Weather Data Source: havadurumuuzun.com

Əlilliyi olan gənclər üçün peşəkar inkişafda bərabər imkanlar yaradılıb

Əlilliyi olan gənclər üçün peşəkar inkişafda bərabər imkanlar yaradılıb

“Öndə Gənclər” İctimai Birliyi (Öndə) İnCamp-İnklüziv Kamp layihəsini icra etməkdədir. Layihəni Avropa Gənclər Fondu ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi maliyyələşdirir. Əsas məqsəd Azərbaycanda gənclərlə iş sahəsində inklüzivliyin və bərabər imkanların inkişafını gücləndirməkdir.

Təlim mərhələsi Şəki Olimpiya İdman Kompleksində təşkil edilib. Öyrənmə prosesi Avropa dəyərlərinə əsaslanan sessiyalarla başlayıb. Gənclər qeyri-formal təhsil elementlərinə əsaslanan, inklüziv və insanmərkəzli layihələrin necə hazırlanmasını öyrənib. Bu dəyərlər gənclərə həm layihə, həm də peşəkar həyatlarında hamı üçün bərabər imkanlar yaratmağa istiqamət verəcək. Daha sonra gənclər problemlərin analizi, planlaşdırma, komanda ilə işləmək və digər iş bacarıqları üzərində təcrübə qazanıblar.

Layihədə 18–29 yaş aralığında olan 30 gənc iştirak edir. Onların 13-ü qadın, 17-si kişidir. İştirakçılar Bakı, Şabran, Mingəçevir, Şəmkir, Zaqatala, Sumqayıt və Ağdaş olmaqla 7 regionu təmsil edirlər. Seçim zamanı regional və gender müxtəlifliyinə, eləcə də fiziki və sosial baxımdan müxtəlif təcrübələrə diqqət yetirilib.

Qrupda təkərli oturacaq istifadəçiləri, görmə məhdudiyyəti olan şəxslər, nitq pozuntusu, hərəkət məhdudiyyəti və sosial baxımdan həssas qruplardan olan gənclər də yer alır. Bu cür tərkib layihəni ölkədə nadir və inklüziv formatlardan birinə çevirir.
Təlimləri Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə və Aydan Ağayeva aparır. Onlar Gənclər və İdman Nazirliyi ilə Avropa Şurasının TRAYAZE proqramının məzunlarıdır və gənclərlə iş sahəsində ixtisaslaşıblar.

Növbəti mərhələdə iştirakçılar Hakaton formatında öz layihə fikirlərini hazırlayacaqlar. Bu mərhələ onların real problemlər üzərində işləmə və praktiki bacarıqlarını təcrübə imkanı yaradacaq. Layihədən sonra gənclərə mentorluq və texniki dəstək imkanları da təqdim ediləcək.

Əlavə məlumat üçün Öndənin rəsmi @ondegencler Instagram səhifəsini izləyə bilərsiniz.

Top