Weather Data Source: havadurumuuzun.com

Pərviz Yəhyalının hekayəsi

Kəpənəklərin rəqsi
(hekayə)

Hərdən yorulub usanırdı. Min bir əziyyətlə, hər cümlə və nöqtəsi ürəyindən keçən ağrılardan yazılmış sətirlərdən küsürdü. Dəfələrlə redaktə etdir, sonradan ilkin variantının daha yaxşı olduğunu yəqin edib, yenidən başa dönürdü. Gözündən düşdüyü vaxtlar da olurdu. Tərəddüdləri, təəssüfləri üstün gələndə, atıb bir küncə üzünə baxmaq belə istəmirdi. Yox əsla! Bu əzablı yaradıcılıq axtarışlarından doğmurdu. Hətta vurğunu olduğu, qapqara gecələrin sehirli sakitliyinə qısqanmasından gəlib dururdu yazacaqları düşünəsinin qapısında. Məni yaz deyirdi! Amiranə göstəriş verirdi. Bəzən bu işə keçməyəndə acizanə şəkildə yalvarışlar edir, məni yaz deyirdi. Bəlkə də yüz ad keçmişdi ağlından. Bütün duyğu yaddaşında nə ad vardı bir-bir verirdi ona. Yuvasız qalmış balaca qaratoyuq da deyirdi, siyah gecələrin uyğusuz bəyazlığı da, yağışın səsi də, mavi əngilikdə al yelkən də… Yenə ürəyinə yatmırdı. Hərdən də dolan gözlərindən kağıza süsüzlən göz yaşlarından, pozulmuş hərflərə yenidən yas tuturdu. Qafiyələri azad quştək budaqdan-budağa qonan hıçqırıqlarını qələmə aldığından diksinirdi. Tez də üstündən xətt çəkib, dodaqlarının pıçıltısından belə qorxduğu tanrı ilə pünhan söhbətlərinin faş olmasından üşənirdi. Misraların üstündən çəkdiyi xətlərlə ürəyi soymur, əlinin pozana çatacağı zamanı belə gec olar deyib, barmağını göz yaşının nəmində isladıb uşaq kimi pozuqulayardı yazdığını.
İllərin uzaq keçmişindəki uşaqlığının burnunun ucun göynədən çağlarından, hörüklərinin ona qürur yaşatdığı bəxtiyarlığından, qorxularından, uşaq marağının kəşf etdiyi dünyadan ad qoymaq istədiyi kitabın hər hərfinin üstündə belə əsirdi.
Qayğısız uşaqlıq illərində arxasınca qaçmaqdan yorulmaq bilmədiyi kəpənəklərdən, atasının ezamiyəyə getdiyi vaxtlar da hamıdan gizlincə gedib, asılqandan onun paltosunu qoxulamaqdan, utana-utana, günah iş görürmüş kimi yazda qu-qu oxuyan quşların səsini sayıb, görüm nə vaxt ailə quracam sınamasından yazmışdı bu kitaba. Bütün şeirləri onun yaşadıqları, duyğularının səsi idi.
Çəkinə-çəkinə ürək dostu ilə ad da qoya bildi nəhayət işıq üzü görəcək kitabına.
“Kəpənək qanadlarındakı arzular”
Yox onlar sevgili deyildi. Oxşar baxışları vardı dünyaya. Etiraz etdikləri hər nə vardısa üst-üstə düşürdü. Bəlkə də taleyin qisməti raslaşdırsaydı daha əvvəllər onları hər şey başqa cürə olardı. Bəlkə də o qədər olmazlar olur ki….
Ancaq elə dəli-dolu ağılları da, qəribəlikləri də eynicə idi. Müəllifini çoxdan unutmuş bir birləri üçün yaranmışların dünyanın harasında olursa olsun, taleyi eyni cür olur ifadəsi heç çıxmırdı fikirindən. Doğrudan da onların taleyində oxşarlıq vardı. Hətta bir dəfə ağlından keçəni gətrib dilinə demişdir ona. Mənim seçimim olsaydı sizi seçərdim.

Əvvəl razılaşmadı. Sonra yaxınlarının təkidi məcburiyyət qarşısında hə dedizdirdi ona. Təqdimat mərasiminin keçirilməsinə razılıq verildi, qonaqlara dəvətnamələr göndərildi. Hətta tanımadığı insanlar zəng vurub onu təbrik edirdi. Ədəbi tənqidçilər çürbəcür epitetlər deyirdilər. Poeziya kəhkəşanında doğan parlaq ulduz, alatoran poeziya fəzasına kosmik sürətlə daxil olan komet də deyirdilər haqqında.

Niyə birdən soyuq küləklər əsdi? Niyə aralarındakı münasibətlər buz bağlamaq həddinə çatdı. Düzdür bir az iztirablarını görməzdən gəldim, bir az etinasız davrandım, bir az incik düşdüm, ancaq bütün bunları ona yaxşı olsun deyə edirdim. Əzabını görüb əzab çəkirdim deyə bir addım geri dururdum.
Hiss edirdi ki, son vaxtlar dostu bir az əsəbi olub. Bütün varlığı ilə səmimiyyətinə inanırdı. Özü isə elə bütünlüklə başdan-ayağa səmimiyyət idi onla münasibətində. Ah bu soyuq yellər!!!
Xətrinə dəyəcək nəsnələr axtarırdı. Hansı ki, bilmədən xətrinə dəyib bəlkə. Bir neçə dəfə sən mənə inanmırsan demişdi. Cavabı da incik-incik elə deyil, düz demirsən olmuşdu dostunun.
Düzü heç özü də əvvəlkitək maraqlanmırdı. Bir az biganə idi, hər halda biganə deyildisə də…. İstəmirdi, istəmirdi qətiyən ona acı yaşatmaq. Qadağalar da tərbiq etmişdi. Məni mübağiləli təşbeh, istiarə atəşinə tutma demişdi. Metoforalardan çələng hörmə, təkrir çələngindən tac düzəltmə demişdi.
Görünür elə hərəsindən bir az dostunu soyudub uzaqlaşdıran səbəblər öz işini görürdü. Hər halda bir az da kişi qüruru bu soyuqluqda rol alırdı.
Zənglər kəsilmiş, son görüşlərindən aydan artıq vaxt keçmişdir. Müəllifi olduğu kitabın təqdimatı ilə bağlı hər detalı ona danışmış, cavabında sadəcə uğurlu olsun eşitmişdir.

Heç gözləmədiyi adamlar tribunaya qalxıb elə isti sözlər deyirdi ki…. Natavan klubu belə izdihamlı mərasimə çoxdandır şahidlik etmirdi. Hər tərəf tanınmış insanlar, yaxınlar, doğmalar idi. Gülümsəyir, ona xoş münasibətini bildirənlərə minnətdarlıq edir, səmimi təbriklərdən məmnun qalırdı. Soyuq qış günündə bu qədər həraratli sözlər qəlbini isitsə də, əslində bunca insanların içində gözü başqa insan axtarırdı.
Gəlmədi, bu qədər ola bilməzdi. Hətta dar macalda ürəyindən peşmançılıq hissi də keçdi. Ona əziz olan əsərinə adın qoyulmasını belə məsləhət etdiyinə təəssüfləndi. Yox bir gərək kəpənək tutan qoyaydım ironiyasını da keçirdi ağlının ucundan.

Bütün zalı könül oxşayan musiq bürüdü. Mirza Babayevin əvəzsiz ifası
Sorağını gül-çiçəkdən alınca.., alınca mən…
Hamı qeyri-ixtiyari cevrilib təəccüblə baxırdı. Bütün zal boyu rəngbərəng kəpənəklər uçurdu.
Hamı ayaq üstə bu mənzərəni alqışlayır, göz yaşlarını saxlaya bilməyən, müəllif isə zalın qapısında dayanan dostuna baxırdı.
O baxışlarda hər şey vardı.
Niyə gecikdin? Bu yazıq kəpənəkləri soyuqdan öldürməkdir qəsdin?
Harda itib-batmışdın?

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top