Təranə Arifqızının poeziyası haqqında
ŞEİR OLMAQ İSTƏYİ
Sözün də rəngarəng duyğu çalarlarına bələnib öz havasını yaratmaq, bu havanın sirli-sehrli mənzərəsində şeir olmaq istəyinə misra-misra, bənd-bənd qovuşmaq və yaşam vermək qüdrəti var. Sözün çiçək dilli baharından xəzəl güllü payızınacan yaratdığı poetik tablolar elə təbiət hadisələri kimi möcüzələrlə dolu olur.
Havası özündən baslanıb özündə qurtaran yollar kimi sonsuz olan təlatümlü şair ürəyi fikir yükündə dolub-daşan kövrək çırpıntıların duyğu-duyğu şeir düzənini yaradır.
Bu düzən kövrək görüşlərin, uzun-uzun ayrılıqların, həzin qəribliyin, ömürdən xəzəl-xəzəl uçub gedən illərin sapsarı xatirələr məcmusudur, ömür pəncərəsini döyəcləyən yağış damlalarının poetik qoxusudur.
Təranə Arifqızının da özünəməxsus poeziya havası var, şair öz içini sözün baharıyla doldura bilir, sonra öz baharından süzülüb gələn havanın poetikasını yaradır. Bu havada nələr yoxdu,- “sözün içində doğulan noyabr günəşi”, “buz tutmuş qaranlıqlar”, “cənub istisində şimal qışı”, “gedənlərin gəlişinə anaların gözlərindən axıb gedən gülüşlər”, “yaralı daşların sarğıları, dörd divarın harayı”, “ağ olsun deyə gecəni ağartmaq, gündüzün isə üzünə qara çəkmək”, daha nələr, nələr. Bütün bu fikir düzümünün başında şairin şeir olmaq istəyi mövcuddur:
Şeir olmaq istəyirəm,
Ağdam kimi, Şuşa kimi.
Qırx dörd gündə bir körpənin
Böyüdüyü yaşa kimi.
Qürur hissi ilə qeyd edim ki, “Qırx dörd gün” ifadəsi dünyanın döyüş tarixinə qızıl hərflərlə yazılan bir ifadədir və bu ifadəni yazan və yazdıran oğullarımızın qarşısında baş əyirik. Ədəbiyyatımızın da əbədi və ədəbi obrazına çevrilən bu döyüş Təranə Aifqızının yaradıcılığında mühüm yer tutur. Şair bu kitabında yer alan bir çox şeirində Ağdam kimi, Şuşa kimi, Suqovuşan, Xudafərin, İsa bulağı, Cıdır düzü, Xarı bülbül kimi şeir olmaq istəyir.
Vətən mövzusu, Vətənə həsr edilən şeirlərin uğurlu şair ömründən keçən ana xəttdir. Bu xəttin üstündə sətirlənən ana yurdun gözəllikləri, şairin ruhunu yerindən oynadan gürşad bulaqlar, şaqraq nəğməli şəlalələr, füsunkar yamacların tül örpəyi, dən-dən sünbüllənən dalğalı zəmilər, xəyalların yel qanadındakı uçuşuna heyrətamiz baxışlar, xatirələrə sarınan kövrəklik, xiffətli torpaq duyğuları poeziya işığında daha da böyüyür, öz poetik məcrasını tapır.
Dövrümüzün bu günki Zəfər havasını poeziya aləmində, fikir məkanında daha da rövnəqləndirmək, sözün oxucu bazarında bədii çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz ürək çırpıntılarının daimi qonağı edə bilmək hər şairə nəsib olmur. Ölməz oğullarımızın ölümsüzlük obrazını yarada bilmək üçün gərək bu misrslardan keçə biləsən:
Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq,
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Təranə Aifqızının nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edə bilmək, dolğun və bədii çalarlarla zənginləşdirərək misralara düzmək qabiliyyəti onun uğurlu ədəbi taleyindən xəbər verir. Bu məziyyətlər Təranə Aifqızının şeirlərində bir az da dəyər tapır, genişlənir və Azərbaycan adlı məmləkətin bütün ərazilərindən keçən rəngarəng mənzərəyə çevrilir. Şair bu bədii rəngarəngliyin adını çox düzgün seçib: “Payızın zəfər rəngi”.
Şairin yaratdığı payızın zəfər rəngi çox şaxəlidir, mövzular rəngarəng və düşüncələr səmimidir. Şeirlər oxunaqlı olmaqla bərabər oxucuda təlatümlü ovqat yaradır.
Dağ altından sızır Şapur bulağı,
Su üzündə gülür quzuqulağı,
Ayağıma sığal çəkir alağı,
Möcüzə danışır dilim, a dağlar.
Bu yerlərin bənzərsiz təbiətindən tutmuş zəhmətkeş insanlarınadək bütöv bir Vətəni vəsf edən şairin ilhamı Haçadağın havası kimi saf, Batabatın suyu kimi dumdurudur.
Dolana-dolana qalxdım yaylağa,
Bir dərəyə baxdım, bir də oylağa,
Ətək saldı yanğım buz Zorbulağa,
Göynədi dişlərim, deyim, Batabat.
“İçindəki ağrıyla sükütu yandıran və tüstüsü gözündən çıxan, eyni zamanda baxışı buza dönən” şairin poetik dilinin rəvanlığı, bu rəvanlığın içindəki şipşirin dialektin dadlı-duzlu tamı oxucunu sehrləyir. Bu sehrin qədim söz eli olan Naxçıvandan qaynaqlanan mənbəyi ər-ərənlərin cəngində, dədə-babaların sazlı-sözlü dünyasında qərar tutmaqla yanaşı bənd-bənd, sətir-sətir bütün Azərbaycanı dolaşır, öz poetik izlərini söz-sənət məkanına əbədi həkk etməyə çalışır:
Mən yolu tutub getdim,
Sənsə mənim izimi.
Mən səni qırıb getdim,
Sənsə mənim dizimi.
Günəşi saldıq tora,
Aya kələk gəldik biz.
Gah iblisin özüydük,
Gah da mələk gəldik biz.
Şairin bu şeirini oxuyanda göz önündə “ürəkdən yıxılan” və “daş kimi ovcunda sıxılan” duyğulu anların qərib və pərişan halı canlanır, ”bu isti havanın əlindən tutub sərin sevgiləri yola salmaq” istəyirsən və hər kəsin bu dünyada qərib yolçu olduğunu duyunca yenə də öz könül dünyanla baş-başa qalırsan.
Hər kəs bu dünyada qərib yolçudu,
Doğma ürəklərdə arzular qərib…
Getməyə yer yoxdu, sevməyə insan,
Sevilən də qərib, sevən də qərib…
Sözümün əvvəlinə qayıdıram. Əminliklə deyə bilərəm ki, payızın zəfər rəngini vəsf edənTəranə Arifqızının şeir olmaq istəyi çin çıxıb. “Payızın zəfər rəngi” bir şairin öz halal istedadının qanadlarıyla poeziya kəhkəşanında dövrə vurur, sözü sükutlu, sükutu sözlü olan şeiriyyət tufanından keçib haysız-küysüz, məzmunlu və dupduru sənət peyzajı yaradıb. Şair söz payızından boylanan tablolarındakı təxəyyülünü kövrək duyğuların saf havasında göyüm-göyüm göyərdə bilib.
Mən Təranə Arifqızının poeziyasındakı payızın zəfər rəngləri ilə doğmalaşa bildiyim üçün məmnunam, mənə yaşada bildiyi sözün ölməz havasına görə ona minnətdaram.
Müəllif: Ramiz Qusarçaylı
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru