Elçin Məhərrəmin povesti
KAKTUSLAR MƏCƏLLƏSİ 64
(povestdən bir hissə)
Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu. Zala həm şimal-cənub həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.
-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək… Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm…
Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.
-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kompaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.
Pamfletdən bir hissə :
Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər.Artıq bəsdi.
Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .
Ölüm Haqdan , Kəfən Məmməcəfərbəydən…
-Düz 7 nəfər mənim yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar.
Təəssüf,bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi.
Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.
Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.
Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra
Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.
-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim bilirsiniz ki,bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq.Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır… İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.
“Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“
Bunu mən demirəm Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14- ayəsi.
Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm.Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə.
Deməli yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı.Bunlar kök inəklər kimi heç otlamadılar da.Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi “Qorxma mən sənə kömək edəcəm”.
-Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı,sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz.Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız.Xəstəlik,ağrılar,sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.
Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi :
-Qorxma İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.
“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.Bu onlar üçün dünyada rüsvayçılıqdır.Axirətdə isə onları böyük bir əzab gözləyir”
Sonra ətrafına,dostlarına,iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.
Unutma İzabella düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi – dedi və bir anda gəldiyi kimi də getdi.
Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa başladı ( tüpürməyə )
-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200 nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi. – Lama İzabella nitqini bitirdi.
Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı.Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.
Alətlər bunlar idi :
- Otellonun qılıncı ;
- Balta ;
- Ov bıçağı ;
- Lermantovun tapançası ;
- Veronal adlı yuxu dərmanı ;
- Obsidiyandan düzəldilmiş əl çapacağı ;
- Mauser C96 tapançası .
Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım.
Müəllif: Elçin Məhərrəm
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru