SÜLEYMAN ABDULLANIN YENİ ŞEİRLƏRİ
İSTİ ŞEİR
Günün-günortanın tonqal vaxtıydı,
Çox çətin alırdı nəfəs adamlar.
Yaşamaq istəyi yox idi sanki,
Etmirdi heç nəyə həvəs adamlar.
Ən uca nöqtədə günəşdi gülər,
Qızarıb saçırdı od qövsi-quzeh.
Susub puçur-puçur tər tökürdülər,
Nə külək əsirdi, nə var idi meh.
Ərşə çəkilmişdi uçan, uçmayan,
Bəlkə yer üzündə nə var bişmişdi.
Bir parça bulud da yox idi, Tanrım,
Elə bil istidən göy ərimişdi.
YAXŞILIQLARDAN
Bu həyat səni də çox yordu, dostum,
Əkdik, almadıq bar yaxşılıqlardan.
İnsan yaranandan nankordu, dostum,
Düşdü gözümüz dar yaxşılıqlardan.
Sovurduq bir ömrü boz yelə, getdi,
Fitnəyə, fəsada, ya felə getdi.
Əyyam elə gəldi, vaxt belə getdi,
Yoruldu adamlar yaxşılıqlardan…
Yoldu avamlığa, ya naqisliyə,
Kor atı köndələn çapar sisliyə.
Haraya baxırsan çıxır pisliyə,
Ya rəbb, kimə nə var yaxşılıqlardan?
GECİKMİŞ ARZU
Çatdı buludların kövrələn vaxtı,
İndi həzin-həzin əsir küləklər.
Budaqdan ayrılmış yarpaqlar üstə,
Qarışqa misalı gəzir küləklər.
Buxarı əridir çardaqda buzu,
Axan palıdı su pasıdır novun.
İsitməz canını payız günəşi,
Gecədən sabaha düşən qırovun.
Çöldə əllərini hovxurur kimsə,
Bir də sınardımı şaxı ayazın.
Birtəhər sürüşüb ömrün qışından,
Çiçək yağışına düşəsən yazın.
HEÇ NƏ
Bizə doğma idi bu dünya guya,
Atdı ömrümüzə ən yadı, heç nə.
Qəfil hədəf olduq dedi-qoduya,
Düşdü aramızda bir qadı, heç nə…
Eşqi düstur ilə ərz etdik, əfsus,
Sonra üslubları tərz etdik, əfsus,
Tərsini, düzünü fərz etdik, əfsus,
Yüz “tutaq ki…” dedik tutmadı heç nə.
Bir az ötkəm idik, bir az da qəti,
Töküldü adamın üzünün əti.
Çıxdı əlimizdən gənclik neməti,
Verməz o ləzzəti, o dadı heç nə.
Ötən ömür idi yaxşımı, pismi,
Birində ruh öldü, birində cismi…
Çoxu zaman-zaman dəyişdi ismi,
Çıxdı sonumuza bir adı heç nə…
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru