Weather Data Source: havadurumuuzun.com

Gənclər  peşəkar inkişafı üçün bərabər imkanlar yaradılır

Gənclər  peşəkar inkişafı üçün bərabər imkanlar yaradılır

“Öndə Gənclər” (Öndə) İctimai Birliyi layihə təklifinin hazırlanması mövzusunda olan “İnklüziv Kamp” layihəsinin icrasına başladı. “İnCamp” layihəsi Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Gənclər üçün elan olunan “İdeyanı reallaşdır” müsabiqələrinin qalibləri arasında əlilliyi olan şəxslərin olmaması, bu məsələyə diqqət yetirilməsini zəruri etmişdir. Bu məqamı nəzərə alaraq, İnCamp layihəsi, əlilliyi olan gənclərin layihə təklifi hazırlama bacarıqlarının inkişafını hədəfləmiş və uzunmüddətli nəticə olaraq gənclər layihələrində inklüziv və bərabər imkanların artırılmasını təmin etməyi məqsəd qoymuşdur.

Layihənin təlim mərhələsi 22-28 dekabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində 7 günlük düşərgə formatında keçiriləcək. “İnCamp”-da əlilliyi olan şəxslər daxil 18-27 yaşlı 30 gənc iştirak edərək, 40 akademik saatlıq peşəkar təlimlərdən faydalanacaqdır.

Layihənin təlimçiləri Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə və Aydan Ağayeva Avropa Şurası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin uzunmüddətli təlim (TRAYAZE) proqramını uğurla bitirmiş mütəxəssislərdir.

Təlim proqramında iştirakçılar beynəlxalq PMP yanaşmasını, Məntiqi Çərçivə alətini və layihələrin effektiv idarə edilməsinə dair digər bilikləri mənimsəyəcəklər. Proqram nəzəriyyə ilə təcrübəni birləşdirərək iştirakçıların öz ideyalarını universal dizaynda layihələrə çevirməsinə şərait yaradacaqdır. Düşərgədən sonra, 3 günlük Hakaton zamanı iştirakçıların hazırladığı layihələr təqdim edilərək qiymətləndiriləcəkdir.

Layihə haqqında ətraflı məlumat və yenilikləri izləmək üçün Öndə Gənclər İctimai Birliyinin rəsmi Instaqram səhifəsinə (@ondegencler) baxa bilərsiniz.

Top