Mahirə Nağıqızı – Gələcək
GƏLƏCƏK
Qış gəlib, qəlbini şaxta sıxmasın,
Göydən yollanandı, nə var gələcək.
Hansı yolçu olub, yola çıxmasın?
Kim durub gözləyir, ilqar gələcək.
Aylar da ömütək fəsil-fəsildi,
İllərin ömrünə qənim kəsildi.
Haqdan yazılanı kim pozdu, sildi,
Sən soruş, yazandan iqrar gələcək.
Eşq günəş deyil ki… sazağı, qarı,
Qışdımı, yazdımı?-çox sualları.
Hamar olmayıb ki, sevda yolları,
Kim bilir, göydən nə qərar gələcək.
Sızla eşqin ilə, qara vurmağa,
Dayanıb iblislər ara vurmağa.
Ürək sındırmağa, yara vurmağa,
Can atan nə qədər… o var gələcək.
Doğman zalım olar, içər qanını,
Fələk də eşitməz and-amanını.
Qəlbində əkdiyin eşq fidanını,
Suvar göz yaşınla, nübar gələcək.
Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək.