Zaur Ustac – 50
ZAUR USTAC – 50
Bu gün vətənpərvər şair, dəyərli povest və hekayələr müəllifi Zaur Ustacın 50 yaşı tamam olur. Bu yaş dövrü hər bir şəxsin həyatında ən məhsuldar dövrlərdən hesab olunur. Zaur Ustac da ömrünün ən parlaq – uğurlarla zəngin çağını yaşamaqdadır. O, təkcə şairlik, yazıçılıq fəaliyyəti ilə kifayətlənməyib, ədəbiyyat və mədəniyyət sahəsində baş verən əhəmiyyətli hadisələrə mütəmadi olaraq publisist rəylərini bildirməyi özünə borc bilən qələm adamlarından biridir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü olan Zaur Ustac eyni zamanda fəal ictimaiyətçidir. Onu bütün faydalı tədbirlərdə görə bilərik.
Ailəlidir. İki övladı var.
8 yanvar 1975-ci ildə Bakı şəhərində Mustafa Müseyiboğlunun ailəsində dünyaya göz açan Zaur Ustac ailəsinin öz doğma yurdu Ağdam rayonunun Yusifcanlı kəndinə köçməsilə əlaqədər olaraq, 1981-1991-ci illər ərzində Yusifcalı kənd orta məktəbində əla qiymətlərlə təhsil almış və təhsilini humanitar istiqamətdə fərqlənmə ilə btirmişdir. Özünün dəfələrlə qeyd etdiyi kimi həyatını yalnız kitablarla bağlı sakit bir sahədə təsəvvür edən gənc Zaur bu məqsədlə ixtisas seçən zaman Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq və Biblioqrafiya” ixtisasını seçir və 1992-1993-cü tədris ilindən bu təhsil müəssisəsində təhsilini davam etdirir. Günümüzdə heç bir hadisəyə biganə qalmayan Zaur Ustac həmin dövrdə də baş verənlərə laqeyid qala bilmir və 1993-ilin aprel ayından rəsmi olaraq döyüşən orduya qoşulur. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edir, dəfələrlə yaralanır (Müharibə veteranıdır). Atəşkəsdən sonra daha bir il ordu sıralarında xidmət etdikdən sonra təhsilini Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirməyə qərar verir və 1995-1999-cu illər ərzində bu xüsusi təyinatlı təhsil müəssisəsində təhsil aldıqdan sonra zabit kimi yenidən ordu sıralarına qayıdır. Sonrakı illərdə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda İKT üzrə mütəxəssis, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisasına yiyələnən Zaur Ustac bütün bunlarla yanaşı 24 may 1988-ci ildə Ağdamda dərc olunan “Lenin yolu” qəzetində “Əməyə məhəbbət” adlı ilk yazısı ilə çıxdığı ədəbi yaradıcılıq yolundada fəaliyyətini bir gün belə olsun səngitmir. Zamanla ayaqlaşır. Bütün dövrlərdə zamanın tələbinə çevik reaksiya verir. O, dəyişikliklərdən qorxmur, əksinə buna meyillidir. Yenilikçidir. Novatorluq onun tale yazısıdır.
2007-ci ildən təsisi etdiyi və bu gün də fəaliyyətini uğurla davam etdirən “Yazarlar” jurnalı, 2010-cu ildən isə “yazarlar.az” saytı idarəçiliyində olan Zaur Ustac günümüzdə 40 – dan artıq müxtəlif səpkili kitabın müəllifidir. 2019-2020-ci tədris ilindən etibarən metodik vəsaitlərə daxil edilmiş uşaq şeirləri məktəbəhazırlıq qruplarında uğurla tətbiq və tədris olunur. O, əsl zəmanə adamıdır. Yola saldığımız 2024-cü ildə “Top 100 in Azerbaijan” layihəsində yazarlarımız adına uğurla təmsil olunub.
Zaur Ustacı 50 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
“Xəzan” ədəbi-bədii jurnalının redaksiya heyəti
08.01.2025, Bakı şəhəri.