Təranə ARİFQIZI – Ağdam!
OYAN ŞƏHƏRİM, OYAN
***
Daş evlər…daşlaşan evlər,
yanan divarlar, yalan divarlar…
dedilər, Qafqazın Xirosiması,
ruhlar şəhəri…
günahsız ahlar şəhəri…
iyirmi yeddi ildir
boğazına tıxanıb qəhəri…
gülüşünə toz səpilib,
yarasına duz səpilib…
bu şəhərdə,
teatr divarları arasında
əsrin faciəsi oynanılıb.
Baş rolda iblisin özü və övladları,
xain, barbar, vəhşi dabanyalayan,
dünyanın ən iyrənc adları…
Xatirələr xəncərlə doğranıb,
Toplarla anılıb…
Hər binanın , hər divarın yeri qalıb,
Talan olub, soyulub,
Bir sümük, bir dəri qalıb…
Dərindən nəfəs almağa
Ürəyinin pəri qalıb…
Yiyəsi diri, özü ölü şəhərim…
onu sevən ürəklərin
sevgisiylə dolu şəhərim…
***
Otuz illik həsrətdən
özünü asan şəhər.
Oyan, nəfəsin gəlib,
Daş olub, susan şəhər…
Qoynunda uyutduğun
Şahların diriləcək.
Sənsiz nəfəs almayan
Ruhların diriləcək.
Qəlbini əsir edib,
Şux qəddini əyiblər.
Daşın düşmən başına,
Xatirinə dəyiblər.
Bəzəksiz otaqların
Yenidən bəzənəcək.
Xan qızı Nətavanın
Türbəsi diriləcək.
Qədirin,Səxavətin
Ruhu göydə süzəcək.
“Sona bülbüllər”min
Cəh-cəhi diriləcək.
Şahmarın misrasında
Tənlər bütöv oyanır.
Kərpic-kərpic ovulan
Ürəyində od yanır.
Sübh azanı niyyətim,
Üzü göyə duamsan.
Bəxtinə ag gün doğan
Ağ çiçəkli Ağdamsan!
Azadlığın mübarək! –
Etdi Sərkərdəm bəyan!
Hər ürəkdən səs gəlir,
Oyan, şəhərim, oyan!
21.11.2020.
Müəllif: TƏRANƏ ARİFQIZI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru