ŞUŞANIN İQTİSADİ XƏBƏRLƏRİ
Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Şuşa şəhərinin dirçəldilməsinin Qarabağın sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti böyükdür – Açıqlama
12.05.2023 [15:52]
A+ A-
Bakı, 12 may, AZƏRTAC
Böyük Qarabağ Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərin inkişaf etdirilməsində, konseptual yanaşmaların formalaşmasında və dövlət siyasətinin təkmilləşdirilməsində Şuşa şəhərinin dirçəldilməsi impulsları həlledici rol oynayıb.
Ölkə Prezidentinin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunmuş və Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilmiş, dünyanın hər yerindən Şuşaya məşhur insanlar, turistlər, siyasi xadimlər, görkəmli şəxslər, ilk növbədə qardaş respublika və dövlətlərdən, başda Türkiyə olmaqla türkdilli ölkələrdən çoxlu sayda qonaqlar Şuşa şəhərinin qədim abidələri, görkəmli yerlərini ziyarət etmiş və burada həyata keçirilən dirçəliş prosesləri ilə yerindəcə tanış olmuşdular.
Bu barədə AZƏRTAC-a açıqlamasında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əliyev deyib.
Bildirib ki, hazırda Şuşa əslində böyük bir tikinti meydançasını xatırladır, burda yüzlərlə abidənin, görkəmli yerlərin, mədəniyyət və digər baxımdan xüsusi əhəmiyyət kəsb edən binaların bərpası və yenidən qurulması prosesləri gedir. Şuşada infrastruktur yaradılır, sosial infrastruktur şəbəkəsi formalaşdırılır. Şəhərdə həm də turizm-rekreasiya imkanlarını özündə ehtiva edən iri sanatoriyanın təməli qoyulub. Digər tərəfdən Şuşada sosial sahələrin formalaşdırılması, sosial-iqtisadi inkişaf impulslarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması, kommunal xidmət sahələrinin inkişaf etdirilməsi və xidmət sektorunun genişləndirilməsi istiqamətində önəmli addımlar atılmaqdadır. Təbii ki, şəhər ilk növbədə sabit elektrik enerjisi və içməli su ilə təmin olunub.