta pulu olanda belə, az qala “başını itirir”.
Onun bir həyat həqiqəti var, o da düzlükdü, doğruluqdu. Gənclik illərində də belə görmüşəm onu, yaşlaşdığı dövrdə də, ahıl çağlarında da…
***
Kəndimizdə Qabil bibioğlunun mağazasının qabağı “Birlik” adlanardı. Bura kənd kişilərinin yığınaq yeriydi. Bir qayda olaraq yaşlı adamlara yaxın oturmağa çalışardım. Onların söhbəti mənə daha xoş gəlirdi. Odur ki, kənd uşaqları, məncə Həsənağa adımı “qoca” qoymuşdu. Sözə-söhbətə aşiqlik məni həm də məktəb kitabxanasına aparıb çıxartmışdı. Atam ibtidai məktəbin direktoru idi deyə, kitabxananın açarı məndə olardı. Kitabların arasında eşələnmək, təzə gələn kitab bağlamalarını açıb, mətbəə iyi verən vərəqlərə toxunanda ürəyim atlanardı. O da yadımdadır ki, əksər şeir kitablarının redaktoru bir nəfəri görərdim – İsmayıl Soltan. Onda İ.Soltandan və onun redaktorluq vəzifəzindən böyük titul tanımazdım. Bəlkə də məni sonralar nəşriyyata çəkib gətirən bu maraq oldu.
Bakıda ali məktəbə imtahan verib, konkursa düşdüb kəndə qayıtdığım il idi – 1966. Bir gün kitabxanaya girəndə bir bağlama gördüm. Açanda 16 ədəd əl boyda, sarı rəngdə kitabça dağıldı ortalığa. Acgözlüklə vərəqləyib oxumağa başladım. Gördüm bu kitabçalardakı şeirlər indiyəcən oxuduqlarımdan fərqlənir. Bir kitabçanın üz qabığında “Məmməd İsmayıl” yazılmışdı, birində “Musa Yaqub”, o birində “Ağasəfda”, başqa birində “Abbasağa”…
Onda bu qaraqaş, qarasaç, sifətlərindən həyat eşqi yağan gənclərin xırda tərcümeyi-hallarını gözümə təpmişdim.
1967-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olundum. Hardansa 4 nəfər doğmalaşıb yataqxanada bir otağı özümüzə ev elədik. Salyandan Nadir idi, Tovuzdan Nizamiydi, Şamaxıdan Telman idi, bir də mən – Kürdəmirdən. Firidun adlı bir oğlan da Nizamiylə gəlmişdi yanımıza.
–Hardansan? – Soruşdum.
–Tovuzdan.
–Hansı kənddən?
–Əsrik-Cırdaxandan.
Sevincək oldum:
–Doğrudan?
–Vallah!
–Məmməd İsmayılı tanıyırsan?
–Necə tanımıram ki, əmimdi?!
–Nə danışırsan?! –Ağlıma sığışdıra bilmədim ki, şair Məmməd İsmayıl bu adi qiyabıçı tələbənin əmisi ola bilər.
–İstəyirsən, səni tanış eləyim Məhəmməd (düz oxudunuz, “Məhəmməd əmi”–Q.İ) əmiylə?!
–İstəyirsən nədi?!
Firidun mənə lap Məmməd İsmayıl kimi doğmalaşmışdı. Bir gün də məni apardı Qoca əmisigilə – şair Məmməd İsmayılla tanış eləməyə. Əlimdə təzə aldığım kiçik bir kitab da var-dı…
Rus şairi Sergey Yesenin yazırdı: “ şair Klyuyevi görəndə, məni tər basdı. İlk dəfəydi canlı şair görürdüm.”.
Mənim də ilk gördüyüm canlı şair Məmməd İsmayıl idi. Məni tər basmasa da, sadəcə onun Məmməd İsmayıl olmağına şübhə elədim. Fikirləşdim ki, görən kimdisə, heç bəlkə də düz əməlli də…
Məmməd İsmayıl mənimlə mehriban söhbət eləsə də, qara qaşlarının altında acığa, hirsə oxşayan kölgə görürdüm. Sonralar Firidun dedi ki, bəs Məhəmməd əminin mədəsində problemi var… Qoca müəllimin açdığı süfrədə kolbasa, müxtəlif nemətlər olsa da Məmməd müəllim yalnız qatıqla kifayətləndi. Sonra da mənə şeirin qayda-qanunlarından danışdı, çoxlu mütaliə etməyi tapşırdı, sərbəst şeir ustası Rəsul Rzanı da oxumağı məsləhət bildi. Düzü R.Rza yaradıcılığına marağım yox idi.
Məmməd İsmayıl əlimdəki kitabçanı alıb, şeirləri təhlil etməyə başladı və hərəsinin də bir yığın nöqsanını çıxartdı. “Bu nədir, bu boyda kitabda bir şeiri də bəyənmədi” narazılığı keçdi ürəyimdən. Çünki elə bilirdim nəşr edilən hər kitab bir sənət əsəridi. Amma Məmməd müəllim ürəyimə şübhə toxumu əkmişdi. O görüşdən sonra oxuduğum hər şeydən şübhələnməyə başladım. Asta-asta yaxşı nədir, pis nədiri öyrənməyə vərdiş yaranırdı məndə.
Bəli, şair Məmməd İsmayılla görüşüm xarakterimə belə təsir etmişdi – əsl mənada xəsis olmuşdum – sözün az qala sıxıb cecəyini çıxardırdım. Hər hansı fikri ifadə etmək üçün ən az sözdən istifadə etməyə çalışırdım. Düzdü, bu bədii quruluğa aparıb çıxarırdı, amma inadımdan dönmürdüm.
Təzə şeirlər yazır, tez də qaçırdım Məmməd İsmayılın yanına. Onda ustad Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində işləyirdi. Beləcə şeirin-sözün sirlərinə vaqif olmağa başlamışdım. Hətta Məmməd müəllimin təşəbbüsü və redaktorluğuyla fəaliyyətə başlayan “İlham” adlı tele-verilişin ilkinə çıxartdıqlarından biri də mən oldum. Mərhum şair Məmməd Araz idi, alim Xudu Məmmədov idi, Zəlimxan Yaqub idi, bir də mən.
Beləcə ünsiyyətimiz davam edirdi. Bir gün də “Torağaylar” adlı şeirimi yazdım. Bu, 1967-ci il idi. Məmməd müəllim şair Fikrət Qocaya zəng etdi ki, bəs bir cavan var…
Dostum, gənc şair Tariyel Ümidlə getdim “Azərbaycan gəncləri” qəzeti redaksiyasına. Fikrət müəllim şeiri çox bəyəndi. “Yerdə daşdı, göydə quşdu torağaylar” tapıntıdı, dedi… Şeir gec də olsa qəzetdə çap edildi və hətta Zaqataladan bir qızdan məktub da aldım…
***
İllər yel kimi ötürdü. Ali məktəbi bitirib 3 il öz rayonumuzda müəllim işlədim. Onu da deyim ki, kəndimizə qayıtdığım ilk günlərdə işim o oldu ki, illərlə yazıb doldurduğum cızma-qaralarımla haqq-hesab çəkim. Bir gün “uf!” demədən içi “şeirlə” dolu dəftərlərimi təndirə töküb, od vurdum. Anam dedi, ay bala, neyləyirsən, bəlkə lazım olacaq. Baxmadım sözünə. İkinci dəfə isə evimizdə olan 20-30 illik istiqrazları yandırdım ki, bəs vaxtı keçib. Bir müddətdən sonra şeirlərimin bəxti açılmasa da, istiqrazların bəxti açıldı. Bizdə isə təndirin külü altda itkin düşən beş-on istiqraz qalmışdı…
Axır ki, şeirin dalıyca yenidən Bakıya üz tutdum. İş yox, özüm də Bakı qeydiyyatından kənar. Qeydiyyatsız adam da onda Bakıda iş tapa bilməzdi. Dərdimi Məmməd müəllimə dedim. O da, mənəvi tellərdən başqa heç bir bağlılığı olmayan məni götürüb apardı qaynatası mərhum Hacı kişigilə. Beləcə Buzovna qəsəbəsinə – Hacı əminin evinə qeydiyyata düşdüm…
Bir müddət sonra isə Məmməd müəllim Moskvaya – Qorki ad. Ali Ədəbiyyat Kurslarına getdi. Necə deyərlər, Bakıda tək qaldım.
Bir də iki ildən sonra geri qayıtdı. Moskvadan rus dilində nəşr olunmuş kitablarla, jurnallarda yer almış şeilərlə qayıdan Məmməd İsmayıl nədənsə gözümə pərişan dəyirdi. Məftunxanım adlı bir şeir həvəskarının sözüylə desəm sanki “fikirlər onu dara çəkirdi”.
Bir gün dənizə – çimərliyə getmişdik. Göz işlədikcə Günəşin altında balıq pulu kimi işıldayan ləpələrə baxıb köks ötürdü: “Bizi torpaq tarakan kimi altına alacaq, heyf bu gözəlliyi əbədi görməyəcəyik!”.
Uzun müddət bu fikir xəyalımdan getmədi. Gənc idim deyə, ustadın bu pessimizmi əhval-ruhiyyəmə elə də sirayət eləmədi.
Moskvadan sonra bir müddət işsiz qalan Məmməd müəllimi, böyük ziyalımız, C.Cabbarlı ad. kinostudiyanın direktoru, yazıçı Cəmil Əlibəyov şair Fikrət Sadığın yerinə “Xronika və sənədli filmlər birliyinə” baş redaktor təyin etdi. Mən də ora can atmağa başladım. Cəmil Əlibəyova məktub yazdım. Bu məktubumdan sonra məni də həmin Birliyə inzibatçı işinə götürdü.
1976-cı ildən 1982-ci ilə qədər Məmməd müəllimlə birgə işlədim. Burda isə ustaddan çox şey öyrəndim. Belə ki, inzibatçı olmağıma baxmayaraq hərdən xırda süjetlər də verirdi mənə ki, qonorar alım. Bir qayda olaraq süjetlərin təsviri materialı qısa olduğundan, söz ağızdan çıxan kimi gözdən itirdi. Tədricən qısa mətn yazmaqda püxtələşim. Beləliklə Məmməd müəllim mənim bir redaktor kimi yetişməyimdə fəal rol oynadı. Bir gün də Birliyimizin re-daktoru Allahverdi adlı şəxs işdən çıxıb getdi rayonlarına, redaktorluq yeri boşaldı. Mən də gözümü tikmişdim o yerə. Bilirdim ki, Birliyin direktoru Fərəməz müəllimlə Məmməd müəllimin arası sərindi. Mən də Məmməd müəllimin adamı. Qorxurdum ki, mənim redaktor getməyimə Fərəməz müəllim razı olmaz. Bir dəfə dedim, Fərəməz müəllim, bəlkə mən çıxım gedim burdan. Məşhur andı vardı rəhmətliyin, qayıtdı ki, balamın canı üçün redaktorluğu verəcəm sənə. Beləcə mənim namizədliyimi Cəmil müəllimin qarşısına qoydu. Burda bir sirri açmalı olacam. Kəndə, mərhum qardaşım Abdulbağıya zəng etdim və gedib balaca bir quzu cəmdəyi gətirdim Fəraməz müəllimə. Elə səhəri günü koridorda rastlaşanda Fərəməz müəllim məni məzəmmət elədi:
–Ay Qəşəm, bu qədər əti kim yeyəcək?!
–Fəraməz müəllim, pay gətirmişəm…
Birliyimizdə Vaqif Hümbətoğlu şöbə müdiriydi, Dinara Gərəkməzli rus redaktoru, mən də Azərbaycan dili üzrə redaktor. İki otağımız vardı. Dinarayla mən bir otaqda otururduq, V.Hümbətoğlu isə iç otaqda çalışırdı. Bəzən görürdük ki, hansısa ssenari Məmməd müəllimin xoşuna gəlməyib. Deyərdi, filankəs bunu sol ayağıyla yazıb… Necə oldusa Vaqif Hümbətoğlu da kiminsə yazısını oxuyub, bu ibarəni təkrar etmək istəyəndə ağzından ayrı hava gəldi: “… vallah, filankəs bu yazını dal ayağıyla yazıb…”
Gülüşdük.
***
Məmməd müəllimin acıqlı zamanını da görmüşəm, çətinə düşdüyünü də, incikliyini də. Amma bir dəfə də kiminləsə də olmuş olsa ucadan, dalaşmağa yaxın səslə öcəşdiyini görməmişəm. Hirsini də qarşısındakına təmkinlə bildirib. Bəzi bədxahlar, sözə inanan biri kimi onu hərdən yoldan çıxardıb, çoxlarından incik salıblar. Kimdənsə intiqam aldığı da olmayıb. O da var ki, Məmməd İsmayıl hələ bir adama borclu da qalmayıb. Kim sözünü danışıbsa, cavabını verib, kim balaca bir şeirinə yan baxıbsa, cavabını lap yekə alıb. Bir igidin ömrü qədər, düz 54 ildi Məmməd müəllimlə münasibətim var, heç vədə görməmişəm ki, eşidə-bilə biri onun xətrinə dəyən söz deyib, “it hürər, karvan keçər” desin. O, insani münasibətlərdə ikiüzlü siyasətdən uzaqdı. “Daşın cavabı daş olar” prinsipi də ona yad deyil – haqqına ədalı, sözübütöv, qorxmaz, çəkinməz…
Bir dəfə dedim:
– Məmməd müəllim, keçmişdə doğulsaydınız, Koroğlu olar¬¬dınız!
Qara qaşları altdan gülümsəyib mənə baxdı…
O da var ki, Məmməd İsmayıl tərifə də biganə deyil. Elə bu damarını tutan neçə-neçə özmənafeçilər tanıyıram ki, “ay qağa, səndən yoxdu”yla ondan verilişlər alıb, vəzifə alıb… Axırda da ona dönük çıxıblar. Sonra da Məmməd müəllimin gərgin günləri başlayıb:
–Çörəyimin duzu yoxdu!..
***
Kiçik bir tanışlıq, xırda bir yaxşılıq da Məmməd müəllimin yadından çıxan deyil. Bu yaxınlarda səhhətimlə bağlı Məmməd müəllimin məsləhətiylə İzmir şəhərində oldum. Orda onun dostları, Azərbaycan türkləri – Afiq doktorla və Aydın müəllimlə ünsiyyət bağladım. Afiq doktor demişkən dərdim çözüldü və üst-üstə 20 günə yaxın Türkiyə havasıyla yaşadım. Aydın müəllimlə tez-tez görüşürdük. O, Məmməd müəllimdən hətta gileyləndi də:
–Heç özünü gözləmir. Bir tanışı rəhmətə getsə, özü də indiki zamanda, mütləq durub yollar basacaq, gedib başsağlığı verib qayıdacaq. Uzaq ölkələrdə belə bir tədbirə dəvət alsa, mütləq gedəcək. İnsanları intizarda qoymaq Məmməd müəllimin xarakterinə yaddı.
Aydın müəllimin bu sözləri yadıma cavanlıq dövrümü saldı. Bu yaxınlarda rəhmətə getmiş şair Məmməd Namaz oğluna toy eləyirdi, Məmməd müəllimi də, məni də çağırmışdı. Necə oldusa gedə bilmədim. Sonra Məmməd müəllim məni məzəmmət elədi:”Çağrılan yerə gedərlər!”
Bu gün də Məmməd müəllimə laqeydlik yaddı. Baxmayaraq ki, hər səfərdən sonra bir yığın ağrıyla qayıdr: “Soyuqlamışam, ayaqlarım ağrıyır…”.
Baxıram ki, Məmməd müəllim özünü də gözdən qoymur. Necə deyərlər, orqanizmində balaca bir, obrazlı desək, “vint” boşalsa tez qaçır həkimə, qorxmadan düşür bıçaq altına.
Yaşının bu çağında belə ustadı həyat eşqi bir an belə tərk eləmir. Həyatın sonsuzluğu haqqında nağıllara inanmayan Məmməd İsmayıl mənimlə söhbətində 96 il yaşayacağını demişdi. Mən bu vədə inanıram. O günü danışırdıq telefonla. Görüb-görəcəyi işlərdən söhbət salmışdı: “O qədər qaralamam, yarımçıq yazılarım var, gərək onları axıra çatdırım. Məndən başqa kim edəcək onları. Gərək baş-ayağını bir yerə yığım.”.
Məmməd müəllim danışdıqca təxmini hesabladım ki, ustada hələ bir 15-20 il də lazımdı ki, bu işləri görüb qurtara bilsin. İnandım ki, Allah bu ömrü ondan əsirgəməyəcək!
***
Məmməd İsmayıl kinostudiyada işləyəndə qələm dostları başına fır-fır fırlanırdı. Bunlar da kino sahəsində təcrübəsiz şair idi, yazıçı idi, jurnalist idi. Məmməd müəllim birini də əliboş yola salmazdı. Amma nəticədə görərdi ki, bu dostların yazdıqlarını təzədən yazmaq lazımdı. Bunu da kim edəcək? Məmməd İsmayıl. Onun da işi çox, vaxtı yox, əsəbiləri gərgin. Bir anda üzü dö¬nürdü…
Bir dəfə dedim:
–Məmməd müəllim, onsuz da sizin bu müəllif¬lərin aldıqları pulda gözünüz yoxdu. İkin-cisi də həmin müəlifləri öldürsəniz də yazdıqlarından artıq yaza bilməyəcəklər. Olmaz ki, özünüzə yeni-yeni düşmən qazanmayasınız?!
–Vallah, düz deyirsən! – Dedi.
Amma növbəti qələm yoldaşı ssenari gətirəndə görürdüm Məmməd İsmayıl mənim sözlərimi elə stolun üstündəcə qoyubmuş…
***
Nəyə görəsə, Məmməd İsmayılın məndən növbəti küsmək məqamlarından biriydi, gəlib bizim otağa girdi. İç otağa keçib, Vaqif Hümbətoğlunun yerində əyləşdi:
–Dinara, gəl sənə təzə şeirlərimi oxuyum!
Bu sözdə mənə acıq vermək notlarını da hiss elədim.
Məmməd müəllimin bu jesti, xırda bir təbəssümdən, mehriban bir sözdən, ürəklə deyilmiş salamdan belə sevinc tapan Dinira xanıma bərk təsir elədi:
–Oy…– lap orta məktəb şagirdi kimi yerindən sıçrayıb, iç otağa keçdi, stulu çəkib oturdu, əlini çənəsinə dirəyib, dünya-aləmdən diqqətini kəsib, gözlərini zillədi Məmməd İsmayılın ağzına…
Məmməd müəllimçün Dinaraya şeir oxumaq nuş olmasa da, Dinara rus dilliydi, sətiraltı mənaları tuta bilmirdi, hiss elədim ki, şeiri elə mənə oxuyur.
Son misra Məmməd müəllimin ağzından qopan kimi Dinara xaşıl kimi yayıldı:
–Oyy… nə gözəl şeirdi! Haçan yazmısınız, Məmməd müəllim?
Canı mənim fikrimdə qalan Məmməd İsmayıl hiss elədim ki, Dinaranın bu həyəcanlarını təbii qəbul elədi:
–Gəl birini də oxuyum.
Dinaranın əli gənə də getdi çənəsinə – gənə də dünya və aləmdən diqqətini kəsdi…
Məmməd müəllim ikinci şeiri də oxudu, Dinara tərifini dedi… Məmməd müəllim durub qapıdan çıxdı. Kəsilə-kəsilə qalmışdım – o dəqiqə düşdüm Dinaranın üstünə:
–Utanmırsan, ay qız?
–Yoooxxx… niyə utanmalıyam?!
–O nə yaltaqlıq idi eləyirdin?!
Onun da atasının adı İsa idi, mənim də, incimirdik bir-birimizin sözündən.
–Nə yaltaqlıq, yaxşı şeirlər idi?!
–Yaxşı şeirlər idi?! Heç olmasa yaxşı qulaq asaydın, görmürdün, ürəklə də oxumurdu?!
–Yaxşı da, Qəşəm, aranız dəyib, indi də onun şeirindən hayıf çıxmaq istəyirsən.
–Yaxşı şeirə nə hayıf?!
–Mənə oxuyurdu, mən də fikrimi dedim.
–Bağışlayasan, Məmməd müəllim yaxşı şeiri sənə oxumaz. O ozü də bildiyinə görə şeiri alınmayıb, öz şübhəsini dağıtmaq üçün gəlmişdi sənin fikrini bilməyə. Sən də… şübhəylə də olsa qəbul elədi sənin yalanını…
***
Bir müddət sonra Məmməd müəllim “vuruldu” – onunla görüşəndə öpüşməkdən özlərini saxlaya bilməyən 5-6 rejissor, operator birləşib yuxarıların sifarişiylə ustaddan yuxarılara yazmışdılar. Amma nə istedadlı rejissor Cahangir Zeynalov, nə də Rauf Nağıyev bu dəstəyə qoşulmamışdı. Bu yaxınlarda Xronika şöbəsində assisent işləyən Fəxrəddin Hüseynov mənə dedi ki, Məmməd İsmayıl Cahangirə deyib, axı sən məndən narazıydın, mübahisə eləyirdin mənimlə, əslində bu dəstədə sən də olmalıydın?! Amma Raufla sən mərd çıxdınız.
Məmməd müəllim kinostudiyadan getməyə məcbur oldu. Amma bunu özünə dərd eləmədi: “İki ildən bir mütləq tale məni sınağa çəkir. Çox keçməz haqq öz yerini tapar.” Doğrudan da tale onu nəzarətsiz qoymadı. Bu dəfə “Yazıçı” nəşriyyatına şöbə müdiri getdi. Mən də artıq kinostudiyada işsizlikdən özümü başqa yoldaşlarım kimi “sənət xadimi” kimi hiss eləməyə başlamışdım. Tez-tez Məmməd müəllimin yanına gedirdim. Burda gənc yazıçılar Mustafa Çəmənliylə, Adil Cəmillə, Azər Əbilov və Zərifə Bəşirqızıyla tanış olmuşdum. Mustafayla bir-birimizə quşumuz qonmuşdu. Məlum oldu ki, Azər kinostudiyaya getməyə can atır. Mustafa Azərlə söhbət elədi və Məmməd müəllim “Yazıçı” nəşriyyatının baş redaktoru Sabir Rüstəmxanlını da götürüb getdi Cəmil Əlibəyovun yanına ki,bizim yerdəyişməmizə razı olsun. Azərlə yerimi dəyişməli olduq. “Yazıçı” nəşriyyatın direktoru da mərhum Əjdər Xanbabayev A.Əbilovdan can qurtarmaq istəyirmiş demə. Yadımdadı, Mustafaydı, Azər idi, bir də mən, girdik Əjdər müəllimin yanına. Azər ərizəni qoydu onun qabağına. O da ərizəni oxuyub dedi, Azər, bura əlavə et ki, öz istəyimlə yerimi dəyişirəm. Bilmirəm, mən idim gərək ki, dedim, mən də belə ərizə yazmışdım. Əjdər müəllim mənalı şəkildə başını yellədi və göz vurdu, yox, qoy yazsın… Görünür Azərə beli bağlı deyildi deyə, onun geri qayıtmasından ehtiyat eləyirdi…
Yeni kollektivdə – “Yazıçı” nəşriyyatının “Klassik ədəbiyyat və folklor” şöbəsində, Məmməd İsmayılın rəhbərliyi altında ürək açıqlığıyla işləyirdik. Mən gələndən iki il sonra Məmməd müəllimi “İşıq” nəşriyatına direktor qoydular. Mənə dedi, day səni aparmacam dalımca. Dinmədim. Amma 4-5 ay sonra zəng edib özü məni yanına çağırdı. Açığı düz adam kimi orda Məmməd müəllim, şair demişkən “biganələr arasında” idi.
Məni “Sifariş ədəbiyyatı” şöbəsinə müdir təyin etdi. Bu işin alınmasında “Dövlətnəşrkom”un şöbə müdiri, mərhum İsmayıl Vəliyevin də böyük köməyi dəydi mənə. Onda artıq İsmayıl Vəliyev Mərkəzi Komitədə (İndiki Prezident aparatı – Q.İ.) işləməyə başlamışdı, “Dövlətnəşrkom”un sədri Nazim İbrahimov onun sözünü eşitməyə bilməzdi.
Az qala qaranlığa batmış “İşıq” nəşriyyatını Məmməd müəllim öz haqq-ədalətiylə ayağa qaldırıb, həqiqi mənada işığa çıxartdı. Bu uğuru bir dəfə özü belə ifadə elədi: “Sədr Nazim İbrahimov dedi, qonşuluqda olan hansısa idarədən ona söyləyiblər ki, indi “İşıq” tamam ayrı bir nəşriyyat olub!”
***
20 yanvar 1990-cı il hadisələri bütün Azərbaycanda Moskvaya qarşı kin-küdurət yaratmışdı. Onlarla günahsız insan qanına qəltan edilmişdi. Amma yerlərdə olan Moskvapərəstlər hər vəchlə xalqın mübarizə əzmini qırmağa çalışırdı. Bu hadisədən 4-5 gün sonra tələbə yoldaşım, Salyan stansiyası məktəbinin direktoru işləyən Nadir yanıma gəldi. Məlum oldu ki, şagirdlərindən biri Sovet dövlətinə qarşı öz qəzəbini bildirməkdən ötrü qırmızı pioner qalstukunu itin boğazına bağlayıb. Dövlət təhlükəsizliyinin yerli şöbəsinin rəisi Aydın (soyadını unutmuşam) Nadir Rüstəmovun məsələsini rayon rəhbərliyi qarşısında qoyub. Dostumu işdən azad edib, cəza verəcəklər. Dedim, gedək Məmməd müəllimin yanına. Nadir dərdini danışdı. Məmməd müəllim dedi, get, 2 gün sonra gəlirəm. Vədə vaxtı Məmməd müəllimlə getdik Salyana. Dövlət təhlükəsizliyinin yerli şöbə müdiri Məmməd müəllimin tanışıydı. Məsələni şişirtmədi. Nadir bu gün də Məmməd müəllimin xeyirxahlığından ağız dolusu danışır.
***
Bir səhər kompüteri açıb, “Mail.ru”nu tıklayan kimi Məmməd müəllimin məktubu gözümə dəydi: “Salam, bəy!”
“Bəy” sözündən bildim ki, inciyib məndən. Yəqin məktubuna gec cavab vermişəm.
“Salam Məmməd müəllim, sabahınız xeyir…” və gecikmə səbəbini izah elədim. Sabahı poçtu açanda sevindim: “Salam, Qəşəm!”…
Tufan ötdü…
Bir dəfə, onda “İşıq” nəşriyyatında o direktor, mən redaksiya müdiri işləyirdik. Məni cavan bir oğlanla tanış elədi:
–Yerlindi, Kürdəmirlindi, şairdi – Əlislam Bilal.
Əlislam istiqanlı oğlan idi – ünsiyyət bağladıq. Aradan 2 ay keçməmiş Məmməd müəllim hirsli-hikkəli zəng elədi mənə:
–O eloğlundu – xaloğlundu, nədi, Əislam Bilal, ona denən ağzını təmiz saxlasın!
–Məmməd müəllim, Əlislamla siz tanış eləmisiniz məni.
–Həəə…
Bayaq dediyim kimi, rəhmətlik Əlislam istiqanlı oğlan idi, ürəyi də süfrə kimi açıq. Onunla tanış olub, mənim otağıma gələn kimi başladı tərcümeyi-halını danışmağa:
–“Dövlətnəşrkom”da filankəsə pul vermişəm, o da burdakı baş redaktorla danışıb, məni “İşığ”a korrektor götürəcəklər.
–İnanma! – dedim.
–Niyə?
–Məmməd İsmayıl olan yerdə sən pulla işə girə bilməzsən.
–Ayə, yox, ey, bunlar həll edəcək!
–İnanma!
–Ayə, yox ey…
Bu söhbətimizdən bir müddət sonra səhər tezdən hamıdan qabaq işə gələrkən poçtalyon bir məktub uzatdı mənə. Məmməd İsmayıla çatacaqdı. Şübhələndim – konvertin ağzını açıb, məktubu götürüb, oxudum. Məzmunu beləydi ki, Məmməd müəllim, siz təmiz adamsınız, böyük şairsiniz, bu Əlislam sizi gözdən salmaqla məşğuldu…
Barmağımı dişlədim, – bildim ki, bu anonim məktub baş redaktorun quramasıdı ki, Əlislamın pul vermə sirri açılmasın. Tərs kimi də məktubun ağzını bağlayıb qoydum yerinə. Həmin günü də Məmməd müəllim mənə zəng etdi…
***
Deyirlər, insanın taleyi alnına yazılıb. Göz insan orqanizminin yeganə üzvirir ki, dəyişmir. Bunu da deyirlər. Amma insan hissinin, bu, gülməkmidir, ağlamaqmıdır, əsəbiləşməkmidir, sükut etməkmidir, nədir, yaşanan ömrün güzgüsü olduğunusa bəlkə də deyən olmayıb. Mən isə yaxın münasibət və müşahidələrimdən bu qənaətə gəlmişəm ki, taleyi gülüşünə yazılmış yeganə insanlardan biri də şair Məmməd İsmayıldır. Bunu deməklə heç də Amerika açmıram, sadəcə ağır həyatın ağrı-acılarını yaşamış, təəssüf ki, bu gün də yaşayan bir söz adamından danışıram. Siz bir fikir verin, Məmməd İsmayıl güləndə, əgər onun qıyılan gözlərini, tə¬bəssüm qonan sifətini görməsəniz elə bilərsiniz… ağlayır. Onun gülüşündə bir hönkürtü var. Atası müharibəyə gedib, qayıtmayıb, namuslu bir ana ümidinə qalıb, evdə də tək böyüyüb… nə qardaş, nə bacı… və ehtiyac…
Yadımdadı, M.İsmayılın anası Gülzar xalanı, yanaqlarına lalə rəngi çökmüş bu qadını iki dəfə görmüşdüm. Birinci dəfə Məmməd müəllimin kirayədə qaldığı evə gələndə. Tovuzdan bir qoyun cəmdəyi gətirmişdi. Mən də Məmməd müəllimlə görüşməyə getmişdim. Evdə yox idi. Gülzar xala məni balası kimi qarşıladı:
–Ay bala, keç otur, harda olsa bir azdan Məhəmməd də gələcək.
Məmməd müəllim gərək ki, İlyas Tapdıqla və Müzəffər Şükürlə gəldi. Gülzar xala süfrə açdı, xörək çəkib qoydu ortalığa. Nə illah elədilər… yemədim. Yazıq arvad kor-peşman oldu:
–Nə bilim, dedim, qoy Məhəmməd də gəlsin… Bilsəydim gec gələcəklər, sənə xörək çəkib verərdim.
–Yox, vallah, xala, yeyib gəlmişəm.
Əslində isə ac idim, bir dəfə ki, “yemirəm” demişdim, xasiyyətim pisdi, yeməzdim.
Məmməd İsmayıl da gözünü öz boşqabından ayırmadan məzəmmətlə dilləndi:
–Ortalığa xörək qoyulubsa, yemək lazımdı.
Bu görüşdən bir az keçməmişdi ki, eşitdim, Gülzar xala xəstəxanada yatır. İnanmadım – yanağından qan daman bu qadın necə xəstələnə bilər?! Məmməd müəllimə qoşulub getdim onu yoluxmağa.
Çarpayının üstündə oturmuşdu. Asta-asta danışır, elə bil Məmməd müəllimə “özündən muğayat ol” deyirdi. Sözündən o da anlaşılırdı ki, bir gün yaranan bir gün də öləcək, fikir eləməyə dəyməz…
–Ana, bilsəm sənə bir şey olacaq, vallah, başımı divara çırpıb özümü öldürərəm.
Düzü, Məmməd müəllimin sözü məni qorxutdu.
Demə, Gülzar xala da qorxubmuş:
–Bax, mən onu istəmirəm də, ay Məhəmməd!
Sonra nə söhbət oldu, olmadı, bilmirəm, bir az oturub, xəstəxananın həyətinə düşdük. Məmməd İsmayıl əyilib çarhovuzdan su götürüb üzünə çırpdı. Bizimlə kim idisə onun bir şeirini əzbərdən dedi. Məmməd müəllim çevrilib təbəssümlə ona baxdı.
Ürəyimdən yel kimi bir ağrı keçdi – nə yaxşı bu ağır günlərdə Məmməd müəllim gülümsəyə bilir?!
Onda cavan idim, onda ölüm mənim üçün pak idi – hələ yaxın adamlarımın öldüyünü görməmişdim və ölümün acı nəfəsi üzümə dəyməmişdi.
Tezliklə Cülzar xala dünyasını dəyişdi…
Məmməd müəllimin anasının ölümünə yazdığı şeir yadıma düşdü:
“Nə deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən!
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən!”
Bu şeirin yaranma tarixinə baxsaq, görərik ki, Məmməd İsmayıl şeiri anası sağlığı yazıb. Ortalığa sual çıxır, şairi nə idi həyat həqiqətini pozmağa vadər edən?! Bu suala şairin və oxucuların nə cavab verəcəyini bilmirəm. Amma özümün başıma gələn bir hadisə, elə düşünürəm ustad Məmməd İsmayılın da başına gəlib. Bu, ananı itirmək qorxusudu. Orta mək¬təbdə oxuyurdum. Təbii ki, ailəvi bir otaqda yatırdıq. Bir dəfə, yuxudan ayılıb, anama göz qoymağa başladım. Gördüm ki, elə bil nəfəsi çıxmır. Elə bildim, anam ölüb. Tez yaxınlaşıb daha diqqətlə baxdım ki, görüm sinəsi üstdəki yorğan enib-qalxırmı. Anamın sağ olduğunu görəndən sonra yerimə çəkildim və həyəcandan xeyli vaxt yata bilmədim. Məmməd müəllim də ürəyinin dayağı olan anasının həyatından, görünür hər zaman nigaran imiş. Bu nigarançılıq da şeir olmaya bilməzdi…
***
Məni ədəyyat yoluna çıxaran, “yax¬şı nə¬di, pis nədi” öyrədən şair Məmməd İsmayılın bir dəfə də mənim fikrimə ehtiyacı olub. O, uşaqlar üçün yazdığı şeirini qarşıma qoydu:
–Oxu, fikrini de.
Onda mən artıq hər gün uşaq şeiri yazırdım. Uşaqlar üçün yazılan əsərlərin kitab kimi tez çap olunduğunu bildiyimdən, illərlə, az qala çırpınır, uşaq şeiri yazmağa çalışırdım, alınmırdı. Sonra qəlbimdə bir uşaq dünyaya gəldi, özü də bu, oğlan uşağıydı, o başladı mənə şeir diqtə eləməyə.
Bir dəfə, o da yadımdadı, növbəti şeirimi Məmməd müəllimə göstərəndə, hətta bir az qibtə hiss elədim səsində:
– Nə yaxşı hər gün yazırsan, əvvəllər yaza bilmirdin?!
Gülümsədim…
Artıq uşaqlar üçün yazdığım şeirlər Məmməd müəllimin xoşuna gəlirdi, odur ki, öz uşaq şeiri haqqında mənim rəyim onu təmin eləməyə başlamışdı:
–Oxu, fikrini de…
***
Məmməd İsmayılı həmişə öz prinsiplərinin dalıyca gedən görmüşəm. Bir dəfə də görməmişəm ki, kiminləsə münasibəti pozulmaqdan qorxa. Amma onun qorxduğu bir şey həmişə diqqətimi çəkib. Bu, zarafat eləməkdi. Yadıma gəlmir onun kiminləsə gülüşə, eyhama çevrilən zarafat elədiyini. Zarafatında belə Məmməd İsmayıl ciddidi. Amma bir dəfə rəhmətlik şair Məmməd Kazıma sataşan gördüm onu:
Məmməd Kazım,
Demək nə lazım!
Məmməd Kazımın:
–Ay Məmməd, indi mən də ağzımı açacam, inciyəcəksən, – sözünə Məmməd İsmayıl tez də peşman oldu:
–Məməd, Məməd, vallah, mən demirəm, Gülzarın sözüdü (M.İsmayılın qızı – Q.İ) !
***
Artıq tale Məmməd İsmayılı daha ağır sınaqlara çəkirdi. Əqidəsindən dönməyən, haqsızlıqla barışmayan Məmməd İsmayıl minnətli çörək yeməyi şəninə sığışdırmadığından Azərbaycandan gedib, qardaş Türkiyəyəyə sığınmalı olmuşdu. Universitet müəllimi idi. Orda da elmi adı olmadan çalışmaq əslində bir parça çörək qazanmağa bərabərdi… Sonralar müdafiə etdi, elmi dərəcə aldı və indi professordu. Bir dəfə Türkiyədən qayıdıb mənə zəng elədi:
–Bəs filan jurnalist bərk xəstədi, vaxtı ilə şeirimi verib qəzetdə. Gedib ona dəyək. Bazar-lıq eləyib, getdik. Qapını üzümüzə açanda xəstənin öskürək səsiylə qarşılaşdıq. Yataq otağına keçdik. Xəstə, hər birimizin başına gələcək son vəziyyətdəydi – çarpayıyla bir olub getmişdi. Həyat yoldaşı əlində dəsmal onun ağzını silirdi. Hətta dəsmalı ağzının içinə salıb, xəsfənin hayxırağını götürürdü. Ürəyimdə dedim, əhsən belə qadına! Bu, lap anadı ki! Onu da deyim ki, xəstə bir anlıq sakit olan kimi yoldaşına acıqlandı da.
Mən xəstələr görmüşəm, onların həyat yoldaşlarını görmüşəm. Xəstənin üstünə çığıran, onu yaşamaq ümidindən salan qadın da görmüşəm, ərini dərdiylə baş-başa qoyub, qonşularla söhbətə qaçan da. Amma indi ərin qulluğunda qul kimi dayanan qadın idi gördüyüm. Bu an-larda həm xəstə, bir kişi kimi, həm də qadın, bir həyat yoldaşı kimi gözümdə ucaldı.
Xəstə jurnalist sakit olandan sonra Məmməd müəllim əyilib onu öpdü. Mən, elə bir yaxınlığımız olmadığından sadəcə başımla salamlaşdım. Hiss elədim ki, bizim gəlişimizlə xəstənin əhvalı dəyişdi. O biri otaqdan qızını çağırtdırdı. Məmməd müəllim məni təqdim etdi. Xəstə yalanmı-kerçəkmi adımı eşidəndə deyəsən bir az təəccüb qaldı:
–Bu, Qəşəm müəllimdi!? Məşhur şairdi ki, bu! – Xəstə, fəxrlə başını qızına tərəf çevirdi.
Məmməd müəllim bir xəstəyə, bir də mənə baxdı. Xəstəyə ba¬xışıyla deyirdi ki, bu nə deyir. Mənə baxışından isə: “Bu məşhurluğun haçandandı!? Bəlkə sənə də xalq şairi adı veriblər, xəbərim yoxdu?!”
Mən gözümü qırpıb, bir növ şirvanlı him-cimiylə Məmməd müəllimə anlatdım ki, çöldə danışaram.
Xəstənin fikrini əlüstü anlamışdım. O ailəsinin, xüsusən də qızının yanında öz dəyərini göstərmək istəyirdi – baxın, görün mənə kimlər dəyməyə gəlib – məşhur şairlər…
***
Məmməd İsmayılı söhbət zamanı, özünə qapıldığı vaxtı son dərəcə ciddi və fikirli gör-düyün halda şeir oxuyanda təbəssümsüz görə bilməzsən. Əslində bu heç təbəssüm də deyil, sadəcə sözün şairin üzünə düşən işığıdır ki, var. Özü də Məmməd İsmayıl şeir oxuyanda sanki qeybə çəkilir və sözlərin, misraların daxilinə nüfuz edir – məddi-mənasını açıb qoyur ortalığa. Ən korafəhim dinləyici belə şairin fikrini asanlıqla başa düşür. Bu isə onun yazdığı sözün haqdan gəldiyinə bir nümunədir:
Bu mənəm, a kəndim, tanımadınmı,
Bu, həmin Məmməddi –
Bir az sınıxıb,
Bir az sıxıb onu şəhər havası,
Dərmanı dağların səhər havası…
Məni tanımayır təzə cavanlar,
Özümmü çıxmışam yaddan, adımmı?!
Sənin qucağında arzuladığım
Günlərdən qayıdıb gəlmişəm sənə,
Bu, mənəm, a kəndim, tanımadınmı?!
***
Hər yazıçı özünün söz ehtiyatı müqabilində yazır. Yazıçı var, 200-300 sözü ola-olmaya, elə bu sözlərlə də işləyir, on minlərlə sözlə belə kifayətlənməyən sənətkarlar da az deyil. Bu qədər sözü qazanmaq üçün gərək sənin güclü mütaliən də olsun. Ustad ədibimiz Məmməd İsmayılın söz ehtiyatı da geniş olduğundan deməzdim ki, fikrini ifadə eləməkdə əziyyət çəkmir, deyərdim ki, daha sərrast, daha səhih ifadələr işlətməyə can atır. Odur ki, onun bir sıra misraları az qala atalar sözünə çevrilib. “Hələ yaşamağa dəyər bir az da!”, “Kimi aldadırsan, a zalım oğlu!” , “Gözəldən gələcək bəla – gözəldi.”, “Yetimlik yetirsə – şair yetirər…”, “Dost-düşmən seçilər, Vətən seçilməz.”, “Yuxu hayandan gəlirsə, ölüm o yandan gələcək.”, “Haqdan gələn şairin səsi qürbətdən gələr.”…
***
Gərək ki, kəndimizdə müəllim işlədiyim illərdən biriydi, Bakıya gəlmişdim və özümlə 1-2 kq. da göy lobya (bizim Kürdəmir tərəflərdə “qın” deyirlər) aparmışdım Məmməd müəllimə. Elə bilirdim ki, mənim sevdiyim bu məcun ustadın da xoşuna gələcək. İş elə gətirdi ki, gecə, “Gənclər dostluğu” küçəsindəki (indiki Atatürk prospekti) evlərində (nəyə görəsə həyat yoldaşı, indi Allahın rəhmətinə qovuşmuş Əzizə bacı və uşaqlar evdə deyildi) onunla qalmalı oldum. Kəmali-ədəblə qını da suda bişirib, qoydum ortalığa. Məmməd müəllim bir-iki qın salxımı götürüb, dadına baxdı:
–Axı bu yağda bişirilməlidi?!
–Biz tərəflərdə suda bişirilir, duzla yeyilir…
Gecə orda qaldım və elə bildim dünyanı verdilər mənə. Amma Məmməd müəllim narahat idi…
Bu hadisədən illər, onillər keçəndən sonra dərk elədim ki, Məmməd İsmayıl dünyaya, sözün həqiqi mənasında, poeziya və tənhalıq üçün gəlib.
07.04.2011-13.12.2021
Müəllif: Qəşəm İsabəyli
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru